file · web viewtopal teymur dram - 5 pərdə yazılmışdır: 1925 İlk nəşri: 1926...

30
TOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi. Divan bəyi — baş vəzir. Aqbuğa — Teymurun sərdarlarından. Orxan — minbaşı. Almas — Divan bəyinin qızı, Orxanın rəfiqəsi. Əsmər bənizli, şahin baxışlı... Şair Kirmani — ”Teymurnamə” müəllifi. Olqa — rus prenseslərindən sarışın və işvəkar bir qız. Sobutay — gənc zabit. Qaraquş — təşrifatçı, çevik bir dəliqanlı. Dəmirqaya —qalın gövdəli, qalın səsli bir əsgər. İki mühib simalı, qalın yapılı növbətçi və sairə... II Yıldırım Bayazid... Meliça — Yıldırımın hərəmi. Əli paşa — sədri-əzəm. Şeyx Buxari — fazil bir zat. Cücə — qısa boylu, kiçik yapılı bir masqara. Nazim ağa — arıq, uca boylu, qara ərəb (hərəm ağası). Köylü qadın, iki masqara, şamlı qızı (rəqqasə), digər rəqqasələr, cəllad və sairə... BİRİNCİ PƏRDƏ Səmərqənddə, Əmir Teymur sarayında Şərq zövqünə uyğun süslü bir salon... Salonun içi Türküstan, İran və Hindistan məfruşatilə döşənilmiş... Dörd guşədə gümüşdən yapılmış birər qartal, ortada altun sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baxımlı və çiçəkli gözəl bir bağça nəzərləri oxşar. Olqa pəncərə önündə ətrafı seyrə dalmış görünür. Dişarıda əsgəri marş çalınır. Orxan (Gəlir. Olqanı görür-görməz arxası sıra gələn Dəmirqayaya). İştə prenses Olqa!... İştə yeni açmış Moskva çiçəyi!.. Dəmirqaya (daima laübali və qalın səslə). Tühaf şey! Heç insandan çiçəkmi olur? Moskva qızı desənə... Orxan. Ah, o, çiçəkdən də lətifdir. Dəmirqaya. Tutalım ki, lətifdir. Nəmə lazım, mən qarışmam. Orxan. Dəmirqaya! Sən bir tərəfə çəkil. Dəmirqaya. Neçin? Orxan. Çünki onunla qonuşmaq istərəm.

Upload: trandiep

Post on 31-Jan-2018

249 views

Category:

Documents


5 download

TRANSCRIPT

Page 1: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

TOPAL TEYMUR 

Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 

ƏŞXAS 

Topal Teymur... Dilşad — Teymurun hərəmi. Divan bəyi — baş vəzir. Aqbuğa — Teymurun sərdarlarından. Orxan — minbaşı. Almas — Divan bəyinin qızı, Orxanın rəfiqəsi. Əsmər bənizli, şahin baxışlı... Şair Kirmani — ”Teymurnamə” müəllifi. Olqa — rus prenseslərindən sarışın və işvəkar bir qız. Sobutay — gənc zabit. Qaraquş — təşrifatçı, çevik bir dəliqanlı. Dəmirqaya —qalın gövdəli, qalın səsli bir əsgər. İki mühib simalı, qalın yapılı növbətçi və sairə... 

II 

Yıldırım Bayazid... Meliça — Yıldırımın hərəmi. Əli paşa — sədri-əzəm. Şeyx Buxari — fazil bir zat. Cücə — qısa boylu, kiçik yapılı bir masqara. Nazim ağa — arıq, uca boylu, qara ərəb (hərəm ağası). 

Köylü qadın, iki masqara, şamlı qızı (rəqqasə), digər rəqqasələr, cəllad və sairə... 

BİRİNCİ PƏRDƏ 

Səmərqənddə, Əmir Teymur sarayında Şərq zövqünə uyğun süslü bir salon... Salonun içi Türküstan, İran və Hindistan məfruşatilə döşənilmiş... Dörd guşədə gümüşdən yapılmış birər qartal, ortada altun sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baxımlı və çiçəkli gözəl bir bağça nəzərləri oxşar. Olqa pəncərə önündə ətrafı seyrə dalmış görünür. Dişarıda əsgəri marş çalınır. 

Orxan (Gəlir. Olqanı görür-görməz arxası sıra gələn Dəmirqayaya). İştə prenses Olqa!... İştə yeni açmış Moskva çiçəyi!.. Dəmirqaya (daima laübali və qalın səslə). Tühaf şey! Heç insandan çiçəkmi olur? Moskva qızı desənə... Orxan. Ah, o, çiçəkdən də lətifdir. Dəmirqaya. Tutalım ki, lətifdir. Nəmə lazım, mən qarışmam. Orxan. Dəmirqaya! Sən bir tərəfə çəkil. Dəmirqaya. Neçin? Orxan. Çünki onunla qonuşmaq istərəm. Dəmirqaya. Yaxşı, mən sənin kölgən deyilmiyəm? Səndən necə ayrıla bilərəm? Orxan. İnsan bəzi vəqt kölgəsini deyil, özünü belə unudur. Dəmirqaya (istehzalı gülümsəyişlə). Yoxsa imdi özünü unutdunmu? Orxan. Haydı, çox söyləmə, çəkil. Dəmirqaya. Çəkil dersən, çəkilərəm. Nəmə lazım, heç qarışmam. (Çəkilir.) Orxan. Yenə gözəl Olqa nə düşünür? Olqa (Orxana doğru gəlir). Ah, Orxan, sənmisən? Orxan. Əvət, Orxan özü səninlə bərabər deyilsə də, daima qəlbi, ruhu səninlədir. Olqa. Allah eşqinə, bu əsgərlər nerəyə gedir? Bu hazırlıq neçindir əcəba? Orxan. Yeni bir müharibə varmış. Olqa. Ah, müharibə, daima müharibə!.. Əcəba nerəyə, kiminlə? 

Page 2: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Orxan. Onu yalnız Qızıl Qaplan bilir. Əvət Əmir Teymurun planını bizim kimi kiçik yaradılmışlar bilməzlər. Olqa. Halbuki, onun üzündə heç bir şiddət və həyəcan izi yox... Hər zamankı vüqar və ciddiyyəti, hər zamankı halı üstündə. Orxan. Böyük qəhrəmanlar şiddət və qəzəb zamanlarında daha mülayim və həlim görünürlər. Olqa. Orxan! Səndəmi gedəcəksən? Orxan. Əlbəttə, heç onsuz olurmu? Biz türklər çadır altında doğular, açıq səhralarda, qanlı müharibələrdə ölürüz. Olqa. Rica edirəm, yetişir, bu müharibədən, ölümdən çox söyləmə! Orxan. Müharibədə ölənlər evdə ölənlərdən sayca daha azdır. Məncə mübarizəsiz bir ömür, ömür deyil... Biz türklərə qürur və nəşə verən bir şey varsa, o da müharibə, o da qalibiyyətdir. Unutma ki, sən özün də fəth və zəfər səhralarında bulunmuş bir çiçəksən. Olqa. Ah, sən məni Moskvadan buraya neçin gətirdin, neçin?! Teymur sarayında həbs etmək içinmi? Orxan. Xeyr, sən burada məhbus deyilsən, bəlkə şahzadə xanımlar qədər hörmət və izzətə maliksən. Daha doğrusu, böyük xaqanın möhtəşəm sarayını bəzəyən ən parlaq bir yıldızsan. Olqa (ətrafa). Ah, mərhəmətsiz... (Orxana) Demək məni yalnız buraxıb da gedəcəksən, öyləmi? Orxan. Nə olar? Başqa qadınlar necə, sən də öylə... Olqa (ətrafa). Ah, duyğusuz!.. Dur, mən sənə imdi anladaram. Orxan. Çox düşünürsən, Olqa. Sənə bir şeymi oldu? Olqa. Daha nə olacaq? Sən məni düşünmürsən, sən məni sevmirsən. Orxan. Xeyr! Aldanırsan. Səni sevməmək, gözəlliyə qarşı kor olmaq deməkdir. Ah, nazlı gövərçinim! Nə qədər xırçın və sinirli imişsən. Gəl! Gəl də bu mavi göyləri andıran cazibəli gözləri, bu al şəfəqləri utandıran füsunkar dodaqları öpüm. (Qolları arasına alıb öpmək istər. Olqa geri çəkilir.) Olqa. Xeyr, istəməm. Orxan. Neçin? Olqa. Çünki könül verdiyim bir qəlbə xəyanət etmiş oluram. Orxan (heyrətlə). Könül verdiyin bir qəlbəmi? Olqa (kəskin). Əvət. Orxan (onun əlini yaxalar, sarsılmış bir halda). Söylə, o necə qəlb, o kimin qəlbi imiş? Olqa. Xeyr, söyləməm. (ətrafa) İştə bu söz onu qısqandırmaq üçün kafi... Orxan (qızğın). Söylə deyirəm sənə, o kim, mənə qarşı çıxan o cəsarətli rəqib kimdir? Olqa. Səndən daha böyük, səndən daha qəhrəman... Orxan. Adını söylə! 

Olqa. Xaqanlar xaqanı Topal Teymur... Orxan (həyəcanlı və qızğın). Olqa, Olqa!.. Moskvadakı halını nə çapuq unutdun? Düşün ki, biz Moskvaya girdiyimiz zaman hər tərəf kinli, amansız bir atəş içində yanırdı. Ordumuz qaçanları izlərkən mən qanadlarımı yalnız sənin üzərinə gəldim, yalnız səni ölümdən qurtardım, əvət. Sən o zaman məsum bir qızcığazdın. Vəqtini xoş keçirib də eyi tərbiyə alman üçün Teymur sarayına gətirdim. İştə sən böyüdükcə mənim arzularım da çiçəklənməyə başladı. Əfsus ki, bu gün bəslədiyim vüsal ümidləri yerinə, qarşıma acı bir ümidsizlik çıxır. Olqa. O da səndən, sənin vəfasızlığından. Orxan. Nasıl vəfasızlıq? Anlıyamadım. Olqa. Orxan, Orxan! Sən baş vəzirin qızı Almasa uyduqca, o qısqanc və məğrur hərəmindən ayrılmadıqca, aramazdakı sevgidən bəhs etmək yersizdir. Orxan. Neçin insaf etmirsən, o imdi anadır. Bununla bərabər Almas bizim sevgimizə əsla mane olamaz. Olqa (gülərək). Xeyr, yanılma, əzizim. O çox dəhşətli qadın... Orxan. Qadınların incə təbəssümləri dəhşətlərindən daha güclüdür. (Olqanın əlini yaxalar.) İmdi mən ona mərhəmət edirəm, fəzlə qısqanclıq edərsə, özü zərər görər. Olqa. Demək, məni daha çox sevirsən, öyləmi? Orxan. Olqa, səni sevməməkmi olar? Unutma ki, Orxan sənin əsirindir. Qaraquş (Dəmirqaya ilə bərabər pərdə arasında görünür). Ah, xain!.. (Dəmirqayaya) İştə gördünmü, get də Almas xanıma xəbər ver. Dəmirqaya. Gəl bəri, canım, nəmə lazım, mən qarışmam. 

Çəkilirlər. 

Orxan. Teymur son səfərində, Hindistana hücum edərkən Səmərqənd inzibatını gözətmək üçün məni burada buraxdı. Ehtimal ki, yenə qalıram, o zaman istədiyimiz kimi zövq və səfaya baxarız. Olqa (ətrafa baxır). İştə Topal gəlir. Yarın axşam səni çinarlı bağçada hovuz kənarında bəklərəm.Orxan. Yaxşı... (Gedir.) Olqa (yalnız). Xeyr, Orxan mənimdir. Onu kimsəyə verməm. (Azacıq tərəddüd) Ah, fəqət Elmas, baş vəzirin qızı Elmas!.. O məni çox düşündürür. 

Əli alnında məhzun bir tövr ilə düşüncəyə dalır. Bu sırada Əmir Teymur gəlir. O, ortaboylu, qəvi bünyəli,

Page 3: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

yüksək alınlı, iri başlı, rəngi ağ, üzü azcıq qanlı, omuzları geniş, barmaqları yuvarlaq, qalçaları uzun, əzəlatı qayət sağlam bir şəxsiyyətdir. Vücudunun düzgünlüyündən ayağındakı axsaqlıq bir o qədər gözə çarpmır. Səsi güclü və gurultuludur. Asya üsulu geniş və açıq ətəkli ipək kaftan (çapan) büründüyü halda baş örtüsü keçədən yapılma məxruti bir külahdan ibarətdir. Külahın təpəsində inci və sair mücövhərat ilə süslənmiş uzunca bir yaqut püskül bulunur. 

Teymur. Yenə Moskva ərməğanı, gözəl rus qızı nə düşünür? Olqa (məhzun təbəssümlə). Böylə möhtəşəm bir sarayda mənim nə düşüncəm ola bilər? Teymur. O halda üzünü saran bu kədər buludları nə demək? Mən solğun çiçəkləri heç sevməm. Daima yeni açmış güllər kimi, daima gül bənizli şəfəqlər kimi nəşəli olmanı istərəm. Əvət, söyləyəcəyin sözləri hər zamankı şətarətinlə gülərək, nazlanaraq söylə!.. Olqa. Mənim şətarətim böyük qəzəbinə səbəb olar deyə əndişə edirəm. Teymur. Yaxşı, əndişə neçin? Olqa. Çünki qəlbi hərb atəşilə alovlanan bir hökmdara qarşı gülümsünmək cəsarəti həddim deyil... Teymur. İştə çox yanlış düşüncə... Müharibə hazırlığı Teymuru qəzəbləndirməz, biləks bayram tədarükü qədər xoşhal və məmnun edər. Olqa (şux və cazibəli bir əda ilə). Lütf ediniz, əfəndim, iki aydır ki, Səmərqənd şən və şatır bir hal keçirir. Zərəfşan çayının oynaq dalğaları könüllərə nəşə sərpir və xoşahəng ninnilərilə Bingül dərəsi şənliyini alqışlayır. Fəqət nədənsə birdən-birə bu şənliklər kəsildi. İştə onunçün azcıq maraq etdim. Teymur. Nasıl, Bingül dərəsi çox xoşmu? Olqa. Ah, Bingül dərəsi başqa bir aləm... Adəta röya qədər gözəl, cənnət qədər parlaqdır. Əvət, Bingül dərəsindəki zövq və səfa məclisləri, yaşıl ovalar içində qurulmuş çadırlar, Ərəbistan və İrana məxsus sıra pərdələr görülür şeylərdən deyil... Hələ Hindistandan gəlmə canbaz və oyunçular, mizahçı və lətifəçilər, rəqqas və rəqqasələr... Bir taqım cirit oyunları. Pəhləvanların güləşməsi, yaşıl-qırmızı rənglərlə boyanmış fillərin oynadılması, hər dürlü xanəndə və sazəndə, hər çeşit yarış və əyləncə gerçəkdən insanı sərxoş edir. Hələ bu şənliyə əmir və şahzadələrin hərəmləri və bütün türk-tatar qızlarının iştirakı hər tərəfdən gələn əcnəbi səfirlərin belə nəzərini cəlb edir. Və hər kəs böyük Teymurun dəbdəbə və ehtişamını seyr etdikcə heyrətdən özünü alammır. Teymur. İştə məftunu olduğun bu mənzərələr, Səmərqənddəki möhtəşəm saraylar və ali mədrəsələr, böyük məbədlər və abidələr həp qalibiyyət əsərləri, həp fəth və zəfər tarixidir. (Təbdili-tövr ilə) Mənə bax, Olqa! Sən səyahətdən zövq alırmısan? Olqa. Şübhəsiz, səyahət insanın könlünü açan şeylərdən biridir. Teymur. O halda səni özümlə bərabər götürəcəyəm. Olqa. Nerəyə, müharibə meydanınamı? Teymur. Öylə ya! Görüləcək mənzərələrin ən gözəli hərb və qalibiyyət səhnələridir. Olqa. Əvət, Orxan da öylə söyləyir. Teymur (mənalı təbəssümlə). Ya? Orxan çox gözəl düşünür. Demək mənimlə bərabar gedərsən, deyilmi? Olqa. Böyük xaqanın arzusuna itaət və hörmət ən böyük səadətdir. Teymur. Səndəki idrak və zəkadan çox məmnun oldum. Hərəmxanəyə get, imdi hökumət adamları buraya gələcək. 

Olqa təzim edib çıxır. 

