c f o v - isamveri.orgisamveri.org/pdfdrg/d01996/2014_19/2014_19_rahiln... · müqəddəsi...
TRANSCRIPT
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
69
N A M İ Q M U S A L I
R A H İ L N Ə C Ə F O V
ƏHMƏD İBN MƏHƏMMƏD ƏRDƏBİLİ VƏ ONUN
“ƏQAİDÜL - İSLAM” ADLI TÜRKCƏ FƏLSƏFİ ƏSƏRİ
Açar sözlər: Əhməd Ərdəbili, “Əqaidül-islam”, Azərbaycan, Səfəvilər.
Key words: Ahmad Ardabili, “Akaid al-Islam”, Azerbaijan, Safavids.
Ключевые слова: Ахмад Ардабили, «Акаид-уль-Ислам», Азербайджан,
Сефевиды.
Səfəvilər sülaləsinin iki əsrdən artıq davam etmiş hakimiyyəti zamanı
İslam mədəni bölgəsinin bir hissəsi olan Azərbaycanda türkcə ədəbiyyatın
çoxşaxəli inkişafı üçün əlverişli şərait yaratmış və təkcə ədəbi deyil, həm də
tarixi, dini-fəlsəfi, tibbi və s. sahələrdə elmi mövzuları ehtiva edən dəyərli
əsərlər qələmə alınmışdır. Bunlardan biri araşdırmaya cəlb etdiyimiz Əhməd
Müqəddəsi Ərdəbili adlı azərbaycanlı mütəfəkkirin “Əqaidül-islam” (“İslamın
əsasları”) risaləsidir1. Araşdırdığımız isə əsərin iki nüsxəsidir2.
Əhməd Ərdəbilinin həyatı: “Əqaidül-islamın” müəllifi olan XVI əsr
ilahiyyatçısı və filosofu Əhməd ibn Məhəmməd Müqəddəsi Ərdəbili haqqında
Məhəmmədəli Tərbiyət, Fəxrəddin Musəvi, Əliəkbər Zəmaninəjad, Sadiq
Həsənzadə, Mirzə Rəsul İsmayılzadə kimi İran alimlərinin tədqiqatları
vasitəsilə məlumat almaq mümkündür [12; 10; 14; 7; 6]. Bu ilahiyyatçı alim
Ərdəbildə bağban ailəsində dünyaya gəlmişdir3 [6, s.III]. Mənbələrdə o, böyük
elm və fəzilət sahibi bir şəxs kimi xarakterizə olunur. Əhməd Ərdəbili öz dayısı
Tar.ü.f.d. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. [email protected]
Fəl.ü.f.d. AMEA Fəlsəfə və Hüquq İnstitutu. [email protected] 1 XIX əsrdə litoqrafik üsulla Təbrizdə nəşr olunmuş hər iki nüsxəsinə istinad etmişik. 2 Əsər AMEA kitabxanasının Şərq ədəbiyyatı şöbəsində saxlanılır. Təəssüf ki, hər iki nəsr
əsəri Azərbaycan və əski türk dilində yazılmış əsərlər kataloquna deyil, farsdilli əsərlərin
kataloquna daxil edilmiş və bu səbəbdən diqqətdən kənarda qalmışdır.
3 Tarixçi alim F.Musəvi “Ərdəbilin tarixi və onun ziyalıları” adlı əsərinin I cildində Əllamə Məclisi, Mühəqqiq Şüştəri, Seyid Xansari, Hürr Amuli, Bəhrül-ülum ləqəbi ilə tanınan Əllamə Seyid Məhəmməd Sadiq, Seyid Nemətullah Cəzairi, Əmir Məhəmməd Saleh Xatunabadi və b. müəlliflər tərəfindən fars və ərəb dillərində yazılmış müxtəlif məxəzlərə istinad edərək, Əhməd Ərdəbili haqqında ətraflı məlumat verir. Seyid Xansarinin “Rövzətü-l-cənnət” əsərindən aydın olur ki, bu şəxs müsəlman dünyasında həm də Əhməd ibn Məhəmməd Azərbaycani kimi tanınmışdır.
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
70
Əllamə İlyas Ərdəbilidən, məşhur ilahiyyatçı Xoca Cəlaləddin Məhəmməd
Dəvvaninin tələbəsi olan Xoca Cəmaləddin Mahmud Şirazi və b. alimlərdən dərs
almışdır. Təhsilini artırmaq məqsədilə Nəcəf şəhərinə (İraq) gedib orada həm
mədrəsədə təhsil, həm də tədris işləri ilə məşğul olmuşdur. Qaynaqlarda çox
sayda tələbəsi olduğu da bildirilir. Şiə məzhəbinin cəfəri qolunun ardıcılı olsa
da, müəyyən qədər təsəvvüfə də meyl göstərmişdir.