Teymur (əl çalır, Qaraquş gəlir). Qaraquş! Orxan nerdə? Qaraquş. Dəmin buradaydı. Olqa ilə görüşürdü. Teymur. Onu buraya çağır. Bir də Divan bəyi, yaxud Aqbuğa gəlirsə xəbər ver... (Gedir). Qaraquş (təzim ilə). Baş üstünə... (Çəkilmək istərkən ətrafa baxar.) İştə Almas gəlir, imdicə qəlbinə bir qıvılcım ataram. (Gələn Almasa) Əfv edərsiniz, Orxan nerdə? Almas. Mən də sənə sormaq istərəm, dəmin burada imiş... Qaraquş. Əvət, Olqa ilə bərabər idi, fəqət getdi. 

Dilşad gəlir, duymazlar. 

Almas. Nə qonuşurlardı? Qaraquş (azacıq sırıtaraq). Məlum a, eşq aləminə əğyarın qarışması eyi bir şey deyil... Almas. Nasıl eşq, nasıl eşq!?. (Ətrafa) Ah, çıldıracağam... Qaraquş. Hər halda Orxan sizin ərinizdir. Onu siz məndən daha eyi tanıyırsınız. Lakin mən yenə onda qüsur görmürəm. Bütün qəbahətlər qızda... Çünki Orxana dəli kimi sarılır. Almas (ətrafa). Ah, xain Orxan, dur, mən sənə göstərərəm. Qaraquş. O öylə bir bəla ki, beş gün sonra Əmiri də məftun edər. Dilşad. Nasıl? Əmiridəmi? Qaraquş (şaşqın bir halda kəkələr). Xeyir, xanım! Əmir... Dilşad (həyəcanlı və qızğın). Qaraquş! Qaraquş. Əfv edərsiniz... 

Page 4: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Dilşad. Düşün ki, mənə Qəmərəddin qızı Dilşad derlər. (Ətrafa) Ah, sayğısız Olqa!.. Qaraquş. İştə Əmir gəlir, mən Orxanı çağırmalıyam. Dilşad. Get! (Gedir.) Almas! Sən imdi Əmirə bir söz söyləmə. Teymur (gəlir, əyilirlər). Dilşadı çox həyəcanlı görürəm. Dilşad. Xeyr, həyəcana bir səbəb yox... Teymur. Gözlərin daha başqa mənalar anladır. Dilşad. Ətraf qəzalardan ixtiyar bir köylü gəlmiş, mənə şikayət edirdi. Çox sıxıldım da halım bir az dəyişdi. Teymur. Əcəba, köylünün şikayəti nə imiş? Dilşad. Bu ilki buğda məhsulu az olmuş, hökumətə vergi verməmiş, onunçün qəza hakimi Mamay xan zavallını qırmancla döydürmüş. Teymur (heyrət və şiddətlə). Nasıl, nasıl!?. İxtiyar köylünü qırmancla döydürmüş ha! Ah, qudurğan, şaşqın!.. O düşünmür ki, əhalini incidən bir hakim yavrusunu parçalayan bir heyvan qədər şüursuzdur. Zərər yox, yarın məsələ aydınlaşır, bu söz doğru çıxarsa, sayğısız hərifə ən şiddətli cəza verilər. (Kəskin) Əvət, qırmancı qədər nüfuz və idarəsi olmayan bir hakim hökumət naminə ən çirkin və silinməz bir ləkədir. Dilşad. Köylünün dediyinə görə əkdiyi yer təcrübədən çıxmamış bir səhra imiş, onunçün də eyicə məhsul alamamış. Teymur. Zavallı Mamay xan, zavallı!... Mən yarın onun kor gözlərini açaram. Görünür ki, o, məmləkət qanunlarını unudur. Dilşad. Halbuki, qanunca bir adam məhsulsuz bir səhranı şənləndirsə, ya bir kəhriz çıxarırsa, yaxud yeni bir bağça salıb bir viranəni abad edərsə, o şəxs birinci il büsbütün vergidən azad olur. İkinci il öz istəyilə bir şey verirsə verər, verməzsə məcbur deyil. Üçüncü il, yalnız üçüncü il qanuna müvafiq vergi verməlidir. Teymur. Xeyr, Mamay xan aldanır. O düşünmür ki, rəncbərlər sıxıldıqca dövlət xəzinəsi boşalır, xəzinə boşalınca ordunun halı pozulur. Və bu pozuqluq da məmləkətin pərişanlığına səbəb olur. Heç maraq etmə! Yarın, əvət yarın həq yerini bular. Dilşad. Əskik olmayın... (Almasa) Gedəlim. (Getmək istərlər.) Teymur. Mənə bax, Dilşad! Daha dur, sözüm bitmədi. Səni çox sarsılmış və həyəcanlı görürəm. Unutma ki, sən Teymur hərəmisən. Söylə, açıq söylə, üz-gözünü saran bu fırtınalı buludlar nədən irəli gəlir? Dilşad. Ah, bu aşiftə qız... Olqa!.. Teymur. Nə var, nə olmuş? Dilşad. Zavallı Almasa göz verir də, işıq vermir. Hər gün yeni bir sevgi, hər gün yeni bir təranə. Bilməm ki, Orxandan nə istəyir? Almas. Hətta, əvət hətta!... (Sözünü bitirəməz.) Dilşad. Ah, hər halda Olqa buradan dəf edilməli... Teymur. Heç sıxılma, Almas, səni üzən düşüncələr çox çapuq gedər. Sən Divan bəyi qızı və Orxan hərəmisən. Mən onların hər ikisini sevərəm. Hələ səndəki vüqar, səndəki vüqar və əzəmət! Almas (xəfif baş əyintisilə). Təşəkkür edirəm. Qaraquş (gəlir, əyilir). Orxan əmrü-hümayuna müntəzirdir. Teymur. Gəlsin. (Qadınlara) Siz çəkilin. (Gedirlər, Orxan gəlir, əyilir.) Orxan! Yaxın gəl... (Əlini onun omuzuna qoyur.) Sən həm qəhrəman bir cəngavərsən, həm də siyasəti çox gözəl bilirsən. Səni bir işə təyin etdim, yarın yola çıxmalısan. Orxan. İtaət borcumdur. Teymur. Osmanlı sultanı Yıldırım Bayazidə elçi göndərdik, hənuz ondan bir xəbər yox. Hər halda bizim Bursada, Yıldırım paytaxtında bir gözçümüz bulunmalı; sarayın iç və dış üzünü öyrənib hər ay bizə xəbər verməli. Divan bəyi lazım gələn vəzifəni sənə söylər. Ordumuz bir həftə sonra Misir-Şam tərəflərinə hərəkət eyləyəcək. Sən də doğru, Bursaya gedərsən. Orada özünü mənə düşmən göstərərsən, Yıldırıma məhəbbət bəslədiyin için buradan qovulduğunu söylərsən. Hətta bizimkilər də öylə bilməli... Çünki şəhrimizdə casus bulunur da tədbirimiz boşa çıxar. Orxan. Yıldırım sözlərimə inanmazsa? Teymur. Heç maraq etmə, inanar; çünki o çox məğrurdur. Məğrurlar isə həqiqəti görəməzlər. Deyirlər o, gözdən çox zəifdir, məgərsə qəlbi və düşüncəsi də kor imiş... (Kəskin) Əsla düşünmə, get, yarın üçün hazırlan, Dəmirqaya da səninlə bərabər bulunsun. Orxan. Lakin o, çox sadə adam... İşlərimə əngəl olar deyə ehtiyat edirəm. Teymur. Ehtiyat lazım deyil. O təcrübədən çıxmış sadiq bir əsgərdir. Haydı, oğlum! Vəzifə və ciddiyyət! Orxan. Böyük xaqanın əmri hər şeydən yüksəkdir. (Əyilir, çıxır.) Qaraquş (gəlir, əyilir). Divan bəyi, şair Kirmani, sərdar Aqbuğa hüzura izn istəyirlər. Teymur. Buyursunlar. (Qaraquş gəldiyi tərəfə ehtiramkar bir işarət edər. Hər üçü gəlir, əyilirlər, Teymur nəvazişkar bir tövr ilə.) Divan bəyinin əhvalı? Divan bəyi. Təşəkkür edirəm. Teymur. Şair Kirmani nasıl? Şair. Əskik olmayın. Teymur. Ordumuzun qəhrəman sərdarı Aqbuğa nə halda? Aqbuğa. Aqbuğa hər an yılmaz ordu ilə bərabər sarsılmaz xaqanın əmrini bəklər. Teymur. Çox gözəl, oturun. (Otururlar). Aylarca Büngül dərəsində böyük şənliklər yapdıq, epeycə zövq və səfaya daldıq, bir qədər də müharibə şənliyi yapsaq eyi olmazmı? 

Page 5: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Aqbuğa. Məncə müharibə meydanı düyün dərnəklərindən, eyşi-nuş məclislərindən daha xoş, daha ruhaşinadır. Teymur. Buna sən nə dersən, şair? Bu gün gözümə çox nəşəli görünürsən. Şair (laübali və yarımsərxoş bir qəhqəhəylə). Şənlik... o da şənlik, bu da şənlik... Qovğa ... Qovğa... o da qovğa, bu da qovğa... Yalnız, əvət yalnız arada bir fərq var ki, siz cəngavərlər insan qanına hərissiniz, biz şairlər gülgün şərabə... Onda vəhşət və dəhşət var, bunda zövq və şətarət. Sizin hərb nərələriniz ürəkləri qoparır, insanları parçaladır, anaları ağladır. Şairlərin eyş-nuş təranələri isə kinləri, kədərləri öldürür. Üzləri, könülləri güldürür. Siz insan qafalarını qırarkən, biz də o qafalardan yapılma qədəhləri bir-birinə vururuz. Siz hərb və dəhşət qalibi, biz eşq və məhəbbət məğlubu. Fəqət bizim bu məğlubiyyətimiz o qalibiyyətdən daha üstündür. Teymur. Bəxtiyar şair! Səni sərməst edən dadlı xəyal, yalnız xoş bir təsəllidir. Bununla bərabər sən çox böyüksən, əvət, sənin kimi dəyərli simaların qədr və qiyməti anlaşılsaydı, mənim kimi topallar soldakı sıfır qədər mənasız qalardı. Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. Əfsus ki, insan adını daşıyan ikiayaqlı həşərat çox qaba və səfil bir şey... İştə bu qaba və miskin həşəratı uslandırmaq üçün, onların pas tutmuş kirli vicdanlarını yumaq üçün yalnız Teymur qılıncı lazım... Əvət, sevgili şair! İnsanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar. (Aqbuğaya) Demək, ordu tamamilə hərbə hazır, öyləmi? Aqbuğa. Əvət, həpsi bir fərd kimi əmrə müntəzirdir. Teymur. İştə kafi... Şair. İmdi nerəyə, əcəba? Teymur. Misir və Şam üzərinə. Şair. Fəqət bu siyasəti əsla düşünəmirəm. Teymur. Sən “Teymurnamə” müəllifi ikən mənim siyasətimə yabançı görünmək tühaf deyilmi ya? (Həyəcanlı) Ah, Savə!... Fazil Şeyx Savənin qətli nə çapuq unuduldu? Mən onu Ərəbistana elçi göndərdim. Misir hökmdarı alçaqcasına öldürtdü. Əcəba, elçi də öldürülərmi? Xeyr, xeyr, Şeyx Savənin qanı yerdə qalmaz. Şair. Fəqət azcıq istirahət də lazım. (Teymurun taxtı önünə sərilmiş qaplan dərisini göstərir.) İştə Hindistanda Qanq nəhri kənarında ovladığın qaplanların dərisi hənuz qurumamış, Sultan Mahmud ölkəsində axıtdığın qanların izi hənuz torpaqdan silinməmiş... Teymur. Mən məğrurları əzmək üçün yaradılmış bir allah bəlasıyam. Tökdüyüm qanlar da yalnız haq və ədalət naminədir. 

Şair. Açıq söyləmək lazım gəlirsə, mən qan tökülməkdə heç bir haq və ədalət görmürəm. Teymur (məğrur təbəssümlə). Əvət, haqlısan, çünki... şairsən. Aqbuğa. Şairlər də mənəvi həkimlərdir. Qan axıtmaqdansa, yara bağlamağı daha xoş görürlər. Teymur. Baxalım Divan bəyi nə deyir? Divan bəyi. Mənə qalırsa, xeyir və şər ekizdir. Məhəbbətlə ədavət bir-birinə bağlıdır. Lüzumundan fəzlə məhəbbət nifrət doğurduğu kimi, həddən aşırı qan tökülməkdə də bir fəzilət yox. Teymur. Divan bəyi daha başqa düşünür, o daha etidalçı. Fəqət unutmamalı ki, hər səciyyə və şəxsiyyət birər qanun deməkdir. İştə bu gün şəxsiyyətim mənə nə əmr edərsə, onu yapmaqdan çəkinmərəm. Bunula bərabər mən imdiyə qədər qurultaysız, şurasız bir şey yapmadım, çünki şurasız bir məmləkət cahil bir şəxsə bənzər ki, tutduğu işlər, söylədiyi sözlər həp nədamət və fəlakət doğurur. Mən daima həkim və aqil şəxsləri dinlədim, böyük sərdarlar ilə müşavirə yapdım. Yalnız hərb ilə mübarizəni deyil, sülh mənafeyini də düşündüm. Əvət, mən bu nəhayətsiz ölkələri gah tədbir və siyasətlə, gah sülh və məhəbbətlə, gah təhdid və şiddətlə, gah əfv və mülayimətlə idarə etmək istərəm. Mən hər işdə səbat və istiqaməti sevdiyim kimi tədbir və ehtiyatdan da xoşlanır, lazım gəlirsə, bəzən düşmənlərimə qarşı səbr və təhəmmül göstərirəm, bəzən də qafil və cahil görünməkdən zövq alıram. Divan bəyi. Baxalım şura nə qərarə gəlir. Teymur. Əminəm ki, Ərəbistan səfərinə kimsə etiraz etməz. Çünki Bingül dərəsində dövlət kişilərindən çox-çoxunu dinlədim. Hər kəs mənim fikrimə iştirak edir. Bu xüsusda tərəddüd göstərən varsa, o da yalnız şair Kirmani ilə sənsən. Şübhəsiz ki, iki gün sonra siz də əksəriyyətə tabe olursunuz. Qaraquş (gəlir, əyilir). Sobutay hüzura izn istəyir. Teymur. Hankı Sobutay? Qaraquş (Aqbuğaya işarətlə). Böyük sərdarın kiçik qardaşı, Yıldırım Bayazidə göndərilən elçi... Teymur. Gəlsin, baxalım nə cavab gətirmiş. (Qaraquş kənara işarət edər. Sobutay gəlir, əyilir.) Xoş gəldin, oğlum, nasılsın? Sobutay. Böyük xaqanın kölgəsi əskik olmasın. Teymur. Osmanlı sultanından nə xəbər? Sobutay. İştə göndərdiyi cavab. (Məktubu təqdim edər.) Teymur (məktubu Divan bəyiyə verir, elçiyə). Məktubu Divan bəyi oxur, söylə, baxalım qəhrəman Sobutay! Sən nə gördün, sən nə eşitdin? Sobutay. Yıldırım daima eyş-işrət düşgünü... Götürdüyüm məktuba qarşı acı qəhqəhələrlə güldü; həm də son dərəcə saymazlıq, soyuqluq göstərdi. Teymur. Demək, mənim düşmənim Qaraqoyunlu əmiri Qara Yusifi yenə himayə etmək istəyir, öyləmi? Sobutay. Yalnız Qara Yusifi himayə etmir, hətta Bağdad sultanı Əhməd Cəlayiri də ittihada cəlb etmiş, həm

Page 6: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

də bizim əleyhimizə... Teymur (acı qəhqəhəylə). Demək düşmənlərimiz ilə itilaf yapır, bizi heçə saymaq istəyir, öyləmi? (Başını məktubdan qaldıran Divan bəyiyə) Yaxşı, nə yazır? Divan bəyi. Təkrarə nə hacət?! İştə Sobutayın söylədiyi kimi: saymazlıq və soyuqluq... Başqa laf yox. Teymur (kinli). Saymazlıq və soyuqluq... Nə gülünc həqarət! (Hiddətlə yerindən qalxar.) Ah, saymazlıq və soyuqluq... Nə böyük cəsarət!.. Mən ondan qardaşca məhəbbət bəklərkən iştə aldığım cavab! Qara Yusiflə Əhməd Cəlayir məni gözəl tanıyırlar, fəqət Yıldırım!.. Yıldırım isə şərab düşgünü... Zərər yox, o da ayıldıqdan sonra tanıyar. Mən İrana ayaq basdım, ən böyük cəngavərlər qarşımda durmayıb Mazandaran çaqqalları kimi ormanlara qaçdılar. Moskvaya hücum etdim, rus knyazları qorxudan şimal ayıları kimi ürküşüb dağılmağa başladılar. Hindistana yürüdüm. Sultan Mahmud ordusu Qanq nəhri kənarındakı qaplanlar kimi oxlarıma şikar olub diz çökdülər. Əvət, bir gün gələr ki, məğrur Yıldırım da paytaxtı Bursada Topal Teymuru qarşılar və o zaman... iştə o zaman sərxoşluğun nəticəsini və mənim kim olduğumu həqqilə anlar. 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 

Gözəl bir köşk... Ortada fəvvarəli bir hovuz, hovuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr... Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları nəzərləri oxşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəşə sərpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvat, bir tağım dəftər və kitablar bulunur. Şair Kirmani yasdığa yaslanaraq yazı ilə məşğul görünür. Olqa əlində böyük bir gül dəməti gəlir. Arxa tərəfdən qədəh içərisinə bir gül buraxıb geri çəkilir. 

Şair (başını qaldırır, dolu qədəhi alıb içmək istərkən heyrətlə). Əcəba, bu gül nerdən? (Ətrafa baxar, Olqanı görüncə qələmi buraxır.) Ah, nə böyük səadət!.. (Ahəngi-məxsus ilə) Badə, gül, bir də gül bənizli mələk!.. (Yerindən qalxıb sandaliyəyə oturur.) Olqa. Sizi rahatsız etdim, deyilmi? Şair. Biləks, şairləri rahatsız və müztərib edən bir şey varsa, o da gözəllərdən uzaq bulunmaqdır.Olqa (əlindəki dəməti təqdim ilə). İştə bu gülləri yalnız şair üçün topladım. Şair (alır). O halda şair son dərəcə bəxtiyardır. (Olqaya işarətlə) Müsaidənizlə bu qədəhi təbiətin ən canlı şeri şərəfinə içmək istərəm. (İçər). Olqa. Nuş olsun! Bu dəftərlər nə? Yoxsa yeni bir ilhammı var? Şair. Xeyr, “Teymurnamə” yazıram. Olqa. Çox gözəl. Böyük xaqanın tarixini yazmaq şərəfi hər kəsə nəsib olmaz. Şair. Halbuki, eşq və gözəllik tarixi yazan şairlər daha yüksəkdir. Olqa (gedəcək olur). Müsaidənizlə... Şair. Gedirmisiniz? Olqa. Əvət. Şair. Nədənsə bu gün sizi çox düşüncəli görürəm. Səbəbini sora bilərmiyəm? Olqa. Səbəbi böyük bir həqsizlik. Şair. Nasıl həqsizlik!? Olqa. Allah eşqinə, söyləyin, Orxan gerçəkdənmi Yıldırım mühibbi? Sizcə o Teymura xəyanət edərmi? Şair. Heç ümid etməm. Olqa. İştə Orxanın xəyanəti hər ağızda söylənir. Ah, nə qədər böyük bir iftira, nə qədər fəna yanlış... Aman, əfəndim, Teymur sizə qarşı böyük hörmət bəslər. Lütfən Orxanı müdafiə ediniz. Şair. Heç təlaş etməyin, əlimdən gəldiyi qədər çalışaram. Olqa. Əskik olmayınız. (Xəfif baş əyintisilə çəkilir.) Şair. İzzət və şərəflə... (Ətrafa) Bəxtiyar Orxan! Səadət pərisi üzərində qanad salır da əsla xəbəri yox. (Qədəhi şərabla doldurur. Bu sırada Teymurla Divan bəyi gəlir.) Teymur. Yenəmi şərab, möhtərəm şair? Yenəmi şərab? Şair. Böyük cahangirin qanlı müharibələri ancaq qanlı şərabla yazıla bilər. Teymur. Kinayəmi, yenə kinayəmi? Əylənmək istədiyin cahangirin qəzəbi səni qorxutmayırmı? Şair (laübali və dadlı təbəssümlə). Hökmdarların hiddət və qəzəbi böyük bir məmləkəti alt-üst edər, fəqət kiçik bir şairi qorxudamaz. Əvət, mən yalnız gözəllərin itab və sərzənişlərindən mütəəssir oluram. Məncə, işvəkar bir qaşın çatılması parlaq bir qılıncın çəkilməsindən daha mənalı, daha kəskndir. Teymur. Sən çox içirsən, halbuki, məmləkət qanunu və türk adəti bunu şiddətlə mən edir. Şair. Şairlər isə, adət və qanun çərçivəsini qırıb parçalamaqdan daha çox zövq alırlar. Teymur (məmnun qəhqəhəylə). İştə səni mənə sevdirən də bu rindanə xislət, bu qürur və əzəmətdir. Divan bəyi. Şair Kirmani böyük ruhşünasdır. O çox gözəl bilir ki, Teymur hökumətləri yıxar, məməkətləri yaxar, ən məğrur hökmdarları əzər, ən şücaətli qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fazil şəxslərə qarşı da o nisbətdə hörmət və məhəbbət bəslər. İştə Səmərqəndin evləri, müsafirxanələri deyil, şəhər ətrafındakı köşklər və bağçalar belə uzaqdan gələn fənn və sənayei-nəfisə ərbabına kafi gəlmir.

Page 7: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Yalnız Şərq dövlətləri deyil, hətta Qərb hökumətləri də elçi və ticarət nümayəndələri göndərməkdən geri durmurlar. Teymur. Tüccar və sənətkarlara daha çox sühulət və hörmət göstərməli. Çünki cahan ancaq ticarət və sənaət sayəsində rifah bulur. Divan bəyi. Əvət, dün İspaniya səfiri də bu nöqtəni qeyd edirdi və böyük xaqanın fəzilət və məharətlərini saydıqca dili ağzına sığmırdı. Teymur. Avropalıların dilləri başqa, ürəkləri daha başqadır. Hər halda, məmləkətimiz aslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmənlərimiz görsünlər ki, türk övladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaşatmaqdan da zövq alır. Yalnız yaxıb-yıxmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız heç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir addım, gələcək üçün bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər üçün birər nümunə olmalı. Əvət, biz təməl daşı atırız. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir. Divan bəyi (yazılan dəftərə baxaraq). Əcəba, şair imdi hankı vəqəni qələmə alır? Şair. İştə son səfərlər... Türküstan ordusunun Kişmir səhrasındakı müvəffəqiyyətləri və sarsılmaz xaqanın Hindistanı fəth etməsi... Teymur. Ümidvaram, bu gün-yarın Misir və Şam zəfərlərimiz də yazdığın tarixin əlavələri sırasına keçər. Məğrur Yıldırım inadında davam edərsə, o da tariximizə yeni bir fəsil artırmış olar. Divan bəyi. Fəqət mən biləks, Yıldırım məsələsinə əsla tərəfdar olmaq istəməm. Çünki hər ikiniz Turan aləminin birər qütbüsünüz. Bu iki qütb bir-birilə çarpışarsa, ortada fəlakətli bir uçurum açılmış olar. Və bu nifaqdan istifadə edərək ətrafı saran əcnəbi dövlətlər türk dünyasına saldırmağa fürsət bular. Bir də ordumuz bütün cahanı saracaq deyil a... Alınan ölkələri həqqilə idarə etsək, daha böyük müvəffəqiyyətdir. Teymur (məğrur qəhqəhəylə). Allah bir olduğu kimi, padşah da bir olmalı, şan və şöhrət izləyən bir hökmdar qarşısında cahan... nədir? Almas (müztərib addımlarla gəlir). Böyük xaqan! Sənə şikayətim var. Teymur. Kimdən? Almas. Ədalətdən dəm vuran Teymurdan. Teymur. Neçin, yavrum, Teymur bir xətamı işləmiş? Almas. Əvət! Teymurun xətası özü qədər böyükdür. Teymur. Nə imiş əcəba? Almas. Sən qəhrəman bir mücahidi məhv edirsən. Divan bəyi (Almasın qolundan tutaraq). Şaşırdınmı, qızım, nə söyləyirsən? Teymur. Söylə, Almas, heç çəkinmə, o qəhrəman kimdir? Almas. Məni söylətməkmi istəyirsiniz? Əcəba, Orxan nə yapmış ki, Səmərqənddən sürgün edilir. Teymur. O asılmalıydı, yalnız sənin ərin olduğu üçün sürgünə qərar verildi. Almas (həyəcanlı). Neçin, ah, neçin? Teymur. Çünki hökumətə xaindir. Yıldırıma qarşı məhəbbət bəsləyirmiş... Almas. Yalan, iftira!.. Divan bəyi. Almas! Teymur (Almasa). Mən qürur və cəsarəti çox sevərəm, hər halda, hörmətə layiqsən. Almas. Xeyr, mən heç bir nəvaziş istəməm. Yalnız ədalət istərəm, ədalət! Şair (acı təbəssümlə, ətrafa). Məsum bir maral yırtıcı qaplandan ədalət umur. (Teymura) Əfəndim, Almas bəyimə mərhəmət ediniz. Orxan xain olammaz. Teymur. Siyasət başqa, mərhəmət daha başqa bir şeydir. Siyasətdə mərhəmət yox! Əvət, Orxan sürgün edilməli. Almas. Ya mən! Ya qucağımdakı yavrucığaz nə olur? Ah, qəlbiniz daşdanmı yapılmış? Divan bəyi (qolundan tutaraq). Qızım, sus! Teymur (kəskin). Orxan asılmalıdır. Almas (çılğınca). O halda məni də asdır, məni də... (Bihal olurcasına Divan bəyiyə sarılır.) Ah, babacığım!.. Divan bəyi. Üzülmə, yavrum, Əmir əfv edər. Dilşad (gəlir. Mənzərəni görüncə, heyrətlə). Almas! Bu nə hal? Ah, səni çox müztərib görürəm. Almas (məyus). Xeyr, heç bir şey yox... Teymur. Dilşad! Almas təsəlliyə möhtacdır. Almas. Təsəllilərin ən gözəli ölümdür. 

Qaraquş sürətlə gəlir, əyilir. 

Teymur. Nə xəbər? Qaraquş. Sərdar Aqbuğa orduya rəsm-keçid yapdırır. Bütün əyan, əşraf hazır. Əcnəbi elçi və nümayəndələri də təşrifinizə müntəzirdir. 

Teymur (Divan bəyi ilə şair Kirmaniyə). Əvət, gedəlim, beş dəqiqə bulunsaq, kafi. Şair. Qaraquş! Bunları topla, kitabxanama götür. 

Page 8: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Qaraquş kitab və dəftərləri toplar, onları izlər. 

Dilşad. Almas! Çocuqmu oldun, neçin özünü üzürsən? Almas. Ah, Orxan məhv olur, ona xain denilir. Dilşad. Xeyr, o xain deyil. Ona heç bir şey olmaz. Burada yalnız anlaşılmaz bir səbəb var. Almas. İştə bu anlaşılmaz səbəblər məni qəhr edir. Dilşad. İnan, burada bir sirr var. Mən Teymuru eyi tanıyıram, o böylə qaranlıq bilməcələrdən çox xoşlanır. Sən Orxandan əmin ol və əsla düşünmə!.. Almas (ona sarılaraq). Ah, nəcib ruhlu Dilşad! Mən yalnız sənə inanıram. 

Bu sırada “Yaşasın Teymur! Yaşasın Teymur!” deyə Teymur uzaqlaşdığı tərəfdən gurultu və alqış sədaları eşidilir. Olqa qarşıdakı evdən çıxır, Dilşada doğru gəlir. Almas onu görüncə sarsılır, sinirli bir tövr ilə. 

İştə!.. İştə bütün fəlakətlərə səbəb bu aşüftə prenses, bu xain afətdir. Dilşad. Almas! Onu burax. Almas. Rica edirəm məni qınama. Ah, keçən gün Qaraquşun söylədiklərini unutdunmu? (Olqaya yaxlaşır, çılğınca.) Mənə bax, Olqa! Sən bizdən nə istəyirsən? Artıq yetişir, dəf ol! Türküstan ovalarında, Səmərqənd bağçalarında yabancılara yer yox... Eşidirmisən? (Daha kinli.) Ah, mən bu sayğısız fitnəni öz əlimlə boğmaq istəyirəm. (Boğazına sarılmaq istər.) Dilşad (mane olur). Almas, düşün ki, bu hal Əmirin sönməmiş qəzəbini daha ziyadə alovlandırar. Almas. Alovlandırsın, kimsədən qorxum yox... Olqa. Rica edirəm, Almas, məni təhqir etmə! Mən də sənin kimi əsil bir ailəyə mənsubam. Həm də buraya öz ixtiyarımla gəlmədim, sevgili ərin gətirdi. Bu sözləri mənə söyləməkdənsə, ona və Əmir Teymura söylə. Almas. Ah, sən getdikcə azğınlaşırsan. (Sinirli və qızğın) Xeyr, mən kimsəyə söz söyləməm. Sən Teymurun da, Orxanın da əqlini çalmışsan. Mən sənə özüm cəza verərəm, özüm... Eşitdinmi? Ah, sərsəri məxluq! Dilşad. Almas! Artıq yetişir, gedəlim. (Qolundan tutub götürür.) Olqa (yalnız). Gedərəm, əvət, gedərəm, fəqət ürəyində sağalmaz bir yara açıb da öylə gedərəm. 

(Sinirli addımlarla köşkə doğru yürür. Bu sırada Orxan qarşısına çıxır.) 

Orxan. Olqa! Olqa. Ah!.. Orxan. Nə oldun, səni qorxutdummu? Olqa. Xeyr, qorxutmadın. Sən məni öldürdün, məni məhv etdin... Orxan. Olqa! Nə demək istəyirsən? Olqa. Ah, Almas məni rüsvay etdi, o məni rəzil etdi. Orxan. Fəqət neçün? Olqa. Səni sevdiyim üçün... 

Dilşad ağaclar arasında görünür. 

Orxan. Olqa! Mən imdi Səmərqəndi tərk edirəm. İstərsən hazırlan bərabər gedəlim. Olqa. Xeyr, istəməm. Orxan. Neçin? Olqa. Çünki sən də məhv olarsan, mən də... Orxan. Teymurdanmı ehtiyat edirsən? Olqa. Ah, əvət. Orxan. Təlaş istəməz, sən məni dinlə; Gürcüstandan gətirdiyim ağ əlbisəni geyərsən, kim görürsə erkək zənn edər. Daha durma. İmdi gələrəm, bərabər çıxarız. Dilşad (ətrafa). İştə ən gözəl fürsət! (Çəkilir.) Olqa (mütərəddid). Ah, Teymurun qəzəbi məni bərk qorxudur. 

Yenə kənardan gurultu və alqış sədaları eşidilir. 

Orxan. Heç maraq etmə, qiyafətini dəyişdir də, ötəsi qolay... Dəmirqaya (gəlir). Əmir təşrif edir. Orxan (Olqanın qulağına). Daha durma, çapuq ol. Olqa (müztərib). Ah, Orxan! Orxan. Haydı, çəkil... Bəkləyirəm. (Olqa çəkilir. Dəmirqayaya) Dəmirqaya! Yol hazırlığı nasıl? Dəmirqaya (alnının tərini silərək). Hər şey yolunda... Bu saat çıxa biləriz. Orxan. Gündüz çox sıcaq. Məncə, mehtablı gecədə səfər etmək daha xoş. Çünki hava bir qədər sərinləmiş olar. Dəmirqaya. Nasıl istərsən öylə yaparız. 

Page 9: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Orxan (yola baxır). Haydı, sən azcıq kənarda dur. Dəmirqaya. Dur dersin duraram, nəmə lazım... (Çəkilir). 

Teymurla Divan bəyi gəlir. 

Teymur. Oğlum, sən buradamısan, işlər nə halda? Orxan (təzim ilə). Bir az sonra çıxmaq istəyirəm. Teymur. Saqın xəbərlər gecikməsin. Para lazım olduqca bildir və Yıldırım ölkəsinin hər tərəfində casuslar bulundur. Haydı, eyi yol, uğurlar olsun! Orxan. Hər xüsusda əmin olunuz. (Təzim ilə çəkilir.) Divan bəyi. Sağlıqla, oğlum, Almas üçün maraq etmə! Teymur (Divan bəyinə). Yıldırıma bir məktub daha yaz, yarın Sobutay götürsün. Fəqət onun məktubu nə qədər qaba isə, bizimki də bir o qədər nəzakətli olsun. Divan bəyi. Mən də öylə düşünürəm. (Yola baxar) İştə Sobutay özü də gəlir. 

Şair Kirmani, Aqbuğa və Sobutay gəlir, əyilirlər. 