Səfəvi dövrünün görkəmli din xadimi və müctəhidi Əllamə Məclisinin
onun barəsində söylədiyi fikirlər xüsusilə maraq doğurur: “Əhməd Ərdəbili
möminlik, zahidlik və paklıqda, eləcə də elm və bilikdə ən yüksək zirvəyə
yüksəlmişdir. Mən istər keçmiş, istərsə də müasirlər içərisində onun kimisi
haqqında eşitməmişəm. Başqa sözlə, Əhməd ibn Məhəmməd Ərdəbili
böyüklükdə, iman və əmanətdə o qədər məşhurdur ki, bu barədə danışmağa
ehtiyac yoxdur və onun tərifini sözlə əhatə etmək olmaz”. M.Tərbiyətin
dəyərləndirməsinə görə, “Əhməd Ərdəbili islam fəlsəfəsi və fiqh elmində
yüksək bilikli şəxsiyyətlərdən və öz dövrünün ən dindar və pak adamlarından
olmuşdur” [12, s.142].
“Əqaidül-islam” risaləsi haqqında. Türk dilində yazdığı “Əqaidül-
islam” risaləsi ilə yanaşı, ilahiyyat, fəlsəfə, əxlaq, tarix və s. sahələrə dair ərəb və
fars dillərində çox sayda əsərlərin, haşiyələrin, risalələrin müəllifi olan Əhməd
Müqəddəsi Ərdəbili h. 993-cü ilin səfər (fevral 1585-ci il) ayında İraqın Nəcəf
şəhərində vəfat etmiş və orada dəfn edilmişdir [10, s.48-72; 7). Ümumiyyətlə,
22 əsərin müəllifi sayılsa da, İran alimi Ə.Zəmaninəjad Əhməd Ərdəbili
tərəfindən yazılmış və ya ona aid olduğu ehtimal edilən 58 kitabın siyahısını
dərc etmişdir [14, s.93-122]4.
“Əqaidül-islam” əsəri giriş, iki müqəddimə, beş fəsil (“bab”) və bir
nəticədən ibarətdir. Azərbaycanlı müəllif əsərini doğma türk dilində yazdığını
xüsusi şəkildə qeyd edir: “Əgərçi bu babdə risaleyi-ərəbi və farsi çok idi və amma
türki dilincə kitabi-əqaid isbati-zati vacibul-vücuddə yok idi, fil-həza bu bəndeyi-
bibəzaət və xati Əhməd Ərdəbili (əfiyullah ən cəraiməhu) xatirinə böylə fərz oldı
kim, iman və islam qardaşları və dinü məzhəb yoldaşları içün kitabi-əqaid türki
dilincə isbati-zati-vacibül-vücuddə yazayım ki, nəfi-am və faidəsi tam olsun” [4,
s.3]. (“Bu mövzuda ərəb və fars dillərində yazılı əsərlərin çoxluğuna
baxmayaraq, türk dilində Vacibul- vücudun varlıq dəlillərinə dair əqaid kitabı
4 F.Musəvi, M.R.İsmayılzadə, Ə.Nəcəf və B.Cavanşirin tədqiqatları nəticəsində “Əqaidül-islam”ın Əhməd Ərdəbiliyə aid olması sübuta yetirilmişdir [10, s.52; 6, s.X; 8, s.321; 11, s.117]. “Əqaidül-islam”ın orijinal mətni əsasında bu əsərin birbaşa olaraq, Əhməd Ərdəbilinin özü tərəfindən türkcə yazıldığını göstərən faktlar üzə çıxarılaraq, elmi dövriyyəyə buraxılmışdır.
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
71
yoxdur, bu səbəbdən mənə (Əhməd Ərdəbili – R.N.) vacibdir ki, iman və islam
qardaşları və dini məzhəb yoldaşları üçün əqaid kitabını Vacib varlığın varlıq
dəlillərini sübut etmək üçün türk dilində qələmə alım ki, onun faydasından
hamı yararlana bilsin”).
“Əqaidül-islam” əsəri, İslam bölgəsi fəlsəfi mətnlərində olduğu kimi,
Allahın mədhi ilə başlayır: “Həddsiz şükürlər olsun o Vacib Varlığa (Allah
nəzərdə tutulur – R.N.), sonsuz səmada onun ilah olmasının sübutu günəş kimi
açıq-aşkardır və varlığının birliyinin sübutu da gündüz kimi aydın və parlaqdır.
İkincisi, hədsiz qüdrət və əzəmətinin sayəsində dünya, sonsuz iradəsinin
sayəsində isə insan var olmuşdur”.
Müəllif əsərin yazılmasında məqsədini bu cür açıqlayır: “Və bə’d bilmək
gərək kim, murad bu vücudi-aləmdən və məqsəd xəlqi-bəni-Adəmdən və
ənbiyanun təşrifi-risalət bulmağı və kəlami-şərifi-məliki-mənnanın gögdən yerə
nazil olmağı və təklifi-imanü islamdan və bəyani-həlalü həramdan və tələbi-
məaşü fikri-məhşər və əmr be-məruf və nəhy əz-münkər və vədeyi-səvab
möminlərə və vəidi-əzab kafirlərə, həzrəti-vacibül-vücudın zati-qüdsiyyəsini və
sifati-sübutiyyə və səlbiyyəsini dəlili-əqliylə və bürhani-nəqliylə isbat qılmaq və
yəqin xalis etiqad ilə onı tanımaqdur”. (Sonra isə bu dünyanın varlığından və
insan övladının yaradılmasından və peyğəmbərlərin göndərilməsindən, Allahın
kəlamı olan müqəddəs Quranın nazil olmasından, (insanlara) iman və İslamın
təklif olunmasından, halal və haramın aydınlaşmasından, yaxşılığa təşviq və
pislikdən uzaqlaşdırma təmayülündən və möminlərə əməllərinin əvəzinin
müjdələnməsindən və kafirlərə əzabın vədlərindən söhbət açıb, hz.Vacib
varlığın müqəddəs zatını, sübuti və səlbi sifətlərini əqli dillər və nəqli sübutlar
ilə əsaslandıraraq və şəksiz saf etiqad ilə onu tanıtmaqdır).
Əsərin birinci müqəddiməsində müəllif elm oxumağın və öyrənməyin
böyük əhəmiyyət kəsb etməsindən söz açır: “Bildün kim, məqsudi-əslyi-bu
dünyayi-faniyə gəlməkdən Vacibül-vücudi cəmi sifati-kəmal ilə bilmək və
tanımaqdur və anın pərvərdigarlığına və göndərdigi peyğəmbərlərinə və anların
belə gətürdügi kitablarına və kitablarında olan əmr və nəhyin xitablarına təsdiq
eyləyüb təslim olmaqdur. Pəs, hər baliğü aqilə vacib və lazımdur kim, məzkur olan
məsaili qüvvəti yetişdükcə və qüdrəti irişdükcə, xah oxumaq ilə olsun və xah
xəbərləşmək ilə cəhd eyləyüb ögrənə və bilə, ta kim imanı kamil və ibadəti
dərəceyi-qəbulə şamil ola” [4, s.3-4]. (“Bildin ki, bu dünyaya gəlməkdən məqsəd
Vacib varlığı bütün kamal sifəti ilə bilmək və tanımaqdır və onun Tanrı
olmağına və göndərdiyi peyğəmbərlərinə və onların belə gətirdiyi kitablarına
və kitablarında olan əmr və qadağalara tabe olub təslim olmaqdır. Beləliklə, hər
yetkin və ağıllı insan gərək məlum gücə-qüdrətə yetişdikcə istər təhsil, istərsə
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
72
xəbərləşməklə cəhd edib öyrənməli və bilməlidir ki, imanı kamil olsun və
ibadəti də qəbul olunan dərəcəyə yüksəlsin”).
Əsərdə qoyulan fəlsəfi məsələlər. Ərdəbilinin bu əsərdə qələmə aldığı
əsas mövzulara dünyanın varlığı və insanların xəlq olunması, onlara
peyğəmbərlərin göndərilməsi, Quranın və digər müqəddəs kitabların nazil
olması, onlarda bəhs edilən iman əsaslarının bəyanı, halal-haram, qiyamət,
məhşər, əməllərə görə cəzalanma və mükafatlanma, o cümlədən Tanrını zati və
sübuti sifətləri kimi məsələlər daxildir.
Ərdəbili müqəddimədə İslam bölgəsi fəlsəfəsinin ümumtədqiqat
mövzularından əqli və nəqli dəlillər üzərində xüsusi dayanır və qeyd edir ki,
Vacib əl-vücudun varlığının sübut edilməsində həm əqlə, həm də nəqlə
(bürhan) əsaslanan dəlillərdən istifadə etmək lazımdır. Filosof deyir: “Vacib
varlığın sübutu fəslində elm əhlinin dəlillləri iki hissədə sıralanır: bürhani və
vicdani. Bürhani də ikiyə bölünür: əqli və nəqli. Amma əqlin dəlili iki yolla
mümkündür, çünki məxluq Xaliqə, Xaliq də məxluqa dəlil olaraq göstərilir. Buna
nümunə kimi deyə bilərik ki, Tanrının mövcudluğu gün kimi aydındır, ona görə
məxluqatın mövcudluğu da açıq-aşkardır. O zaman Tanrının varlığı məxluqun
varlığına açıq-aşkar dəlil təşkil edir” [4, s.4-5].
“Peyğəmbərin vəsiləri və canişinləri” dedikdə o, imamlarını nəzərdə
tutmuşdur. Ərdəbili peyğəmbərlik dərəcəsinin imamət dərəcəsindən, imamət
dərəcəsinin isə övliyalıq dərəcəsindən üstünlüyünü ifadə edir: “Nübüvvət
dərəcəsi ucadır imamət dərəcəsindən və imamət dərəcəsi də ucadır vilayət
dərəcəsindən” [4, s.5-6].