Teymur. Qəhrəman Sobutay! Yarın bir məktub daha götürməlisən. Qoy Yıldırım anlasın ki, biz hər şeydən əvvəl barışıq və məhəbbət tərəfdarıyız. Sobutay. Xeyr, o çox məğrur, çox inadçı adam. Teymur. Bizim borcumuz itmam höcətdir. İnad edərsə, özü zərər görər. İmdi get, hazırlan, yarın həm məktubu, həm də lazım gələn təlimatı Divan bəyidən alarsan. Sobutay (təzim ilə). İtaət, xaqanım! (Gedir.) Teymur (Aqbuğaya). Cəsur Aqbuğa! Ordudan çox məmnun oldum. Biz də bir neçə gün sonra Misirə doğru hərəkətə başlarız. Oğullarımızdan Pir Məhəmməd Mirza Hindistanı, Şahrux Mirza Xarəzm Türküstanı, Miranşah isə Azərbaycan və Gürcüstanı idarə edər. Digər sərdarlar da hökumətimizə tabe olan başqa ölkələrə baxar. 

Sandaliyəyə otururlar. 

Qaraquş (gəlir, əyilir). Azərbaycandan, oğlunuz Miranşahdan Divan bəyiyə məktub. Teymur. Yaxşı, özünə ver. 

Məktubu verir, çıxır. Divan bəyi açar oxur. 

Aqbuğa (şairə). Bu məktubda bir sirr var. Şair. Şübhəsiz. Teymur (ətrafa). Xeyr, bu məktub uğurlu bir şeyə bənzəmir. Kim bilir, yenə nə uğursuzluq var. Divan bəyi. Məktubun məalını ərz etməyə müsaidə buyurulurmu? Teymur. Söylə! Divan bəyi. Yenə üsyan!.. Yenə azərbaycanlılar oğlunuz Miranşaha qarşı üsyan etmişlər. Teymur. Səbəb!? Divan bəyi. Səbəb Miranşahın gevşəkliyi... idarəsizliyi. Teymur (qızğınca). Ah, Miranşah, Miranşah! Əvət, onda azcıq tədbir və siyasət bulunsaydı, kimsə izndən çıxmazdı. Orasını idarə edəcək sağlam və düşüncəli bir baş lazım. Heyhat ki, Miranşah kimi şaşqınlar o düşüncədən çox uzaqdırlar. Şair. Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir sərvət ocağıdır. Lakin əfsus, minlərcə əfsus ki, Miranşahlar oyuncağıdır. Divan bəyi. Məncə Azərbaycan xalqı yabançılara kölgə olmaqdan çox zövq alır və xarici təsirə daha çapuq qapılırlar. Teymur. Yaxşı, burada xarici təsir nə ola bilər? Divan bəyi. Bir taqım qara qüvvələr... Teymur. Məsəla, nə kimi? Divan bəyi. Qaraqoyunlu əmiri Qara Yusif kimi... 

Teymur. Nədən bəlli? Divan bəyi. Məktubda örtülü işarətlər var. Ətrafdan gələn bəzi casuslar orada Teymur nüfuzunu qırmağa çalışır və xalqı Yıldırım dostu Qara Yusif tərəfinə çəkmək istəyirmiş. Hətta bu da kafi deyilmiş kimi Qara Yusif çətələri Türküstan ilə Ərəbistan arasındakı karvanların gediş-gəlişinə və ticarət işinə əngəllər çıxarırmış... 

Teymur hiddətlə yerindən qalxır, yanındakılar da ona tabe olur. 

Teymur. Ah, öyləmi, öyləmi!? Heç zərər yox, biz səfər üstündəyiz. Er-gec həpsinin halı sorular, hər kəs öz azğınlığına görə cəza bular. Xeyr, Qara Yusifdə bir tülkü qədər cəsarət yox. Şübhəsiz ki, o həp Yıldırıma

Page 10: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

güvəndiyi üçün bu fitnələri qaldırır. (Divan bəyiyə) İkinci məktubu gecikdirmə. Hər halda Yıldırım onu bizə təslim etməli. (Qızğın) ah, Yıldırım! Yıldırım! Mən səninlə xoş keçinmək istərkən, sən çaqqalları, tülküləri mənim üzərimə saldırırsan. Yox, mən hər sərsəriyə qarşı əyləncə olamam. Qara Yusif təslim edilməlidir, təslim! Yoxsa ikinci məktubunda da saymazlıq və soyuqluq göstərərsə, o halda Yıldırımın özüylə hesablaşmalıyam. (Bir-iki addım yürür, təkrar dönər: kəskin və atəşli) Əvət, Topal Teymuru saymayanlar öz əllərilə özlərinə məzar qazmış olurlar. (Gedir, onunla bərabər səhnədəkilər də çəkilir. Havanın işığı bir qədər azalır.) Dilşad (Almasla bərabər gəlir. Onun omuzunu oxşayacaq). Almas! Sən uslu və düşüncəli bir qadınsan. Fəqət çox gənc, çox sinirlisən. İnan ki, çox sürməz yenə Orxanı Bingül dərəsində zövqü səfa məclislərində görərsən. Almas. Ah, bu gediş nə üçünmüş? Yalnız onu bilsəydim. Dilşad. Xeyr, sən onu heç bilmə! Hökumət sirrini bilənlər, yaxud bilib də açanlar Teymurun qəzəbindən əsla qurtulamazlar. Almas. Orxan ləkələnməsin də, mən hər şeyə razıyam. Dilşad. Heç maraq etmə, sən Orxanı məndən istə! Almas (ona sarılaraq). Ah, nə qədər alicənab və böyük ruhlusunuz. Orxan (gəlir. Dilşada qarşı əyilir). Manemi oldum? Dilşad. Xeyr. Orxan. Almas! Ümid edirəm ki, mənim bu səfərimdən sıxılmazsan, Orxan xain deyil... Almas. Xeyr, artıq sıxılmam. Nəcib Dilşadın iki sözü mənim iztirablarımı susdurdu. Orxan (Dilşada işarətlə, ehtiramkar). O, daima pərəstişə layiq bir fəzilət heykəlidir. Dilşad. Almas da, sən də mənim gözümdə qardaş qədər əzizsiniz. Hər ikisi (əyilir). Təşəkkür edəriz. Dilşad. Saqın, çox gecikmə. (Mənalı təbəssümlə) Həm də səndən bir şey istəriz. Orxan. Nə arzu buyurulur? Dilşad. Almas yalnızdır. Könlünü ona buraxıb da öylə getməlisən. Orxan. Onun əksini düşünsəniz, Orxanı təhqir etmiş olursunuz. Dilşad (ətrafa). Nə yaldızlı yalan. (Orxana) Baxalım, təcrübə həqiqətlərin həqiqətidir. Orxan. Hər halda, vücud ayrılığı könül ayrılığı demək deyildir. Artıq mənə müsaidə... Dilşad. Yalnız Almas üçünmü gəldin, mini-mini oğlunu görməyəcəkmisən? Orxan. Heç onsuz olurmu? Buyurun gedəlim. Dilşad. Gerçəkdən, çox sevimli çocuq. Mənim də görəcəyim gəldi. 

Gedərlər. Gün batar, ay işığı ətrafı sarmağa başlar. 

Dəmirqaya (gəlir; onların uzaqlaşdığını görüncə). Yahu, bu Orxan da heç yol adamı deyil, sanki Alması heç görməmiş. (Dışarı çıxıb da təkrar içəri girən Olqanı görür, heyrətlə) O kim? Nə gözəl də geyinmiş. Sanki gürcü knyazıdır, kim bilir, bəlkə Gürcüstandan Teymura yeni müsafir gəlmiş. Nəmə lazım, kim olursa-olsun, mən qarışmam. Orxan (çapuq geri dönər). Dəmirqaya! Dəmirqaya. Buyur. Orxan. Burada erkək qiyafətində bir dəliqanlı görmədinmi? Dəmirqaya. Əcayib şey! Dəliqanlı qadın qiyafətində olmaz a!... Təbii erkək qiyafətində olur. Orxan. Nə isə şaşırdım. Gürcü qiyafətli bir şəxs görmədinmi? Dəmirqaya. Əvət, imdi buradan çıxdı. Orxan. Atlar hazırmı? Dəmirqaya. Əlbəttə, hazır. Orxan. Haydı sən get, mən də gəlirəm. Dəmirqaya. Yaxşı. (Bir-iki addım yürür, ətrafa) Görünür, yenə Alması bəkləyir. (Omuzlarını ataraq) Bəkləsin, nəmə lazım. (Gedir.) Olqa (çıxır). Orxan! Getmiyəlimmi? Orxan. Əvət, gedəlim. (Mütərəddid bir düşüncədən sonra onun əlini yaxalar.) Mənə bax, Olqa! Sən qal... İstərsən qal... Olqa. Peşimanmı oldun? Orxan. Xeyr. Olqa. Yaxşı, bu tərəddüd neçin? Orxan. Çünki yol çox uzaq, həm də təhlükəsiz deyil... Olqa. Xeyr, mən nə yoldan qorxuram, nə də sənin düşündüyün təhlükələrdən. Artıq qərar verdim, gecdi. Parça-parça doğrasalar da, geri dönməm. 

Dilşad ağaclar arasında görünür. 

Orxan. O halda gedəlim. Olqa. Ah, əvət, gedəlim. 

Page 11: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Sürətli addımlarla uzaqlaşırlar. 

Dilşad (məğrur və məmnun). Zavallı Olqa! Öz əlinlə özünü fəlakət uçurumlarına yuvarladın, iştə mənim aradığım da bu idi. (Şiddət və həyəcan ilə) Əvət get, get də, dəf ol! Fəqət heyhat, çox sürməz ki, dadlı arzuların gözündə qalar. Qoca Teymurun dəmir pəncəsi köksünü didər, hiylə və xəyanətlə çarpan qəlbini Türküstan qartallarına yedirər. 

PƏRDƏ 

ÜÇÜNCÜ PƏRDƏ 

Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf şamlarla donatılmış... Bir guşədə çini saxsıda... hənuz açmamış hərdəmbahar gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Ucaboylu hərəm ağası qara ərəb Nazim əllərini köksündə çarpaz edərək düşünüb durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara - Cücə Əmir Teymur qiyafətində daxil olur. Səssiz addımlarla arxa tərəfdən hərəm ağasına yaxlaşır. Ayaqlarını yerə vuraraq hoppanar, ta ənsəsinə (peysərinə) dadlı bir sillə eşq edər. 

Nazim (diksinir, qızar, Cücəni yaxalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə! Cücə (qaçar, bir guşədə istehzalı qəhqəhələrlə hoplanaraq). Əfv edərsən, Nazim ağa! Mən Cücə, sən qara qurbağa... Nazim (daima sözləri ərəb şivəsinə uyğun bir tərzdə çəkərək, qızğın bir tövr ilə). Allah, allah! Sən artıq hədyan edirsən. Cücə. Rica edirəm ağzını pozma! Qarşındakı Cücə deyil, bəlkə cahangir bir xaqandır. Nazim. İstər xaqan ol, istər şeytan. Ancaq həddini aşma, anladınmı? Cücə (sırıtaraq). Bağışla, Nazim ağa, azacıq sapıtdım. Nazim. Allah, allah! Bir boyuna bax da, utan, adəta mətbəx dovşanlarına bənzəyirsən. Cücə. Əfəndimiz həzrətləri də tam mənasilə kəlisa nərdivəni... Qamətinə qurban olum, bir az da uzansan allahdan xəbər gətirəcəksən. Nazim. Allah, allah! Sən nə zəvzək hərifsən, heç Məhəmməd ümməti də kəlisa nərdivəninə bənzədilirmi? Cücə. Bağışla, bilmədim. Sən müsəlman bir ərəbsən, minarəyə daha çox bənzərsən; çünki başının boşluğu, boyunun ucalığı, qəlbinin əyriliyi minarədən seçilməz. Nazim. Allah, allah! Sən kafir oldun, dinə sataşdın. Cücə (eyni ahənglə). Vallah-billah, ey ərəb qardaş, sən də çox şaşdın. Nazim. Vay, sərsəm hərif, vay, dur bir səni yaxalayım. (Yaxalamaq istər.) Cücə (qaçıb bir tərəfdə durur, qəhqəhəylə). O sənin işin deyil, çünki səni yaradırkən tanrı əqlini boyunun üstünə qoymuş. Əvət, sən əqli topuğunda bir qazsan, qaz... Nazim. Sən nəsən, sən? Çox bildiyindən yastılaşıb qalmış bir tülküyə bənzəyirsən. Cücə (sırıtaraq). Bağışla, daha səninlə zarafat etməm. Ver əlini, barışalım. (Yaxlaşıb əlini uzadır.) Nazim. İstəməm, rədd ol! (Ətrafa baxır, təlaş ilə) Ah, iştə Sultan əfəndimizlə hərəmi Meliça!.. Cücə (baxar, istehzalı gülüşlə). Əvət, Serb kralının həmşirəsilə itaətli qulu Yıldırım Bayazid! Nazim (şaşqın və qızğın). Allah, allah! Heç Sultan əfəndimizə qul denirmi? Halbuki o, yer üzündə zilli-allah sayılır. Cücə. Əvət, sənin kimi uzunqulaqların bərəkətindən... 

İstehzalı qəhqəhələrlə çəkilir. Nazim arxasınca heyrətlə baxıb durur. Bu halda Yıldırımla Meliça gəlir. Nazim əyilir. 

Meliça. Aman, əfəndim, yenə nə olmuş? Çox rahatsız görünürsən. Yıldırım. Bu gün yemək yeyirkən fəzlə şərab içdim də qafam bir dağ qədər ağırlaşmış... Meliça. Başdakı şərab ağrısını yenə şərab çıxarır. (Ərəbə) Nazim ağa! Bir az şərab gətir. Hanya, Serbistandan mənim adıma göndərilmiş şərablardan olsun. Yıldırım. Bir də sədri-əzəm paşa gəlmişsə, xəbər ver! Nazim. Baş üstünə. (Əyilir, çıxır.) Yıldırım. Mən Serbistan şərabını çox sevərim, çünki səni bəsləyən abü hava ona da başqa bir lətafət vermiş. Meliça. Serbistan mənə ana qucağı isə, Yıldırım məmləkəti də məşuq ağuşu qədər munis və ruhaşinadır. Yıldırım. Sevgili Meliça! Sözlərin də vücudun kimi lətif və zərifdir. Nazim (gəlir). Sədri-əzəm Əli paşa hazır. Əmri-hümayuna müntəzir. Yıldırım. Söylə, buyursunlar. (Nazim çıxır.) Əli paşa gerçəkdən dəyərli bir zat. Həm dindar bir hökumət adamı, həm də bir ailə əzası kimi saraya məhrəm və bizimlə həmpiyalə... Meliça. Əvət, o çox eyi adam. Ona qarşı bir qardaş kimi hörmət bəslərəm. 

Page 12: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Əli paşa (gəlir, nəşəli bir tövr ilə təmənna edərək). Salam və ərzi-ehtiram! Yıldırım. Əleyküm səlam! Buyurun, baxalım neçin gecikdiniz? Əli paşa. Topal Teymurun dünkü məktubuna cavab yazırdım. Yıldırım. Nasıl yazdınız? Əli paşa. Əmr etdiyiniz kimi. Əvvəlki məktubumuza nisbətlə daha soyuq, daha qızğın. (Qoltuq cibindən çıxarır, təqdim edir.) Mütaliəsi arzu buyurulursa, iştə! Yıldırım (məktubu açır, aşırı dərəcədə gözlərinə yaxlaşdırır). Əvət, çox gözəl. Əli paşa (ətrafa). Hərif gerçəkdən kor. Az qalır ki, məktubu gözlərinə yapışdırsın. (Yıldırıma) İnsaf eyi bir şeydir, əfəndim, gör bizdən kimi istəyir. Heç Qaraqoyunlu əmiri kimi xeyirxah bir şəxs ona təslim edilərmi? Halbuki, Qara Yusif, yaxud Sultan Əhməd Cəlayir bizim ən yaxın dostlarımızdır. Meliça (heyrətlə). Aman, ya rəbbi! Bu Teymur da çox azğın hərif. Yıldırım (mütaliəyə davam ilə). Zərər yox, nə qədər azğınlaşırsa, o qədər ağır cavablar alır. Meliça (ətrafa). Zavallı Yıldırım! Kor olduğunu bütün cahana elan edəcək. (Yıldırıma) Aman, əfəndim, gözlərinizi mənasız şeylərə yormayınız. Yıldırım. (Əli paşaya). Çox xoşuma getdi, əvət, Teymura layiq bir cavab. 

Bu sırada Nazim digər bir xidmətçiylə bərabər üzəri şərab, məzə və gül dəməti ilə süslü bir masa gətirir. Xidmətçi çıxır. 

Əli paşa. Rica edirəm Teymuru buraxınız, bunları buraya neçin gətirdilər? Yıldırım. Təbii, içilmək üçün. Əli paşa (qədəhləri doldurur, Meliçaya). Müsaidənizlə, yarım sərxoş isəm də, şövkətli Sultanımın ən sevgili hərəmi şərəfinə bir qədəh içmək istərəm. Var olsun Meliça həzrətləri! 

İçərlər. 

Meliça. Doğrusu, səmimiyyət və nəzakətiniz məni heyran edir. Yıldırım. Əvət, Əli paşa əmsalsız bir vücuddur. (Əli paşaya) İşrət xüsusunda sevgili Meliça mənə ilk rəhbər isə, sən də ikinci müəllimsən. Nə yapalım, şərab dinimizcə günah isə də, amma nəşəli bir günahdır. Əli paşa. Məncə, ibadət də lazım, işrət də. Tövbə qapısı daima açıqdır. (Təkrar qədəhləri doldurur.) Meliça. Siz diplomatlar şərabı da şəriətlə uydurub öylə içərsiniz. Mənə qalırsa şərabda heç bir günah yox, baxüsus Serbistan şərabı olursa. Əli paşa (nəşəli və mənalı bir tövr ilə). Əvət, baxüsus Serbistan şərabı olarsa. (Qədəhi qaldırır) Yaşasın şanlı Yıldırım Bayazid!.. Yıldırım. Var ol, paşa həzrətləri! 

(İçirlər. Meliça bir udum içər, qədəh dolu qalır). 

Əli paşa. Hanya, bizim Cücə nerdə? O hər axşam məşhur bir hökmdar qiyafətində çıxardı. Yıldırım. Nazim ağa! Cücə nerdə? Nazim. Bu saat. (Əyilir, çıxır). Yıldırım. Gəlsin, baxalım, nə oyun çıxarır. Əli paşa. Mən istərdim ki, İspaniya kralı Üçüncü Henrix qiyafətində gəlsin, çünki o, Teymura qarşı çox yaltaqlıq edir. Hətta elçilər göndərir, onunla ticarət müahidələri yapır. Yıldırım. Zənnimcə, Teymurun özünü yamsılarsa, daha xoş, daha məqbul... 

Cücə özünü izləyən iki masqara qiyafətli arxadaşilə bərabər Teymur qiyafətində daxil olur. Ağır və komikcə addımlarla axsayaraq onlara doğru irəlilər və bir heykəl kimi qarşılarında dikilib durur. 

Meliça (gülməkdən özünü alamıyaraq, heyrətlə). Ah, qorxdum, nə əcayib şey! Əcəba bu kim, bu nə qiyafətdir? Yıldırım. Dur, özünə soralım. Əli paşa. Topal Cücə? Sən kimsən və nəçisən? Cücə (məğrur və əzəmətli). Mənə xaqanlar xaqanı, Turağay oğlu Teymur derlər. Mən Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə nəşvü nüma buldum. Babam Barlas qəbiləsinin hökmranı, özüm Gürgan nəslinin baş qəhrəmanı... (Yanındakı masqaralarda sürəkli qəhqəhələr...) Yıldırım (istehzalı təbəssümlə). Eşq olsun, eşq olsun! Cücə. Mən on iki yaşında ikən özümdə bir fərasət və böyüklük duymağa başladım. Mənimlə görüşənləri ciddi bir vüqar və hörmətlə qəbul edərdim. On səkkiz yaşımda minicilik və ovçuluğa həvəs etdim. Vəqtimin çoxunu Quran oxumaqda, şahmat oynamaqda və at oynatmaqda keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyn Kürd ilə savaşdım. İlyas Xocaya qoşdum, vəzirilə pozuşdum. Oradan uzaqlaşdım, türkmənlərə əsir düşdüm. Sonra bir çox arxadaşla buluşdum. Blucistanla vuruşdum. Gah qalib gəldim, gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə böylə axsaq qaldım. (Axsayaraq yürür, kəskin bir ahənglə) Əvət, mənəm yaralı aslan, mənəm Topal Qaplan. 

Page 13: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Yanındakı masqaralar istehzalı, narın və sürəkli qəhqəhələrlə gülür. 

Nazim (heyrətlə, sözləri çəkərək, ətrafa). Allah, allah!.. Meliça. Aman, nə gözəl natiq!.. Əli paşa. Əvət, dəhşət, dəhşət! Yıldırım. Sonra nə oldu? Söylə, baxalım, sonra? Cücə. Sonra cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən qovdum, Səmərqəndə girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümü keçirdim. Bəlx şəhrinə vardım, Əmir Hüseynin işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir elan olundum. Qəmərəddinlə çarpışıb qalib gəldim; qızı Dilşad ağayı aldım. Xarəzmə girdim, qələlərini devirdim. Azərbaycan qucağıma atıldı, Kürdüstan təslim olaraq qurtuldu, Ermənistan və Gürcüstan xəracgüzarım oldu. Qaraqoyunlular üsyan etdi, ayaq altında əzildi. Şah Mənsur tüğyan etdi, bir anda başı kəsildi. (Son dərəcə məğrur.) Əvət mənəm cahangir dahi!.. Mənəm hərb allahı!.. 

Masqaralarda istehzalı qəhqəhələr. 

Nazim (şaşqın, ətrafa). Allah, allah! Yıldırım. Əvət, iştə Cücə bir dahi! Əli paşa. Daha doğrusu, dahi bir Cücə. Yıldırım. Sonra ... Daha sonra? Cücə. Mən dövlətimi təhəmmül və mürüvvətlə idarə etdim. Xəlqi ümid ilə qorxu arasında tutdum. Bir çox nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər və töhmətlər eşitdim. Fəqət məni tənqid edən azğın, qəlbi kor cahillərə əhəmiyyət belə vermədim. Yalnız çalışdım, təşəbbüs və fəaliyyətimlə hər kəsi susdurmağa müvəffəq oldum. Hər işdə vətəndaşlarımla müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanıma uğratmadım. Daima məiyyətimdə əsalət və nəcabət, əqil və kəyasət aradım. Daima ordu və rəiyyətin əhvalını eyiləşdirməyə çalışdım. Yıldırım. Ya bu tökdüyün qanlara, bu qopardığın tufanlara nə məna verəlim? Cücə. Mən həq və ədalət nümayəndəsiyəm. Əgər bir məmləkətdə zülm və istibdad güclənirsə, kənardan baxıb duramam. Xəlqin əmniyyəti üçün zülmün kökünü qazmaq və o məmləkəti uslandırmaq istərəm. İştə, buna görədir ki, Xorasana girdim, bütün İranı devirdim. Moskva tərəflərini sardım, Hindistana vardım. Əvət, mənəm böyük Teymur... Mənəm sarsılmaz imperator!.. 

Masqaralarda istehzalı qəhqəhələr... 

Nazim (ətrafa). Allah, allah! Əli paşa. Dəhşət, dəhşət! Meliça (qalxır). Artıq mən gedirəm. Yıldırım. Neçin? Cücənin sözləri səni qorxutdumu? Meliça. Xeyr! Lakin bu masqaralıqlardan içimə fənalıq gəlir. Saydıqları yalan olsa belə, acı və tikənlidir. Yıldırım (Cücəyə). Haydı, rədd ol, həmin bu biçimsiz qiyafətini də dəyişdir. 

Cücə və arxadaşları məclisi tərk edirlər. 

Əli paşa. Aman, əfəndim! Cücə bu axşam dəhşətdir, dəhşət! Meliça (oturur). Burax, dəf olsun, insanın sinirlərinə toxunur. Yıldırım. Yaxşı, imdi nə istərsiniz? Əli paşa. Müsaidə edilirsə, Şamdan gələn ərəb qızını, gözəl rəqqasəni seyr edəlim. Meliça. Mən də eşitdim, hənuz görmədim. Yıldırım. Nazim ağa! Şamlı qızı... Nazim. Hazır! (Əyilir, çıxır). Əli paşa. Çox mədh edirlər. Ərəblərin rəqsləri də iqlimləri kimi atəşlidir. Yıldırım. Əvət, gerçəkdən çox atəşli. Meliça (istehzalı təbəssümlə). Saqın, Paşa həzrətlərini yaxmasın! Doğrusu, çox şaşırır. Sarayda serb və macar, rum və bolqar rəqqasələri dururkən, bir də şamlı qızına nə ehtiyac vardı? Yıldırım. Sənət və gözəllik hər kəsin öz zövqilə ölçülür. Saray rəqqasələri başqa, şamlı qızı isə daha başqadır. Əli paşa. Əvət, könül nəyi sevərsə, o gözəldir. (Ərəb musiqisilə ərəb rəqsi başlanır, şamlı qızının gəldiyini görüncə) İştə atəşli baxışlar! Nazim (rəqs bitdikdə rəqqasənin süzülüb getdiyini görüncə, özünü alamıyaraq şaşqın və coşqun bir səslə). Allah, allah! Bu nə məlahət! Bu nə lətafət! Yıldırım (mültəfit olaraq gülər). Nə olursan, yahu! Çoxmu xoşuna getdi? Nazim (niyazkar). Aman, Sultanım, qüsurə baxmayınız. Meliça (yarımqəhqəhəylə). Zavallı adəta özündən keçmiş. Əli paşa. Nə yapsın? İştə ərəb ruhu, ərəb zövqü! Yalnız o deyil, mən belə bayıldım. Meliça. Ya, öyləmi? (İncə və nəşəli qəhqəhədən sonra) Aman, doktor çağıralım. 

Page 14: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Yıldırım. Xeyr, doktora hacət yox, o getdiyi kimi Paşa həzrətləri ayıldı. Əli paşa. Əvət, gerçəkdən öylədir. (Meliça qalxır). Nə oldu, neçin qalxdınız? Meliça. Artıq gedirəm. Yıldırım. Əli paşa da yeməkdə bərabər bulunacaq. Meliça. Çox məmnun olaram. (Gedir). Əli paşa. Əfəndimizin bu dərin səmimiyyətləri mənə bəxtiyarlıqdan daha yüksək bir nəşə verir. 

Bu sırada Cücə hoplanaraq, mayallaq vuraraq əsil masqara 

qiyafətində girir. 

Yıldırım. Yenəmi sən? Cücə. Nə yapım, məclis boş qalmaz a... Bir yerdən mələk çəkilincə şeytan girməli. Əli paşa. Əhsən, əhsən! Cücə bu axşam dəhşətdir, dəhşət! Yıldırım. Haydı, al, mələyin içdiyi bu qədəhi yuvarla! Cücə (qədəhi alır). Yaşasın həşmətli Serb kralının həmşirəsi Meliça! (Şərabı burnunun üzərindən tökür). Yıldırım. Nə yapırsan şaşqın hərif! Sən hənuz şərab içməsinidəmi öyrənəmmədin? Cücə (Yıldırımı mənalı baxışlarla süzərək). Mən əşirətdən yetişmə bir çoban oğluyam. Nə etməli, imdiyə qədər ancaq qımız və ayran içməsini öyrənə bildim. Yıldırım (ətrafa). Acı bir kinayə! Cücə. Bu yaxınlarda bir serb qızı alacayım, iştə o zaman şərab içməsini də ondan öyrənərəm. (Əli paşanı mənalı bir baxışla gözdən keçirir). Hətta, bir taqım siyasilər kimi, namaz qılarkən belə sərxoşluqdan vaz keçmərəm. Əli paşa (ətrafa). Ah, məni təhqir ha? (Cücəyə, sinirli) Azğın hərif, sən artıq həddini aşırsan. Yıldırım. Zərər yox, o bu gün çox nəşəlidir, xatirini qırma! Yalnız səninlə deyil, mənimlə də əylənir. (Cücəyə) Mənə bax, Cücə! Mənmi eyi hökmdaram, Teymurmu? Cücə. Aman verilərmi? Yıldırım. Söylə! Cücə (sırıtaraq Yıldırımın qucağına). O dəlidir, sən də abdal! (Qəhqəhəylə gülər). Yıldırım. Sus, ədəbsiz! O halda sən nə olarsan? Cücə (sədri-əzəmə işarətlə). Mən də sənin quyruğunun quyruğu... 

Qəhqəhə. 

Yıldırım. Yaxşı, sənin quyruğun? Cücə (Nazimi göstərir). İştə! Seyr edə bilirsiniz. 

Qəhqəhə. 

Nazim (ətrafa). Allah, allah! Bu hərif çıldırmış. (Salonu tərk edər.) Yıldırım. Haydı, yetişir, dəf ol! Sən bu axşam zəhərli bir tikən, sərsəm bir eşşək arısı, quduz bir köpəksən. Cücə (bayılırcasına qəhqəhələr qoparır, əlilə qarşıdakı pərdəni göstərir və açır). Əvət, mən zəhərli bir tikənəm, iştə mayıs çiçəkləri! Mən bir eşşək arısıyam, iştə serb və macar kələbəkləri! Mən quduz bir köpəyəm, iştə rum və bolqar mələkləri! 

Qəhqəhələrlə çəkilir. Alafranqa musiqi başlanır. Rəqqasələr oynarlar. Rəqs bitdiyi sırada Nazim ağa sürətli addımlarla gəlir, Yıldırımın qulağına bir-iki söz söyləyir. 

Yıldırım (rəqqasələrə, hiddətlə). Kafi! (Qızlar çəkilir. Nazim ağaya.) Bunları al da, söylə, hər üçünü gətirsinlər. 

Nazim onu bəkləyən xidmətçilə bərabər dərhal işrət masasını alıb götürür. 

Əli paşa. Gələn kimdir əcəba? Yıldırım. Teymurun adamlarından üç nəfər casus yaxalamışlar. Əli paşa. Kim bilir, bəlkə casus deyil də əhli-namusdur. Yıldırım. Zənn etməm, heç zənn etməm. (Qızğın) Ah, azğın hərif, bir tərəfdən elçi göndərir, bir tərəfdən casus. 

Bu sırada iki silahlı yeniçəri mühafizəsi altında Orxan, Olqa və Dəmirqaya daxil olur. 

Yıldırım. Teymur casusları sizmisiniz? Orxan. Əvət, öylə deyirlər. Yıldırım. Buraya neçin göndərildiniz? 

Page 15: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Orxan. Göndərilmədik, öz arzumuzla gəldik. Yıldırım. Bu gəlişdən məqsəd? Orxan. Məqsəd Topal Teymuru atmaq, ulu Sultanı tutmaq. Yıldırım. Unutma ki, yalançıların cəzası ölümdür. Orxan. Bizcə yalançılıq ləkəsi ölümdən daha çirkindir. Yıldırım (Olqaya). Yaxşı, sən söylə, yavrum, Teymurdan neçin qaçdınız? Orxan. Çünki Teymur xudkamdır. Yıldırım. Burax özü söyləsin. Orxan. O dilsizdir. Yıldırım (Dəmirqayaya). Adın nədir? Dəmirqaya (qalın səslə). Dəmirqaya. Yıldırım. Sən söylə baxalım, neçin gəldiniz? Dəmirqaya (laübali, Orxana işarətlə). Orxan gəl dedi, gəldik. Yıldırım. Bir səbəb yoxmu ya? Dəmirqaya. Əlbəttə var, fəqət gizli bir səbəbdir. Yıldırım (maraqlı). Gizli səbəbmi? O nə imiş? Dəmirqaya. Onu Orxan bilir. Nəmə lazım, mən qarışmam. Yıldırım. Ya! Qarışmazsan, öyləmi? Artıq anlaşıldı, əvət xəyanət. Cəllad, cəllad! (Nazim çıxarkən) Dün Teymurdan gələn elçi də hazır olsun, onun da boynu vurulmalı! Əli paşa. Aman, Sultanım, əcələ edirsiniz. Yıldırım. Xeyr, həpsinin boynu vurulmalı! Artıq Topal həddini keçir. Əli paşa. Rica edirəm, heç elçi boynu vurularmı? Yıldırım (qızğın). Əvət vurular, mən əmr edərsəm vurular. Əli paşa. Heç olmasa bu hökmün icrasını yarına buraxmalı. Yıldırım (daha qızğın). Yetişir, iltimasa hacət yox. 

Bu sırada Nazim gəlir, cəllad və iki yeniçəri ilə bərabər Sobutay daxil olur. 