Əsərin birinci fəsli Allahın sabit və şəriksiz olması, ikinci fəsli yalnız Allaha
xas olan sifətlər (sifati-sübutiyyə), üçüncü fəsli Allaha məxsus xüsusiyyətlər
(sifati-səlbiyyə), dördüncü fəsli peyğəmbərlik (nübüvvət), beşinci və ən iri
həcmli fəsli imamət, nəticə isə qiyamətin (məad) şərhinə həsr edilmişdir.
Müəllif əsərin türk oxucusuna anlaşıqlı olmasına səy göstərir və bəzi
terminlərin izahı üzərində dayanır: “Bu müqəddimədə filosofların və
kəlamçıların qeyd olunan terminlərini başa düşmək lazımdır. Çünki Vacib
varlığın (Tanrının) sübutu fəslində onlara ehtiyac olacaqdır. Buna görə də biz
onları açıqlayıb izah edirik ki, asan anlaşılsın. Onlar varlığın izahından başlayır.
Bilməlisən ki, türk dilində vücud və mövcud var olmağa deyirlər. Misal üçün,
söz gəlişi belə deyirlər: “Filan şeyin vücudu qənimətdir”” [4, s.6]. Yaxud digər
bir yerdə: “Haqq-təalanın şərikinin olması qeyri-mümkündür, ona da fəlsəfi
dildə “mümtəniül-vücud”, yaxud “muhal” deyirlər. Bu da o deməkdir ki, Nur
sahibinin nurundan öz payını almamış olsun, qeyri-mövcud olsun” [4, s.7].
Mövzu ilə əlaqəli olaraq, Müqəddəsi Ərdəbilinın varlıq problemini xilqətlə
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
73
əlaqəli, məhz bu kontekstdə götürdüyü aydın görünür. Onun düşüncəsinə görə,
varlıq iki formada cərəyan edir. Onlar varlığını heç nədən və heç kəsdən
almayan, əksinə, digərlərinin var olma səbəbi olan vacib varlıq və varlığını
başqasından alan, mövcud olması etibarı ilə müstəqil var ola bilməyən mümkün
varlıqlar kimi götürülür. Müqəddəsi Ərdəbili varlığın Tanrının iradəsi ilə var
olduğu görüşünü müdafiə edir. Tanrının iradəsilə mümkün olan varlıqların
yaranmasını özünəməxsus tərzdə izah etməyə çalışır. Onun qənaətincə, görə
iradə ehtiyacdan doğan şeydir, yəni ehtiyacla əlaqədardır. Lakin Tanrının
nəyəsə möhtac olma xüsusiyyətinin düşünülməsi ehtimalı mümkün olmadığına
görə, Vacib varlığın, yaxud mümkün varlığın mövcudiyyəti məsələsinə Ərdəbili
qısaca toxunur və bu məsələ şərh olunmamış qalır.
Onun varlıq və xilqət ilə əlaqədar şərhlərində zaman-zaman müəyyən
uyğunsuzluqlar müşahidə olunur. Mütəfəkkir varlıqdan bəhs edərkən onun
təfəkkürlə dərindən əlaqəsinin olduğunu iddia edərək, bunlar arasında əlaqə
tapmağa çalışır. Müqəddəsi Ərdəbili varlığın şüurda sabit şəkildə var olduğu
düşüncəsinə əsaslanaraq, əslində varlıqları mənəvi aspektdən dəyərləndirir.
Onun etiqadına görə, bu varlıq dəyişməz və daimdir.
Bu baxımdan filosof varlığı açıq bir şey kimi xarakterizə edir. Varlıq
əslində düşüncədə bir ideyadan ibarətdir və biz bunu açıq-aşkar dərk edirik.
Biz şüurda olan varlıqları hisslərimizin köməyi ilə görür, duyur və başa
düşürük. Müqəddəsi Ərdəbili varlıq sözünə açıqlıq gətirmək üçün müəyyən
anlamda əql ilə mahiyyət kontekstində onun təfsirinə çalışır. Filosof mahiyyəti
anlamın zehindəki təsəvvürü kimi müəyyənləşdirir. Bu mənada təzahür həmin
şeyin maddi dünyadakı varlığı hesab olunur.
Məsələyə zəruri varlıq baxımından (Vacib əl-vücud) yanaşdıqda bu iki
xüsusiyyət özünəməxsus suallar doğurur. Burada Müqəddəsi Ərdəbili zəruri
varlıq üçün düşüncədə ayrı bir mahiyyətin mövcudluğunu, onun varlığı ilə
mahiyyətinin bir-birindən ayrılmaz olduğunu vurğulayır, yəni mahiyyəti onun
varlığından ayrı təsəvvür etmək olmaz. Bu baxımdan o sadədir (bəsitdir). Sadə
olması səbəbiylə onu tərif etmək çətindir.