Yıldırım (Sobutaya) Mənə bax, bunları tanımırsan? Doğru söylə, yoxsa ən yüngül cəza ölümdür. Sobutay. Sobutay nə yalan söylər, nə də ölümdən qorxar. Yıldırım (sinirli və qızğın). Sözümə cavab ver, bunları tanıyırmısan? Sobutay (kinli və əzəmətli bir baxışla Orxanı süzərək). Türküstanda tanırdım, fəqət Osmanlı paytaxtında xeyr. Yıldırım. Neçin? Sobutay (Orxana işarətlə). Çünki bu hərif vətən xaini. Bunlar da onun kölgəsi. Olqa (qalpağını qaldırır, saçları dağılır). Aman, Sultanım! Mərhəmət! Orxan xain deyil, yalnız Teymur gözündə ləkəlidir; çünki sizə qarşı məhəbbət bəslərdi, onunçün də Türküstanı tərk etdi. Orxan. Olqa! Sən sus! Yıldırım. Bu qadın kimdir? Orxan. Moskva tərəflərinə hücum edərkən ölümdən qurtardığım bir qızcığaz. Sobutay (acı və istehzalı təbəssümlə). Daha doğrusu, Teymur sarayını süsləyən bir çiçək və sənin qandırıb da uçurduğun şux bir kələbək... (Kəskin) Lakin nerdə olursa-olsun, xəyanət cəzasız qalmaz. Yıldırım (Sobutaya). Sən sus! (Yeniçərilərə) Bunu öz odasına götürün. (Əli paşaya) Dəminki məktubu da ver, Teymura götürsün. 

Sobutay verilən məktubu alır, yeniçərilərlə bərabər çıxır. 

Əli paşa. Artıq məsələ aydınlaşdı. Yıldırım. Xeyr, daha var. (Dəmirqayaya) Sən söylə! Dəmin gizli səbəb deyirdin, o nə imiş? Dəmirqaya. Daha gizli bir şey qaldımı ya? (Olqaya işarətlə) Zatən həpsini açıb tökdü. Yıldırım. Gizli səbəb yalnız onun dediklərimi? Dəmirqaya. Daha nə olacaq, heç qadınla səfərə çıxılarmı? Nəmə lazım, öz işləri... Yıldırım (qızğın). Nəmə lazım, nəmə lazım! Südəmər çocuqlar kimi iki sözdən fəzlə bir şey bilməz. (Cəllada) Haydı, ilk öncə bunu dəf et. (Cəllad hazırlanır). Olqa. Ah!.. Orxan (kəskin). Xeyr. Bu həqsizlikdir. O dilsiz və düşüncəsiz bir zavallıdır. Əsil edam ediləcək mənəm, mən... Yıldırım. Cəsarət səni məğrur edir. (Cəllada) Yaxşı, əvvəl onu susdur. Olqa. Aman, əfəndim, mərhəmət, mərhəmət! (Hiddətli hıçqırıqlarla ağlar, Sultanın ayaqlarına qapanır). Orxan (şiddətli və istehzalı qəhqəhələrlə gülərək). Zavallı qızcığaz! Sən həqli imişsən. Ah, Teymur, Teymur!.. 

Yıldırım (vəzifəsini bitirmək istəyən cəllada). Dur, əl saxla! (Orxana) Neçin güldün, neçin Teymuru xatırladın? Orxan. O mənim biləcəyim iş, sən yalnız edam etdirə bilərsən. Əli paşa. Xeyr, bu səbəbsiz deyil. Olqa (başını şaldırır. Göz yaşını silərək). Ah, səbəbini mən söylərəm. 

Page 16: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Orxan. Qalx! Heç bir şeyə ehtiyac yox. Söyləmək lazımsa özüm söylərəm. (Olqa qalxar). Yıldırım. Yaxşı, özün söylə! Bu qəhqəhələr neçindir, əcəba? Orxan. Bu qəhqəhələr acı bir fəryaddan başqa bir şey deyil. Bütün dünya dəli Teymura səcdə edərkən, yalnız mən üsyan etdim. Halbuki onun kiçik bir təhqirinə dayansaydım, imdi edama layiq görülməzdim. 

Sükut... 

Yıldırım (mülayim). Bu sözlərin nə dərəcədə doğru olduğunu bilmək istəməm. Mən hər ikinizi bü qızın göz yaşlarına bağışladım. Olqa. Ah, kölgəniz əskik olmasın. Əli paşa. Əvət, göz yaşları məsuliyyəti isbat için ən parlaq şahiddir... Orxan. Lakin bir rica etmək istərdik. Yıldırım. Söylə. Orxan. Məsələ yalnız bağışlanmaqla bitmir. Biz artıq Teymur məmləkətinə dönəməyiz, sədaqətimizə qarşı şübhə edildiyindən təbii burada qalacağımız da şübhəli. Əgər müsaidə buyurularsa, Misir-Şam tərəflərinə keçəriz. Orda bizi himayə edənlər bulunar. Yıldırım (məmnun təbəssümlərlə yerindən qalxar). Xeyr, heç bir yerə getməyəcəksiniz. Siz mənim oğlum, bu da qızımdır. Hər üçünüzün sədaqətinə şübhəm qalmadı. Haydı, Nazim ağa! Söylə, bir dairə ayırsınlar, müsafirlərə ehtiram lazım. 

Nazim cəllad ilə bərabər çıxır. 

Orxan (arxadaşlarilə bərabər əyilir). Təşəkkür edəriz. Yıldırım. Sədaqətiniz dərəcəsində mükafat görəcəksiniz. (Paşa ilə bərabər məclisi tərk edir). Orxan (ətrafa). İştə ilk fəlakəti adladıq. Olqa. Ah, çox qorxuram. Sobutay Səmərqənddə işlərin üstünü açacaq. Teymurun qəhrü qəzəbi bəla yıldırımı kimi üzərimizdə partlayacaq. Ah, o məni neçin gördü? Orxan. Heç maraq etmə, mən Sobutayı görərəm. O çox nəcib qəhrəman. Kimsəyə bir şey söyləməz. Hətta Teymur duysa belə, əhəmiyyət verməz. Dəmirqaya (bir tərəfdə). Nəmə lazım, mən qarışmam. Ölərlər - ölərəm, qalarlar - qalaram. Olqa (saxsıda gördüyü yaşıl fidancığazı göstərir). Ah, nə xoş, nə təravətli gül fidanı. Orxan. İştə həmişəbahar gülü, bax, hənuz yeni-yeni qönçə verməyə başlayır. Olqa. Əvət, çox gözəl... Orxan. Bir gün gələr ki, bu yeni qönçələr açar, bizim arzularımız da onunla bərabər çiçəklənməyə başlar. Nazim (gəlir, əyilir). Buyursunlar. (Önlərincə gedər). Orxan. Gedəlim. (Nazimi göstərir) İştə bu gecə qiyafətli məxluq bizi uğurlu və parlaq bir sabaha dəvət edir. (Gedirlər). 

PƏRDƏ 

DÖRDÜNCÜ PƏRDƏ 

Eyni səhnə... Gündüz... Qarşıdakı böyük pəncərədən saray bağçasını süsləyən yaşıl ağaclar, rəngarəng çiçəklər nəzərləri oxşar. Salona qoyulmuş saxsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mənasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırladır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qiyafətində olaraq əli alnında düşünür. 

Olqa (saray xanımlarına məxsus bir qiyafətdə gəlir. Orxanı bir qədər süzərək). Orxan! Orxan. Sənmisən, Olqa? Olqa. Nə düşünürsən, mane oldum, deyilmi? Orxan. Xeyr... Olqa. Neçin böylə dalıb gedirsən? Orxan (gül fidanını göstərir). İştə hər tərəfdə gözəl qoxu və nur saçan bu gülləri görürmüsən? Bax, nə qədər dəyişmiş. Bunlar bir zaman yamyaşıl tumurcuq halında idilər. Olqa. Əvət, xatırlayıram, casus deyə tam bizi yaxaladıqları gecəydi. Orxan. Mən o gecə, açmamış qönçələri könlümüzdəki arzulara bənzətmişdim, deyilmi? İştə bu gün bütün istədiklərimiz yerini bulur, onlar kimi çiçəklənməyə başlayır. Olqa. Yaxşı, o halda bu düşüncələr? Orxan. Olqa! Biz artıq burayı tərk etməliyiz. Olqa. Neçin? Halbuki, burada səadət var. Orxan. Xeyr, biləks, səadət bizi başqa aləmdə gözləyir. Olqa. Fikrini heç anlayamıram. Sən Yıldırım kimi böyük bir padşah sarayında... Özün də ən sevgili yavərlərdən birisən. Daha nə istəyirsən? (Gül fidanına yaxlaşır, qoxlamağa başlar). 

Page 17: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Orxan (ətrafa). Ah, Teymur ordusu tərəfindən Sivas qələsi alt-üst edilmiş, Yıldırımın oğlu öldürülmüş... Daha burda durularmı? Olqa. Orxan! Səndə bir sirr var; hər ay gizli məktublar yazırsan, əcəba, onlar kimə və nerəyə? Orxan. Sonra anlarsan, imdi çapuq hazırlan! Nə olursa-olsun, buradan çıxmalıyız. Olqa (təlaş ilə). Allah eşqinə, nə olmuş, Yıldırımdan bir fənalıqmı gördün? Orxan. Xeyr. Fəqət bir taqım padşahlar, hələ Yıldırım kimi sərxoşlar o dərəcə qorxunc ki, əsla inanılmaz. Əvət, qardaşını vəhşicəsinə parçaladan bir hökmdar, yarın ufaq bir bəhanə ilə bizə də qızar, bizim də qanımızı tökdürər. Olqa. Mən bu şübhələrə heç bir məna verəmmirəm. Orxan. Dedim ya, sonra anlarsan. Hazırlan, ehtiyat üçün bir çarşaf da al, yolda lazım olar. Olqa. Yaxşı, lakin... Orxan. Sus, iştə gələn var. Olqa (baxar). Əvət, sultanın hərəmi Meliça. (Məmnun təbəssümlərlə o gələn tərəfə doğru yürür). Orxan (yalnız). Vəzifə hər şeydən müqəddəsdir. Artıq sırası gəldi, Teymur mütləq hücuma başlayacaq. Meliça (Olqa ilə bərabər gəlir). Ah, Olqa, Olqa! Sizin mənə munis olmanız, bilsən nə qədər könlümü açır. Olqa. Fəqət mən... Mənim könlümdəki sevinc daha böyük, daha dərindir. Meliça. Sən nə qədər nəcib isən (Orxana işarətlə) yoldaşın da bir o qədər qəhrəman və nəzakətlidir. Orxan. Təşəkkür edirəm. Meliça (ətrafa diqqətlə). İştə Yıldırım. Aman, nə qədər də halı pərişan... Olqa. Əvət, bu günlər əfəndimiz çox düşünür. Orxan. Nasıl düşünməsin?! Heç Teymur ordusunun qabalığı çəkilir şeymi? Yıldırım (gəlir, təzim edərlər. Yanındakı Nazim ağaya). Əli paşa nerdə? Çapuq buraya çağır. (Nazim əyilir çıxır. Yıldırım sinirli) Ah, Teymur! Teymur! Mən sənin bu dərəcə sayğısız olduğuna inanmazdım. (Daha qızğın) Lağımlar vasitəsilə kərastələri tutuşdurmaq, Sivas kimi bir qələyi yandırıb havaya sovurmaq sənin həddinmi? Ah, əsirlərin, qələ mühafizlərinin qafasını kəsdirməkmi? Ərtoğrul kimi bir övladı əlimdən almaqmı? Nə böyük cəsarət! Xeyr-xeyr... Bu tikənli zərbə, bu acı təhqir əsla unudulmaz. Ah, duyğusuz cəllad. Orxan. Ehtimal ki, bu hərəkət onu saymadığın üçün bir ixtar, təbir caizsə bir güşmaldır. 

Bu sırada uzaqda aşiqanə bir ahənglə çoban qavalı-düdüyü çalınmağa başlar. 

Yıldırım (çılğın). Nasıl? Bir ixtarmı, bir guşmalmı? Ah, nələr eşidirəm! Orxan. Əvət, ixlas və sədaqətim bu acı həqiqəti söyləməyə məni məcbur edir. Yıldırım. Mən üzərimə gələn qocaman Səlib ordularını qəhr etdim. Fransa və Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və İtaliya əsgərlərini bir hücumda əzdim. Hətta qorxusuz Jan kimi məşhur bir qəhrəmanı belə heçə saydım. İmdi Teymur kimi bir sərsərimi məni qorxudacaq? Ah, kor olsun fələyin gözləri. Gör kimlər mənə meydan oxuyur. Meliça. Aman, Xaqanım! Özünüzü çox üzürsünüz, vücudunuz bir qədər istirahətə möhtac. Yıldırım. İstirahətmi!? Zəhərli dırnaqlar qəlbimi parçalarkən istirahətmi? (Çılğın) Ah, canavar! (Meliçaya) Bizi yalnız burax. (Meliça Olqa ilə bərabər çəkilmək istərkən) Söylə o çobanı susdursunlar. Meliça. Yaxşı. (Getmək istər). Yıldırım. İstəməz, burax çalsın. Meliça. Yaxşı... (Salonu tərk edərlər). Yıldırım (pəncərəyə yaxlaşır, çobanı dinlər. Həzin və yaralı bir ah çəkərək.) Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kimi şəhrin əlindən getmiş, nə də Ərtoğrul kimi oğlun... 

Əli paşa gəlir, düdük susar. 

Əli paşa (yapma bir təlaş ilə). Əfəndimizi bir qədər kefsiz görürəm... Yıldırım (acı təbəssümlə). Əvət, kefli vəzirlərin sultanı daima kefsiz olar. Əli paşa. Hər halda şövkətli Xaqanın mərhəməti çakərlərinin qüsurundan daha böyükdür. Yıldırım. Mənə bax, sən Sivas vəqəsinə nə deyirsən? Əli paşa. Yalnız çocuqca bir təcrübə. Mənasız bir təcrübə... Yıldırım (qızğın.) Açıq söylə, nasıl mənasız?.. Əli paşa. Çünki Teymur Sivas qələsinə təcavüz etməklə bərabər müharibəni uzatmaqdan çəkinmiş... Görünür ki, əsgərlərimizin şücaətini görmüş, eyicə bir dərs almış. Cəsarəti olsaydı, Sivası buraxıb da Misir-Şam tərəflərinə keçməzdi. Yıldırım. Sən sərxoşsan, bu gün-yarın Misiri də alt-üst edər, Şamı da. Orxan. Zatən etmiş. Yıldırım. Ah, nə söyləyirsən? Orxan. Hətta geri belə dönmüş və Araz çayını keçib Azərbaycana daxil olmuş. Əvət, o imdi Qarabağın sərin yaylalarında, otlu-çiçəkli ovalarında istirahət və şənliyə məşğuldur. 

Page 18: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Əli paşa (müztərib, ətrafa). Ah, dəhşət, dəhşət!.. Yıldırım (Əli paşaya). Yaxşı, bu xəbəri sən neçin imdiyə qədər mənə söyləmədin? Əli paşa. Çünki həm xəstəsiniz, həm də əhəmiyyətsiz bir şey... Yıldırım (çox həyəcanlı və qızğın). Nasıl!? Əhəmiyyətsizmi?! Xeyr-xeyr. Heç də öylə deyil. Sən Teymura qarşı Misir-Şam hökumətlərilə ittifaq yapacağına, Bursa meyxanəçilərinə şərab ismarlamağa məşğul olmuşsan. Nazim (gəlir, əyilir). Şeyx Buxari həzrətləri. Yıldırım. Gəlsin. (Nazim çıxır, Yıldırım ətrafa) Şeyx fazil və möhtərəm bir zat. Onun bu gəlişi heç də mənasız deyil. Şeyx Buxari (köylü bir qadınla daxil olur. Təzimdən sonra) Əfv edərsiniz, əfəndim, cəsarət edirəm. Lütfən bu köylü qadını dinləyin. Anadolunun bu yoxsul anasına qulaq verin də, görün nələr söyləyir. Yıldırım (qadına). Söylə! Qadın. Qocamla oğlum xaç qovğasında öldü. Ah, ölürkən üzlərini görmədim, məzarlarına belə həsrət qaldım. Məni yaşadan ancaq bir təsəlliydi; onlar vətən uğrunda şəhid olmuşlardı. Yıldırım. Dərdin nədir, onu söylə! Qadın. Yetişmiş bir qızım vardı, Adı Lalə idi, onu yaşatmaq üçün hər zəhmətə qatlanırdım. Tarlamızı sürərkən bir tərəfdən alaca öküzü, bir tərəfdən də özümü qoşaraq heyvanla bərabər çalışırdım. Laləciyimə, bir danəcik yavruma yeyəcək-geyəcək tədarük edirdim. Yıldırım (azacıq sərt). Sonra? Qadın (həyəcanlı). Sonra azğın yeniçərilər, sənin o qaba və sərxoş əsgərlərin öküzümü aldılar. Buraxmaq istəmədim, incitdilər. Yalvardım, döydülər. Mən heç... Əvət, mən heç... (Yaralı fəryad ilə) Qızım! Ah, yavrum! Canavarlar yardımsız bir quzuya hücum edər kimi onu sardılar, ağlamasına, çırpınmasına baxmadılar, cəllad kimi alıb götürdülər. (Çılqınca) Ah, Laləciyim! Ah, yavrum. (Yıldırımın ayaqlarına qapanır). Yıldırım (son dərəcə qızğın). Cavab ver! Əli paşa, cavab ver! Qadın (çılğın). Ah, sərxoşlar! Canavarlar! Şeyx Buxari (ətrafa). Sərxoş bir amirin məmurları da ancaq sərxoş olar. Yıldırım (kəskin). Bulunsun, bu qadının qızı bu saat bulunsun! Orxan. Gəliniz, validə. Qadın (göz yaşını silərək). Ah, yavrum... mələk yavrum! (Təkrar hıçqırıqlarla ağlar.) Orxan. Gəliniz, xəyanət cəzasız qalmaz. (Qadınla bərabər çıxır.) Şeyx Buxari (ətrafa). Zavallı qadın! Bilməz ki, yalvardığı padşahın içdiyi şərablar yalnız yoxsul köylünün al qanlarından, qanlı göz yaşlarından tədarük olunur. Nazim (gəlir, əyilir). Teymur elçisi! Yıldırım. Gəlsin! (Sinirli) Yenəmi elçi! Yenəmi Teymur elçisi! Sobutay (yazlıq əlbisədə gəlir, əyilir, məktubu verir). Yıldırım (Əli paşaya). Al, oxu! (Sobutaya) Bu məktub nerdə yazılmış? Sobutay. Azərbaycanda, Qarabağ yaylasında... Yıldırım. Çıx bəklə, cavabını imdi alırsan. Sobutay. İtaət! (Əyilir, çıxır). Əli paşa (qısa bir mütaliədən sonra, heyrətlə ətrafa). Dəhşət, dəhşət! Yıldırım. Nə yazır, imdi nə yazır? Əli paşa (oxur). Tanrı qulu Teymurdan Sultani-Rum Yıldırım Bayazidə. Yıldırım. Uzun laf istəməm, yalnız məktubun məalını söylə! Əli paşa. Yazır ki, mən sizi bir türk xaqanı olaraq sayaram və zatınıza qarşı hörmət bəslərəm, fəqət siz məni saymazsanız aramız soyuyar və bu soyuqluğun nəticəsi çox acı olar. 

Orxan gəlir. 

Yıldırım. Sonra? Sonra? Əli paşa (yarımbaxışla məktubu süzərək). İştə bu mənim son məktubum və son təklifimdir. Qaraqoyunlu əmiri Qara Yusif oradan uzaqlaşmalı... Şahzadələrinizdən biri məmurən yanıma göndərilməli... Mən ona övlad kimi baxacağımı imdidən vəd eylərəm; fəqət məktubuma müvafiq cavab gəlməzsə, hücum edəcəyim şübhəsizdir. Ona görə də hazırlanmanızı ixtar edərəm. Yıldırım. Müharibəmi? Ah, müharibəmi? (Acı qəhqəhəylə) Gör bizi nə ilə qorxudur. Zavallı Topal! Görünür ki, qarşısındakını unudur. (Çox qızğın) Xeyr, onun cavabı müharibədən başqa bir şey deyil. Şeyx Buxari. Zənnimcə, qəzəb və hiddət əfəndimizi yanlış mühakimələrə sövq edir. Teymur da sizin qədər qəhrəman, sizin qədər cəsur və sarsılmaz bir hökmdar. Boş yerə türk övladının qanını tökdürməyin və ətrafınızı saran düşmənləri öz fəlakətinizə güldürməyin. Yıldırım. Xeyr, mirim! Mən imdiyə qədər sənin acı nəsihətlərini dinlədim. Əfsus ki, bundan sonra dinləməyəcəyəm, çünki bu məktubun məalı təhqirlərin ən acısıdır. Şeyx Buxari. Əvət, bilirəm acıdır, hətta mənim sözlərim ondan da acıdır. Fəqət onunla çarpışacağına, öz nəfsinlə mübarizə et. Cəsarət edirəm, mümkünsə rəqqasələrə uyma! Serbistan prensesi nüfuzuna qapılma! Və sərxoş vəzirlərə alət olma!.. Əli paşa (ətrafa). Ah, bu nə həzyan? Yıldırım. Əvət, şeyxim! Acı da olsa, sözlərində bir həqiqət var. Lakin Teymura qarşı susmaq əsla əlimdən

Page 19: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

gəlməz. Çünki o məni tanımır, yaxud tanımaq istəmir. Hər halda mən özümü ona tanıtmalıyam. Əli paşa, cavab yaz! 

Əli paşa kağız-qələm hazırlar. 

Orxan (təzim ilə). Müsaidə buyurulursa, mən də iki söz söyləmək istərəm. Yıldırım. Söylə! Orxan. Əfəndimizin iradəsi əlbəttə bir həqiqətdir. Şeyx həzrətlərinin tövsiyəsi isə daha xeyirxahanə bir məsləhətdir. Yıldırım. Mən həpsini düşünürəm, artıq bizimki məsləhətdən keçmiş. (Qızğın) Cavab yaz! Əli paşa. Əmrinizə müntəzirəm. Yıldırım. Yıldırım Bayaziddən kəlbi-əqur Teymura! Məclisdəkilər (heyrət və dəhşətlə ətrafa). Nasıl? Kəlbi-əqurmu?! Yıldırım. Yazdınmı? Kəlbi-əqur Teymura. Əli paşa. Əvət, kəlbi-əqur Teymura. Yıldırım. Yaz, müharibəmiz müharibədir. Hər kim sözündən qaçarsa, qadını üs təlaq ilə boş olsun. Əli paşa (yazır, ətrafa). Ah, fəlakət! Dəhşət! Yıldırım. Ötəsini özün bilirsən, iştə mənim deyəcəyim bu! Şeyx Buxari (müztərib və həyəcanlı). Əfəndim! Əfəndim, müsaidə buyurun. Bu cavab adabi-münazirəyə əsla müvafiq deyil. Həm də heç bir hüsni-təvil qəbul etməz. Əvət, bu bir xəta, bu bir təcavüz ki, heç bir hökmdarın şanına yaxışmaz. Yıldırım. Artıq yetişir, rica edirəm, kimsə qarışmasın. Şeyx Buxari (yerindən qalxar, getmək istər). Yaxşı, Sultanım, qarışmam, lakin bu cavabınızla böyük bir məsuliyyəti-tarixiyyə altında qalacaqsınız. Mənə müsaidə... Yıldırım. Buyura bilərsiniz. (Şeyx Buxari çıxır. Yıldırım istehzalı təbəssümlə qafasını oynadır) Əvət, bu məktubla Yıldırım böyük bir məsuliyyə, bir məsuliyyəti-tarixiyyə altında qalacaqmış. Orxan. Hər halda Şeyx bədxah bir şəxs deyil. Yıldırım. Nə olursa-olsun, mənim iradəm qətidir. (Qalxır) Mənə bax, Orxan! Sən bu vəqtə qədər bizdən hörmət və məhəbbət gördün... və o sayədə Anadoluda yaşayan tatar-türkmən qəbilələrinə böyük nüfuzun var. Orxan. Əfəndimizin lütfündən. Yıldırım. İştə onlara icrayi-təsir etməli. Yarın orduya səfərbərlik əmr edəcəyəm. Baxalım Teymur bizə qarşı nə yapar? Fəqət sağın, vəzifəndə müsamihə etmə! (Çıxmaq üzrə bir neçə addım yürür). Orxan. Məncə vəzifə hər şeydən müqəddəsdir. Amirim uğrunda başdan keçməyə hazıram. Yıldırım. Haydı, aslanım, iş başına! Unutma ki, səni daha böyük rütbələr bəkləyir. Əli paşa! Sən də məktubu elçiyə ver, məndən son hədiyyə olaraq Teymura götürsün. Əli paşa. Baş üstünə! 

Çıxırlar. 

Orxan (yalnız). Ah, Teymur, kəlbi-əqur! (Acı və istehzalı qəhqəhəylə) Əvət, daima sərxoşların təsəllisi həzyan, aciz və zəiflərin silahı isə söyüş və qarğışdır. (Yıldırımın getidyi tərəfə kinli və qızğın) Fəqət, ey məğrur və əyyaş Sultan! Əmin ol ki, yarın, əvət yarın o qoca qəhrəmanın dəmir pəncəsində bir ilan kimi qıvrılacaqsan. Həm də umulmaz bir məğlubiyyətlə zəbun və pərişan olacaqsan. 

PƏRDƏ 

BEŞİNCİ PƏRDƏ 

Ankara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gövdəli, gürbüz, yaylı-oxlu iki nəfər növbət bəkliyərək qonuşurlar. 

Birinci növbətçi. Yahu, bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, bu Topal bir dürlü yorulmaq bilməyir. İkinci növbətçi. Yenə şikayətmi? Nə çapuq usandın, əzizim?! Birinci növbətçi. Misir və Şamda tökdüyümüz qanlar hənuz qurumamış. İmdi də Ankara qovğası, Ankara bəlası!... Nə demək? Beş gün rahatlanmaq yoxmu ya? İkinci növbətçi. Yaxşı, Qarabağın çiçəkli ovalarında, Azərbaycanın o cənnət qədər gözəl ruhlu bir guşəsində sürdüyün zövq və səfalar yetişmədimi? Birinci növbətçi. Nə demək! Biri üç ay yaşayışdan zövq alarsa, altı ay da hərb etməlimi? İkinci növbətçi. Buna bax, müharibə özü də bir zövq deyilmi ya? Birinci növbətçi. Burax, allahı sevərsən. (Bir neçə addım axsayaraq yürür). Şam ətrafında vuruşurkən ayağıma bir də ox dəydi hala axsayıram, hala gecələr ağrıdan uyuyamıram. İkinci növbətçi (gülərək). Zərər yox, saf mal sahibinə bənzər. Teymur da axsaqdır, sən də... Yalnız aranızda

Page 20: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

bir fərq var ki, sən qarğasan, o qaraquş... Birinci növbətçi (qızğın). Sus bə, sərsəm hərif! İkinci növbətçi. Çox gözəl, o qarğa olsun, sən qaraquş. Birinci növbətçi. Xeyr, onu da istəməm. İkinci növbətçi. Yaxşı, o halda nə istərsən? Birinci növbətçi. Nə istəyəcəyəm, bax bu Ankara müharibəsi mənim heç xoşuma getmir. Nə var, nə yox, Teymur Yıldırımı yenəcəkmiş... Yaxşı, mənim xeyrim nə olar? Misirdə, Şamda heç olmazsa əlimizə paradan-maldan bir şey keçdi. Burada qalib gəlirsək, (əlini ovucuna vuraraq) söylə, baxım, bu ovucuma nə girəcək? Ankaranın quru, boş səhrasımı? İkinci növbətçi (istehzalı qəhqəhəylə). Vay, yəhudi dəllalı, vay! Sən müharibəyə yağma üçünmü gəldin? Birinci növbətçi. Nə demək? Topal ad qazansın da arada mənim canım getsin, öyləmi? İkinci növbətçi. Sus, artıq yetişir; bu sözlər bir türkə yaraşmadığı kimi, bir əsgərə heç yaraşmaz. Birinci növbətçi. Nə demək? Sanki əsgər insan deyilmi ya? (Sinirli) Əvət, nə demək! Ölüb-öldürən biz, gülüb-əylənən onlar! Çarpışıb-vuruşan biz, ad-san qazanan onlar! Ac-çılpaq qalan biz, zövqü səfayə dalan yenə onlar! İkinci növbətçi (gülərək). Yahu sayıqlayırmısan, onlar kimdir, əcəba? 

Birinci növbətçi. Onlar, iştə saraylarda kef sürən azğın padşahlar, dəli xaqanlar... Sərvət və səadət içində gülümsəyən qurnaz vəzirlər, yaramaz vəkillər... Eyşü nuş ilə vəqt keçirən hoppa şahzadələr, çılğın dərəbəylər... İkinci növbətçi (məğrur qəhqəhəylə). Anlaşıldı, əvət, anlaşıldı. Bu düşüncələr həp qorxaqlıqdan iləri gəlir. (Əlilə onun omuzuna vuraraq) Mənə bax, heç maraq etmə, bu gün-yarın Yıldırım basılar, yenə Səmərqəndə dönəriz. Birinci növbətçi. Xeyr, bu qovğadan gözüm heç su içmir. Yıldırımı çox qəhrəman deyirlər. İkinci növbətçi. Əcəba, onun nəsi qəhrəman imiş? Birinci növbətçi. Nə demək? İştə neçə gündür üz-üzə dururuz. Hərif müharibəni buraxıb da şikara çıxmış. Yaxşı, bundan nə çıxar? Demək o qədər məğrur ki, bizi saymaq belə istəmir. İkinci növbətçi. Zərər yox, o bizi saymazsa, biz onu sayarız. (Boru səsi eşidilir). İştə Əmir gəlir. (Baxar, heyrətlə) O nə? Sanki üz-gözündən atəş saçılır. 

Teymur müharibəyə məxsus qiyafədə gəlir. Divan bəyi, şair Kirmani və Aqbuğa onu izlər. 

Teymur (son dərəcə kinli və qızğın bir ahənglə). Teymur - kəlbi-əqur! Teymur - kəlbi-əqur! Öyləmi, ah, öyləmi? Şair. Ehtimal, sərxoş imiş. Yoxsa qoca bir Sultanın ağzından öylə söz çıxmaz. Divan bəyi. Əvət, ehtimal ki, sərsəm və xəstə imiş, yoxsa bu hədyan əqli başında olan bir zata yaraşmaz. Teymur (çılğın). Əvət, ehtimal ki! Ehtimal ki!? Lakin mənə də Turağay oğlu Teymur derlər. Onu sərxoşluqdan ayıltmaq, sayğısız qafasını uslandırmaq çox qolay... Ah, Yıldırım, Yıldırım! Nə qədər dəhşətli olsan, Hindistanda ovladığım qaplanlardan müdhiş deyilsən. Şair (ətrafa). Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır. Teymur. Qaraqoyunlu əşirəti İsfahan civarında bizə şəbxun yapdılar, əsgərlərimdən üç min kişi öldürdülər. İştə qarşılıq olaraq bütün İsfahanı alt-üst etdim. Kəllələrdən qüllələr yapdırdım. Zərər yox, bir az sonra Yıldırım da məni tanır. (Çox kinli və sinirli) Ah, kəlbi-əqur! Kəlbi-əqur! Nə həzyan.. nə cəsarət!... Şair. Əfsus ki, cəsurların həzyanı, həzyançıların cəsarəti qədər gülünc və mənasızdır. Teymur. O həzyanlar heç... Hərifdəki azğınlığa bax ki, imdi də məni saymır, hərbə girişəcəyinə şikara çıxır. Aqbuğa (istehzalı təbəssümlə). Əvət, gerçəkdən çox sayğısız... çox məğrur... Şair. Fəqət məğrurlar çox çapuq sərnigun olur. 

Sobutay sürətli addımlarla gəlir, əyilir. 

Teymur. Nə var, Sobutay? Sobutay. Böyük Xaqanın əmrilə ova çıxan on beş min nəfər Yıldırım əsgəri bizimkilər tərəfindən ortaya alınmış və bir saldırışda həpsi əzilib dağılmış. Teymur. Yıldırımdan nə xəbər? Sobutay. Yalnız Yıldırım qəhrəmanca bir çevikliklə aradan çıxmış və beş-on nəfər məiyyətilə qaçıb qurtulmuş. Teymur. Mən qəhrəmanları çox sevirəm. Sobutay. Bir də, Yıldırım şikarda ikən su yollarını da kəsdik, təbii, ordu susuz qalınca daha çapuq təslim olur. Teymur. Çox gözəl tədbir. Bunu kim düşündü? Sobutay (Aqbuğayı göstərir). Böyük sərdar Aqbuğa. Teymur. Zatən hərb zamanı hiylə də müvəffəqiyyət vasitələrindən biridir. Şair (ətrafa). Mən yalnız Kərbəladakı ərəb Şimirini tanırdım, məgərsə türkdən də Şimir çıxarmış! Teymur. Aqbuğa! Daha durmaq lazım deyil, ordu hücuma keçməli. Sağın Yıldırımı yaralamasınlar. Ona

Page 21: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

söyləyəcək sözlərim var. İgid Sobutay! Sən də qafil olma! Hər kim onu diri yaxalarsa, onu böyük mükafat bəkləyir. Aqbuğa. Xətti-hərəkətimiz nə yolda olacaq? Teymur. Onların sağ cinahı açıqdır. İştə oradan bizim sol cinah mərkəzi əhatə etməli. Onların sol cinahı isə çox zəif. Əminəm ki, bizə qarşı duramayıb çapuq pozular. Haydı, aslanım! Cəsarət və mətanət!.. 