Əsərdə filosofun təfsirindən aydın olur ki, Zəruri varlıq deyəndə, o, əslində
Tanrının varlığını nəzərdə tutur, ondan başqa digər bütün varlıqlar (“masiva”)
isə mümkün varlıqlar hesab olunur.
Müqəddəsi Ərdəbili ilk qanun (əl-qanun əvvəl) və ya ilk prinsipə
əsaslanaraq, bir-birinə bağlı – Vacib varlıq, mümkün varlıq və qeyri-mümkün
varlıq növlərindən (Vacibül-vücud, mümkünül-vücud, mümtəniül-vücud) ibarət
ümumi varlıq kateqoriyasını təqdim edir. Varlıq ancaq ilk ideyanın bilinməsi ilə
məlum olur. Varlıq kateqoriyasında varlıqlar və ya ümumilikdə bütün mövcud
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
74
olanlar (xilqətin) ilk prinsiplə həyatla başladığı kimi yenə eyni şəkildə sona
çatır. Bundan çıxış edərək deyə bilərik ki, Müqəddəsi Ərdəbilinın “Əqaid”
əsərində varlıq ilə əlaqədar görüşlərin təməlini mövcud olan əl-qanun əvvəl
ideyası təşkil edir.
Alim öz əsərinin bəzi yerlərində oxucu ilə səmimi dialoq qurmağa çalışır.
Belə ki, sadə xalqın anlaya bilməsi üçün Ərdəbili müxtəlif hekayətləri öz əsərinə
daxil etmişdir: “Bu deyim məşhurdur ki, bir qoca qadın var idi və qarşısındakı
cəhrədə yun əyirirdi. Ondan soruşdular ki, sən Tanrının varlığına inanırsanmı
və bunu necə sübut edə bilərsən? Qadın əlini həmin anda cəhrədən çəkdi və o
da dayandı. Qadın cəhrəyə işarə edərək belə dedi: “Allah qorusun, əgər Allah
olmasaydı, bu çərxi-fələk, günəş və ay, gündüz və gecə, fəsillər necə dəyişib bir-
birini əvəz edərdi, heç bir həyat olmazdı, bax, bu cəhrə kimi dayanıb-durardı”
[4, s.13].
Müəllif əsərinin II və III fəsillərini həsr etdiyi sifati-sübutiyyə və sifati-
səlbiyyə terminlərini belə izah edir: “Qeyd olunan ayələrdən belə məlum olur ki,
vacib varlığın xüsusiyyətləri ikidir. Onlardan biri sifati-sübutiyyədir. Çünki
məlumdur ki, əql ilə birlikdə bu xüsusiyyətlər vacib varlıqda olmalıdır. Yoxsa
vacib varlıq naqis olacaq ki, bu da nöqsan deməkdir, amma vacib varlığın
mövcudiyyətində nöqsan olması mümkün deyil. İkincisi isə, səlbi sifətlərdir və
onların vacib varlıqda olması zəruridir. Əgər onlar olmazsa, o zaman Vacib
varlıq digərlərinə möhtac olar, bunun da olması mümkün deyil. Və bu
məsələlərin hər biri lazım olan yerdə açıqlanacaqdır, inşallah” [4, s.14-15].
Müqəddəsi Ərdəbilinin əsərində “Varlığın tərifi nədir?” tərzindəki bir suala
cavab olaraq müəllif qəribə bir paradiqma irəli sürür. Ərdəbili deyir ki, bütünə
hissədən nə üçün böyük olduğu soruşula bilinmədiyi kimi, varlığa da “nədir?”
sualı verilə bilməz, çünki varlıq müstəqil və heç nədən asılı olmayaraq təsəvvür
edilir, bütün isə təsəvvür edilənlərdən ayrı halda və ilkin formadadır. Bu
xüsusiyyətlərindən ötrü “varlıq” anlayışı öz xaricindəki bütün anlayışların
səbəbini təşkil edir. Hətta “yoxluq” anlayışı da varlığın əsasında aydın ola bilər
(2, s. 34).
Ərdəbili yazır: “Fələk maddə cinsinə aid olan bir mürəkkəbdir (mürəkkəb
varlıqdır). Belə ki, onun varlığı da var olması etibarı ilə çoxlu sayda küllilərdən
(universal) ibarətdir. Lakin, o çoxluğa geri qayıtması mümkün olmayan
maddədir və şəxsdə məhdudlaşır. Yaradıcı isə çoxsaylı tərkibdən ibarət
deyildir. Əgər o, zamana möhtac olsaydı, çoxluqdan imtina edən cüz olardı, yox,
əgər maddəyə möhtac olsaydı, onun mahiyyəti cinsdən də aşağı varlığın
xaricində bəsit bir növ olardı və bu təqdirdə çoxluqda var olmaqdan imtina
edən maddə ilə təcrid olunardı.