Aqbuğa və Sobutay əsgərcə təmənna edir, sürətli addımlarla gedərlər. 

Şair (ətrafa). Qardaş qardaş qanı içir. İştə siyasət və rəyasət bəlası! Teymur. Orxan gəlmədi, bu məni çox düşündürür. Hər halda o, bu gün bizim tərəfə keçməliydi. Divan bəyi. Kim bilir, bəlkə keçmiş də bizimkilər tərəfindən yaxalanmış... Teymur. Hər tərəfə buyruq ver, ona ilişməsinlər. (Şair Kirmaniyə.) Gəl, baxalım, şair! Sən də bir tərəfdə seyr et, müharibəni yaxından tamaşa etmənin zövqü daha başqadır. (Gedirlər). 

Almas şaşqın və müztərib addımlarla gəlir. Teymur getdiyi tərəfə baxır. 

Almas (ətrafa). Orxan, ah, Orxan! Sən Alması unutdun, fəqət Almas səni görmək üçün hərb səhnələrində dolaşır. (Teymur getdiyi yolu izlər). Birinci növbətçi (arxadaşına). Bu Divan bəyi qızı da çox tühaf! Səmərqəndin gözəl köşklərini buraxıb da Ankara çöllərindən nə istəyir, bilməm ki? İkinci növbətçi. Səncə qovğa meydanı yalnız erkəklərə məxsusmu? Birinci növbətçi (istehzalı qəhqəhəylə). Nə demək! O da qovğa etməyə gəlmişmi? İkinci növbətçi. Gülərsən ya... heç atalardan eşitmədinmi?! Çingizin anası bir qadın ola-ola at belinə mindi. Bütün qonşu ölkələri sıxışdırdı və qocaman bir səltənət qurdu. Birinci növbətçi. Nə demək, bu da Çingizin anasımı? İkinci növbətçi. Nə fərqi var, qadın qadındır. Bu da o cinsdən, bu da o nəsildən. Aslanın erkəyi, dişisimi olur? Birinci növbətçi. Fəqət mənə qalırsa, öydüyün bu dişi aslan müharibə üçün deyil, başqa bir ov üçün gəlmiş olmalı... (Yola baxır) Gözün aydın, iştə Dəmirqaya gəlir. İkinci növbətçi. O ki Orxanla bərabər Yıldırım yanına qaçmışdı. Birinci növbətçi. Nə demək! Orada yaşamamışlar da geri dönmüşlər. Almas (Dəmirqaya ilə gəlir). Allah eşqinə söylə, Orxan nə oldu? Nerdə qaldı? Dəmirqaya (qalın və yonulmamış səslə). Onun yanında... Almas. O kimdir? Dəmirqaya. Kim olur-olsun, nəmə lazım, mən qarışmam. Almas. Ah, nasıl?! Orxan gəlmədimi? Səninlə bərabər deyilmi? Dəmirqaya. Heç Teymurun qorxusundan gələ bilərmi? Moskva qızını qaçırıb da Topala görünə bilərmi? Almas. Yox, Teymur onu bağışlar. Dəmirqaya. Zənn etməm, heç zənn etməm. Almas. Sus, allah eşqinə sus! Bütün qanım başıma toplanır, beynim alovlar içində yanır. Demək, o buraya gəlməyəcək, öyləmi? Dəmirqaya. Mən ki onun qəyyumu deyiləm, istər gəlsin, istər gəlməsin. Nəmə lazım, mən qarışmam. Almas. Nasıl olursa-olsun, məni Orxanın yanına götür. Dəmirqaya. Dedim ya, mən qarışmam. Almas (ətrafa). Aman, ya rəbbi, bu hərifin qəlbi daşdanmı yapılmış. (Dəmirqayaya) Mən buraya yalnız Orxan üçün gəldim. Nerdə olsa onu bulmalıyam. Dəmirqaya. Acam, bir az yemək yeyəlim də, sonra... Almas. Zərər yox, gəl ye-iç, saqın, yaxanı buraxacaq deyiləm. Dəmirqaya. Nəmə lazım, heç buraxma! (Gedərlər). 

Bu sırada kənardan boru və çarpışma səsləri eşidilir. Birinci növbətçi. Demək, müharibə qızışdı, iştə çarpışıb vuruşurlar. 

İkinci növbətçi. Əvət, gurultu getdikcə artır. Birinci növbətçi. İştə, Orxan da Əmir ilə bərabər gəlir. İkinci növbətçi. Görünür, Dəmirqaya Alması aldadırmış. 

Kənardan eşidilən gurultu, çarpışma səsi azalır. Teymur, Divan bəyi, şair Kirmani və Orxan gəlirlər. 

Teymur. Söylə, Orxan, nə yapdın? Orxan. Mənim ilk yapdığım böyük bir qəbahətdir. Teymur. Hankı qəbahət? Orxan. Olqayı Türküstandan qaçırdım, ona görə boynum vurulmalıdır. Teymur. Onu sonra mühakimə edəriz. Mənə Yıldırımdan, Yıldırım ordusundan xəbər ver! Orxan. Bursadakı işlər məlum. Hər ay xəbər yazıb göndərmişəm. Son həftələrdə isə Anadoludakı bəylərə

Page 22: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

gözəl rütbələr vəd etdim, həpsini tərəfimizə keçirdim. Oradakı tatar və türkmənlərin başçılarını çağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu əsgəri bizim tərəfdə, imdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri, yeniçərilər və serb əsgərləri Yıldırım itaətində. Fəqət, orduda pozuqluq olunca, onlar da bir şey yapamazlar, çapuq şaşırarlar. Almas (Dəmirqaya ilə bərabər gəlir. Orxanı görüncə, şaşqın bir sevinclə). Ah, Orxan!.. 

Divan bəyi əlilə sükut işarəti verir. Almas çəkilib bir tərəfdə durur. 

Teymur (Orxana). Çox məmnun oldum; imdi söylə baxalım, gözəl prenses nerdə? Orxan. İştə qarşıda bəkləyir. Fəqət dəmin hüdudu keçərkən bizimkilər tərəfindən yaralanmış. Almas (ətrafa). Əvət, bu da yeni bir hiylə. Teymur. Orxan! Sən bir əsgərsən, fəqət işlədiyin xəyanət bir əsgərə yaxışmaz. Əcəba, xəbərsiz olaraq qızı qaçırmaq və məni saymamaq böyük bir nankorluq deyilmi? Bunu yaparkən Teymurun hiddət və qəzəbini düşünmədinmi? 

Orxan susur. 

Neçin susdun, söylə? Orxan. Böyük xaqanın mərhəməti mənim qəbahətimdən daha böyükdür. 

Teymur (sərt). Xeyr, qəbahəti məzur görmək fənalığı tərvic etməkdir. Birinci növbətçi (arxadaşına). İştə Topal yenə çıldırır. Divan bəyi (Teymura). Orxan gəncdir, igiddir. Teymur (kəskin). Xeyr, böylə bir qəbahət üçün ən böyük cəza ölümdür. Almas. Ah, ölümmü? Teymur. Əvət, Orxan yalnız edama layiqdir. Almas. Mərhəmət, ah, mərhəmət!.. (Teymura yaxlaşır). Teymur (çılğın). Çəkil! Divan bəyi. Ah, gerçəkdənmi edam? Teymur. Əvət, edam, edam...! Burax, hər kəs üçün ibrət olsun! 

Ətrafda böyük şaşqınlıq və qorxunc bir sükut... 

Orxan. Xeyr, xaqanım, xeyr... Ölüm hər kəsi qorxutsa da, Orxanı qorxutmaz. Mən vəzifə uğrunda min dəfə ölüb-dirildim. Yıldırım məni öldürtmək istərkən belə qəhqəhələrlə güldüm. İmdi isə gülmək deyil, yalnız heyrət edirəm. Həm də başqa əlləri qanımla ləkələndirmək istəməm. (Belindəki xəncəri çıxarır. Özünü vurmaq istər) Ah, sən məni alçaltdın, fəqət mən... iştə! Teymur (gur və kəskin səslə). Orxan! Əcələ edirsən, mən səni alçaltmaq deyil, yalnız imtahan etmək istədim. (Şən qəhqəhəylə) Unutma ki, Teymur şahmat oynarkən belə, taxtadan yapılmış kiçik bir piyadanı qeyb etmək istəməz. Halbuki, sən cəsur və eşsiz bir qəhrəmansan. (Yaxlaşıb Orxanın omuzunu oxşar) Əvət, sənin məharət və cəsarətin işlədiyin qəbahətdən daha böyükdür. Olqayı, o dəyərli yadigarı mükafat olaraq sənə bağışladım. Fəqət qəlbin onun, düşüncə və biləklərin bizim olsun. 

Bu sırada Olqa gəlir və örtündüyü çarşaf omuzlarına sarkaraq baxıb durur. 

Almas (çılğın bir tövr ilə Teymurun qarşısına keçərək). Xeyr, xeyr! Sən bunu əsla yapamazsan. Əvət, sən böyüksən, bütün dünyaya hökm edə bilirsən; fəqət Orxanın qəlbinə deyil! Unutma ki, mən anayam. Şair (ətrafa). Əvət, ana qəlbi hər şeydən güclü və məhəbbətlidir. Olqa (köksünü sıxaraq, ətrafa). Ah, bu ox yarası məni məhv edəcək... Teymur. Almas! Səbr və mətanət lazım. Almas. Xeyr, xeyr. (Olqanı göstərir) Sən ona bütün aldığın ölkələri bağışlaya bilərsən, fəqət mənə verilən bir qəlbi əsla! Əsla! (Orxana) Neçin susdun, Orxan, cavab ver! Orxan. Xaqan hüzurunda ədəb gözədirəm. Almas. Halbuki, həyat yoldaşına xəyanət eyləmək daha böyük ədəbsizlikdir. Olqa (Teymur qarşısında diz çökərək). Böyük Xaqan! Mənim varlığım bir çoxlarının hissiyyatını zəhərləyir, məni öldür də, hər kəs iztirabdan qurtulsun. Teymur (onun qolundan tutub qaldırır). Xeyr, Moskva çiçəyi, xeyr... Mən yalnız qızğın aslanları, azğın qaplanları şikar edirəm. Mənim oxum yalnız vəhşi qartalların qanilə boyanır. Sən şətarətli bir gövərçinsən, halbuki, Teymur əsla gövərçin qanı tökmədi. Almas. Gövərçinləri də şahinlər parçalar. (Qoynundan ufaq bir xəncər çıxarıb vurmaq istər). Divan bəyi. Almas! 

Orxan Almasın biləklərini yaxalar, xəncər düşər. 

Page 23: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

Olqa (qırıq səslə, acı təbəssümlə). Heç təlaş etmə... Almas!.. (Qanlı köksünü açaraq) Mən... iştə yaralanmışam... Artıq kimsəyə... zəhmət vermiyəcəyəm. Ah, ah, ahh... (Bayılıb düşür). Teymur (növbətçilərə). Yardım edin! 

Olqanı qaldırırlar. Almas çəkilir. Ətrafda gurultu və çarpışma səsləri yüksəlir. Teymur Divan bəyiyə. 

Bax gör nə var? Divan bəyi (yola baxır). İştə, Sobutay gəlir. Sobutay (gəlir, əyilir). Böyük Xaqana müjdələr. Teymur. Nə olmuş? Sobutay. Yıldırım ordusu pozuldu. Teymur. Nasıl? Ətraflı söylə! Sobutay. Onların sol cinahı az bir zaman bizə qarşı dura bildi. Sonra birdən-birə şaşırıb dağıldı. Şahzadə Süleyman və Əli paşa bir-iki bölüklə qaçmış. Şahzadə Məhəmməd də öz ehtiyat firqəsilə Amasya yolunu tutmuş. Teymur. Yıldırım özü nə halda? Sobutay. Onu heç sormayınız! Yıldırım gerçəkdən böyük qəhrəman. Hər kəsdən ziyadə çarpışıb vuruşdu. Ətrafdakı sipahilər və yeniçərilər də son dərəcə igid... Bununla bərabər həpsi əsir. Həpsi təslimə məcbur oldu. Teymur (Divan bəyiyə). Əmr et qaçanları qovmasınlar. Saqın, Yıldırıma bir şey olmasın. Həm də əsla ehtiramda qüsur edilməsin. Divan bəyi. İtaət, xaqanım. (Sobutayla bərabər gedir). Şair (ətrafa). Qəhrəmanlardakı fəzilət dəhşətləri qədər böyükdür. Teymur (olta vurur, qızğın və sinirli). Kəlbi-əqur!.. Kəlbi-əqur! Nə böyük cəsarət! Ah, məğrur!.. İdraksız! Teymurun təhəmmül və nəzakəti sənin kimi çoxlarını aldatmış. Lakin atəşli bir tokat həpsini sərxoşluqdan ayıltmış. (Çılğın) Yıldırım, ah, Yıldırım! Özünü dev aynasında görüb də qudurdun. Fəqət düşünmədin ki, sirkə nə qədər tünd olursa, qabı daha çapuq çatlar. Şair. Əcəba, böyük xaqanın bir-iki sözlə əsəbiləşməsi tühaf deyilmi? Teymur. İki sözmü? İki sözmü? Ah, bu həzyan zəhərli bir ox kimi röyada da beynimi dəlir. Kəlbi-əqur! Kəlbi-əqur! Ah, nə sayğısızlıq! Xeyr, böyük nəhrləri yataqlarından çıxaran, sarsılmaz və keçilməz dağları yaran Teymur hər acıyı unudar da, fəqət bu iki sözü əsla! Əsla! Şair. Hər halda, Yıldırım sənin can qardaşın, qan qardaşındır. Teymur. Əfsus ki, qardaş yarası daha acı, daha qorxunc olur. Sobutay (gəlir, əyilir). Yıldırım hüzurunuza gəlir. Teymur. Buyursunlar. 

Yıldırım iki nəfər Teymur əsgərlərilə gəlir. Aqbuğa ilə Divan bəyi də bərabər bulunur. 

Divan bəyi. İştə, Osmanlı sultanı Yıldırım Bayazid! Aqbuğa. Yalnız sultan deyil, həm də cəsur bir komandan! Teymur (yer göstərir, təvazölə). Buyurun, şövkətli Sultanım! Tanrı qulu Teymurdan daima ikram və ehtiram görəcəksiniz. Yorğunsunuz, rica edirəm oturun. (Oturmaz, Teymur ona cibindən bir kağız çıxarıb verir). Lütfən bu məktubu oxurmusunuz? Yıldırım (məktubu alır, aşırı dərəcədə gözlərinə yaxlaşdırır və Teymura iadə edər). Zatən yazıldığı zaman oxunmuş. Teymur. İştə, mən bu məktubdakı sözlərinizi unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, hətta məhəbbətinizi də qazanmaq istərəm. Əvət, məhəbbətinizi də qazanmaq istərəm. (Mənalı və məğrur bir tövr ilə şair Kirmaniyə baxır) Əcəba, buna şair nə söylər? Şair (səmimi və coşğun bir ahənglə). Məhəbbət! Məhəbbət!... Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun. Teymur. Əcəba, məğrur Yıldırım nə düşünür? Yıldırım. Düşünəcək bir şey yox. Əvət, sən qalibsən. Lakin bu qələbə türk əqvamını deyil, yalnız fürsət bəkləyən qonşu hökumətləri məmnun etdi. (Acı bir köks keçirdikdən sonra, çox mütəəssir və şiddətli) Ah, daha doğrusu İslam aləmini başsız qoydu. Teymur (iki-üç addım axsayaraq Yıldırıma doğru yürür, məğrur və gur bir səslə) Heç maraq etmə, Xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı. 

PƏRDƏ 

Page 24: file · Web viewTOPAL TEYMUR Dram - 5 pərdə Yazılmışdır: 1925 İlk nəşri: 1926 İlk səhnə quruluşu: 1926 ƏŞXAS I Topal Teymur... Dilşad — Teymurun hərəmi

SON