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
75
Bədəni idarə edən və onunla təşviqedici əlaqələri olan danışan nəfs
(nəfsi-natiqə) nədir? Onun ölümündən sonra, yaxud da ölüb bədəni
kəfənləndikdən sonra əbədi qalacağına bir dəlil varmı? Onun var olmasının
sübutundan sonra öz zatı ilə qaimdir, öz yerində olmayan bir haldır ki, fəna da
ancaq fənaya hazırlıq üçün olan daşıyıcıya (məhmul, yaxud bədən) icazə verən
bir məkandır. Əgər onun bir məkanı yoxdursa və yox olmağa (fəna) məhkum
olan bədən deyilsə, onda o yoxluğa hazır deyil və yoxluq da ona hazır deyil.
Əgər desələr ki, sonradan yaranandır (hadis), bil ki, sonradan yaranan var
olmadan öncəki varlığa hazırlıq üçün daşıyıcıya (maddi cismə) möhtacdır” (1,
26).
Müəllif əsərin IV fəslində peyğəmbərlik missiyasından və peyğəmbərlər
tarixindən söz açımşdır. Burada müəllif dini-fəlsəfi əsərlərlə yanaşı, “kütübi-
siyər5” adlandırdığı tarixi qaynaqlara və tərcümeyi-hal kitablarına da müraciət
edir [4, s.41]. V fəsil isə imamət məsələsinə həsr edilmişdir. Aydın görünür ki,
öz əsərində əvvəlcə dinsizlərə və Allahı tanımayanlara qarşı Allahın varlığını
sübut etməyə çalışan müəllif daha sonra dinlər arasında islamın ən doğru din
olduğunu sübut etməyə çalışmış, bundan sonra da islam məzhəbləri arasında
şiəliyə rəğbətini ifadə etmişdir. Şiəlik məzhəbi İslam dinində önəmli yer tutan,
xeyli ardıcılları olan və hazırda da mövcud olan məzhəblərdəndir. Məzhəb
sözünün lüğəvi mənası ərəb dilindəki zəhəbə (ذهب) felindən törəyib “getmək”,
yaxud “gedilən yol” mənasındadır. Şiəliyin ortaya çıxmasının və siyasi iqtidarın
ideoloji silahına çevrilməsinin müəyyən siyasi, iqtisadi səbəbləri mövcud idi və
biz bunları araşdırmaqdan daha artıq, mövzumuza uyğun olaraq elmin və
fəlsəfənin vəziyyətinə və Müqəddəsi Ərdəbilinin Azərbaycan türkcəsində
yazdığı fəlsəfi əsərin ortaya çıxma səbəblərinə diqqət yetirəcəyik. Bu yöndə
alim çoxsaylı hədislər nəql edir. Məhəmməd peyğəmbərin aşağıdakı hədisinin
tərcüməsi də bu qəbildəndir: “Mənim Əhli-beytimin hekayəsi Həzrəti-Nuhun
gəmisinin hekayəsi kimidir. Həmin gəmiyə daxil olan hər kəs, dəhşətli tufandan
xilas olar və ondan üz çevirən hər kəs, zəlalətin quyusuna düşüb həlak olar” [4,
s.64].
Əsərin “Miadi-cismani və ruhani” adını daşıyan xatimə (nəticə) sonuncu
hissəsi qiyamət və axirət mövzularına həsr olunmuşdur. Əsərin bir çox
yerlərində Qurani-Kərimdən ayələrin türkcə tərcüməsi və sadələşdirilmiş geniş
təfsiri verilir [4, s.14-15,17,40-43,48-49 və s.]. Bu baxımdan “İxlas” surəsinin
təfsiri xüsusilə maraq doğurur [4, s.14-15].
“Əqaidül-islam”da Məhəmməd peyğəmbərin, Həzrət Əlinin, İmam Cəfər
5 Kütubi-siyər kitabları Peyğəmbərin həyatından bəhs edən kitablara deyilir.
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
76
Sadiqin və digər imamların hədislərinə də yer verilir [4, s.12,17,18,19 və s.].
Müəllif bir çox hədis kitablarından, xüsusən də şiə məzhəb ilahiyyatçı
Küleyninin “Üsuli-kafi” adlı əsərindən bəhrələnmişdir. Bəzi hallarda o, hədisləri
hansı mənbədən götürdüyünü də açıq şəkildə bildirir: “Və amma müqəddəs
hədislərdə yalnışlıq çoxdur. Ona görə, “Üsuli-Küleyni”6 adlı məşhur əsərin
birinci fəslində hədis ilə açıqlanır…” [4, s.17].
Müqəddəsi Ərdəbilinin əsərində müraciət etdiyi şeirlər
Müəllif öz müasiri olmuş məşhur Azərbaycan şairi Füzulinin adını
hörmətlə çəkir və onun əsərlərindən öz fəlsəfi görüşlərinə müvafiq olan
beytləri iqtibas olaraq verir. Məsələn, əsərin beşinci fəslində “nə yaxşı deyibdür
arifi-Bağdadi (bağdadlı arif – N.M.) Füzuli” qeydindən sonra Müqəddəsi
Füzulinin aşağıdakı beytini örnək gətirir:
Verməyən canın sana bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana [6, s.179].
Müqəddəsi Ərdəbili həm də türkcə dini-fəlsəfi mahiyyətli şeirlər
yazmışdır. “Əqaidül-islam”ın müxtəlif yerlərində onun şeirlərinə və ya ayrı-ayrı
beytlərinə təsadüf edirik [4, s.6, 8-9,13 və s.]. Onun “Əqaidül-islam”da əksini
tapmış fəlsəfi mahiyyətli digər bir şeiri diqqəti cəlb edir:
Hər nə mövcudati-nəfsül-əmrdə var, ey əziz,
İki əslə cümləsi bürhan ilə məqsum7 olur.
Birisi vacibdür anın, dəxi mümkün ol biri,
Leyk vacib birdürü mümkün iki məfhum olur.
Birinə cövhər8 deyərlər, ol biri ərəz9 ola,
Dəxi cövhər münqisim beş ismilə mövsüm olur.
Biri əqlü biri nəfsü birisi cism anların,
Dəxi surətdə həyula hər biri məlum olur.
Pəs ərəz dedikləri əqlilə doqquz qisimdür,
Cümləsi tərtib ilə bu nəzmidə mənzum olur.
Keyf10 deyərlər mütləqa hər eybü əlvan cinsinə,
Kəm11 deyərlər hər nə kim miqdaridən məfhum olur
6 Şiənin əsas hədis qaynağıdır. 7 Bölünmüş olur 8 substansiya 9 ərəz 10 Keyfiyyət 11 Kəmiyyət
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
77
Vəz ol həyatdurur ki, şirkəti-əza ilə
Yatmaqu durmaq kimi mövcud olur, mədum olur.
Mülk ol həyatdurur kim, hasil olur cism içün,
Don ilə qurşaq kimi mənqul12 olur, məlzum olur.
İki nisbətdür mətavü eyn hasil cism içün
Ki, zəman ilə məkanda sailə məfhum olur.
Münfəildür daima ol kim qəbul eylər əsər,
Dəxi nəfil ol əsərdür kim, ona mənzum olur…
Yok idi bunlar təmami, var idi Həqqi-müdam,
Pəs qədim oldur, qalan mövcud olur, mədum olur. [4, s.8-9]13.
Şeirin çağdaş Azərbaycan türkcəsinə uyğunlaşdırılmış variantı aşağıdakı
kimidir:
Nəfsin əmrində bütün var olanlar, ey əziz,
Hamısı dəlilin sayəsində iki əsasa bölünür.
Biri vacib, digəri isə mümkündür,
Amma vacib bir, mümkün olanlar isə ikidir.
Birinə substansiya, digərinə aksidensiyadır deyirlər.
Substansiya da beş yerə bölünür:
Onlar əql, nəfs və cisimdir.
Daha surətdə hər birinin həyula olduğu məlum olur.
Beləliklə, aksidensiya adlanan əqllə birikdə doqquz hissədir.
Hamısı birlikdə bu şeir dilində nəzm ilə verilmişdr
Mütləq olaraq müxtəlif nöqsanı olan və hər bir rənglərdə olan
cisimlərin xüsusiyyətinə keyfiyyət deyilir
Cismin sayını anladan anlayış isə kəmiyyətdir,
İnsanın həyatı əzaların iştirakı ilə mümkün olur
Yatmaq və ayıq ol kimi mövcud olur və olmur
Mülk maddənin varlığı üçün var olur.
Paltar və qurşaq kimi birindən digərinə keçir və lazımlı olur.
Maddənin iki xüsusiyyəti vardır:
Onlar zaman və məkanda bu barədə soruşan tərəfindən anlaşılır.
Təsirə məruz qalan hər bir zaman hərəkətdədir (münfəil).
Bu şeirdə mənzum dillə açıqlanar
Bütün bunlar yox ikən Haq-təala var idi,
12 Nəql edilmiş 13 Bu qitəyə bir qədər dəyişikliklərlə F.Musəvi də tədqiqatında yer vermişdir [10, s.58-59].
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
78
Beləliklə, qədim olan odur, qalan mövcud olur və yox olur.
O, şeirlərdən, ümumiyyətlə, öz fikirlərini qüvvətləndirmək və onları daha
təsirli etmək üçün yararlanmışdır. Məsələn:
“Qorxma, keç nəfsi-vücudindən, özin vəslə yetür,
Yetdi sultanına hər bəndə ki, çok məhrəm idi.
Yeri, bu mərifəti xacəsəradən ögrən,
Məhrəm etdi özini, anda ki, naməhrəm idi”. [4, s.6]
Sufilik ideyalarının güclü təsiri ilə yazılmış bu misralarda müəllif insanları
fani dünyanın ləzzətlərindən imtina etməklə Allaha yaxın olmağa çağırır.
Əhməd Ərdəbili özü təsəvvüfə meyil etsə də, bəzi radikal sufi cərəyanlarının
Allahın insanlarda hülul edə biləcəyi fikri ilə razılaşmır: “Bəzi sufiyyə təvəhhüm
eyləyibdür kim, vacibül-vücud cəlləşanühü ariflərə hülul eylər. Bunlar cəmi
batil və ləğvdür, bil kim, muhaldur” [4, s.34].
Müqəddəsi Ərdəbilinin “Əqaidül-islam” əsəri İslam bölgəsi və xüsusilə
Azərbaycan fəlsəfi fikir tarixini öyrənmək baxımından dəyərlidir. Aparılan
araşdırmalar nəticəsində əsərin Azərbaycan türkçəsində ilk fəlsəfi əsər olduğu
sübut edilmişdir və əsər XVI əsr Azərbaycan ədəbi dilinin tədqiqi baxımından
qiymətli mənbə rolunu oynaya bilər.
Risalə müəllifi Müqəddəsi Əhməd Ərdəbilinin həm də şair olması, öz
əsərində türkcə şeirlər, atalar sözləri və xalq rəvayətlərinə yer verməsi
Azərbaycan ədəbiyyatı tarixi baxımından da böyük maraq kəsb edir. Əsərdə
əksini tapmış ictimai xarakterli ideyalar eyni zamanda Səfəvilər dövlətinin
dövlətçilik ideologiyasının öyrənilməsinə yardımçı ola bilər.
İstifadə olunmuş ədəbiyyat:
1. Azərbaycan kitabı (biblioqrafiya). Üç cilddə, I cild (1780-1920). Bakı:
Azərb. SSR Kitab Palatası, 1963.
2. Əfəndiyev O. Ə. Azərbaycan Səfəvilər dövləti, Bakı, “Şərq-Qərb”, 2007.
3. Əhməd Ərdəbili. Əqaidül-islam. Təbriz, Darüttəbəeyi-Təbriz, 1272 h.q.
4. Əhməd Ərdəbili. Əqaidül-islam. Təbriz, Ustad Abdullanın mətbəəsi, 1304
h.q.
5. Əhməd Ərdəbili. Əqaidül-islam (tərcümə: İsmayıl ibn əl-Hüseyn ət-Təbrizi).
Təbriz, Məşhədi Əsəd ağanın mətbəəsi, 1322 h.q.
6. Əhməd Ərdəbili. Əqaidül-islam (türki dilində). Hazırlayan:
« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l
© B a k ı / № 1 . 2 0 1 4
79
M.R.İsmayılzadə. Tehran, “Əl-Hüda”, 1380 h.ş.
7. Həsənzadə S. Negahi be həyat-o asar-e Mohəqqeq Ərdəbili qoddesə serroho
// “Pəyam-e hovze”, payiz-e 1374 h.ş., şomare-ye VII.
http://www.hawzah.net/fa/magazine/magart/4210/4264/27410
8. Javanshir B. İran’daki Türk Boyları ve Boy Mensubu Kişiler (Safevî Dönemi
– I Şah Tahmasp Hâkimiyetinin Sonuna Kadar / 1576). Yayınlanmamış
Doktora Tezi, İstanbul, Mimar Sinan Güzel Sanatlar Üniversitesi, 2007.
9. Musalı N.S. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmara-yi Şah İsmayıl”
əsəri əsasında). Bakı, “Elm və təhsil”, 2011.
10. Musəvi F. Tarix-e Ərdəbil və daneşməndan. Celd-e I, Nəcəfol-əşrəf,
Mətbəətol-adab, 1347 h.ş.
11. Şah İsmail Hatai külliyatı (giriş ve eklerle yayına hazırlayanlar: B.Cavanşir,
E.N.Necef). İstanbul, “Kaknüs”, 2006.
12. Tərbiyət M. Danişməndani-Azərbaycan: Azərbaycanın görkəmli elm, sənət
adamları, fars dilindən tərcümə edənlər: İ.Şəms, Q.Kəndli, Bakı, “Azərnəşr”,
1987.
13. Ustadi R. Fehrest-e nosxeha-ye xətti-ye ketabxane-ye Mədrəse-ye Feyziyye-
ye Qum. Qum, Çapxane-ye Mehr, 1354 h.ş., celd-e II.
14. Zəmaninəjad Ə. Ketabşenasi-ye Mohəqqeq Ərdəbili, “Ayine-ye pəjuheş”,
1375 h.ş. mordad-şəhrivər, şomare-ye 39, s. 93-122.
http://www.ensani.ir/fa/content/51045/default.aspx