sevda İsmayıllı bÖyÜk yaziÇi haqqinda kİÇİk qeydlƏr · hər payız evimizdəki divarboyu...

23
Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR

Upload: others

Post on 21-Jul-2020

19 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Sevda İsmayıllı

BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR

Page 2: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

(Kamran Məmmədovun “Məşələ dönmüş ömür” monoqrafiyası əsasında)

Yusif Vəzir şalvarını niyə işığa tuturdu? (Yazıçı haqda bilmədiklərimiz)

BÖYÜK YAZIÇININ ÖMRÜNƏ KİÇİCİK BAXIŞ... Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır, həm tozdan təmizlənir, həm də, özüm hər dəfə kitabxanada yeni kitablar “kəşf edirəm”. SENTYABRIN 12--Sİ YUSİF VƏZİRİN 125 YAŞI TAMAM OLUR Bu il də belə oldu. Oxunası yeni kitablar nişanladım. Və birdən qarşıma Yusif Vəzir Çəmənzəminli haqda bir kitab çıxdı. İllərdir həmişə diqqətlə oxuyacağıma söz verdiyim kitabı yenə ayaqüstü vərəqləməyə başladım. Bu, Kamran Məmmədovun “Məşələ dönmüş ömür” monoqrafiyası idi. 1987-ci ildə çıxıb.

Yusif Vəzir Kiyevdə tələbə olarkən, 1911

Page 3: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

İstər-istəməz Yusif Vəzirin doğuluş tarixinə baxdım. Sən demə, bu il onun 125 yaşı tamam olurmuş! Ondan yazmağın əsl vaxtıdır—deyə düşündüm. YUSİF VƏZİRİ YETƏRİNCƏ TANIYIRIQMI? Məncə, yox! Tanımırıq. Heç tanımağa cəhd də etmirik. Niyə beləyik? Özünüz deyin. Bu düşüncələrlə böyük yazıçının ömür yoluna kiçicik bir nəzər salmağa qərar verdim. Özüm də öyrənərəm—deyə təskinlik tapdım--həm də 125 yaşın tamamında onu oxucularımızla yad edərik. Elə isə başladıq... ŞUŞADAN BU QƏDƏR SEVGİYLƏ YAZAN BİRİNƏ RASTLAMADIM... 1887-ci il sentyabrın 12-də Şuşada bəy ailəsində - Məşədi Mirbaba Vəzirovun ailəsində doğulub. Ömrü boyu Şuşaya heyran kəsilib. Əksər yazılarında, gündəliklərində, hekayələrində, romanlarında ondan bəhs edib. Şəhərin tarixi, təbii gözəlliyi, onun adamları (həm sadə, həm də tanınmış), məhəllələri, dostu-düşməni bütün incəliyi ilə təsvir edilib. Şuşanı bu qədər sevən, ondan bu cür sevgiylə bəhs edən ikinci bir şəxsi xatırlamıram. ŞALVARIMI İŞIĞA TUTUB BAXARDIM... Cavanlıqda yazdığı gündəliyində Yusif Vəzir ata-anasından da danışıb. Ən maraqlısı, onları necə var, o cür tanıtdırıb. Misal çəkim. Valideynləri (anası atasının üçüncü həyat yoldaşı imiş) evdə yola getmirlərmiş. Yusif yazılarında ərlə-arvadın bu keçinməzliyindən üzülür, bunu anasının atasından 25 yaş kiçik olmasıyla bağlayır. Anasının həyatdan küskünlüyünün ona çox ağır təsir etdiyini, gələcək həyatının uğursuz olacağına uşaqlıqdan inandığını və “qəlbində qəm kitabı” daşıdığını bildirir. Amma əvəzində anasının sinədəftər olduğunu, şeirə, sənətə onda necə maraq oyatdığını xüsusi qeyd edir. Gənc oğlan kasıbçılıqdan yazmaqdan da utanmır. Hər səhər yuxudan oyanan kimi şalvarını işığa tutub süzülüb-süzülmədiyini yoxladığını deyir. Bir süzüntü oldusa, necə dərdə düşdüyünü, “cırıq” üzündən çox vaxt gəzməyə çıxmayıb evdə oturduğunu yazır... CAVAN QARDAŞI XƏSTƏLİKDƏN ÖLÜR Yusif Vəzir çoxuşaqlı ailədə böyüyüb. Atası Ağdamda əttar dükanı (dərman, ədviyyat, ətriyyat satan) işlətdiyindən, Şuşada evi böyük qardaşı Əbülhəsən idarə edirmiş. Əbülhəsən “Realni Məktəb”də oxuyurmuş. Rusca, ərəbcə, farsca mükəmməl bilirmiş. Almanca, fransızca dərs alıbmış. Zəngin kitabxanası varmış. Şeirlər, pyeslər yazırmış. Günlərin birində Əbiş sağalmaz dərdə tutulur və 1901-ci ildə dünyadan köçür. Bu hadisənin ailəyə necə təsir etdiyini yazmağa ehtiyac varmı? Yusif bərk sarsılır.

Page 4: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Yusif Vəzir (ayaq üstə) anası, bacıları və qardaşı ilə, Şuşa, təxminən 1905-08 URA! “REALNİ MƏKTƏB”! Yusif bir müddət Şuşada molla yanında təhsil alır. Atası bu təhsilin mənasızlığını dərk edib onu Ağdama aparır. Özü oğluna dərs keçir. Uşaq bir az da qonşu Muradbəyli kəndində oxuyur. Oğlunu “Realni Məktəb” tələbəsi görmək arzusu ilə yanan ata 9 yaşında təzədən onu Şuşaya gətirir. Şuşada “Realni Məktəb”ə tələbə hazırlayan xüsusi məktəblər varmış. Yusif orada da hazırlıq keçir. Bir il də Haşım bəy Vəzirovun rus-tatar məktəbində oxuyur və nəhayət, 1897-ci ildə “Şuşa Realni Məktəbi”nin tələbəsi olur. Evdəkilərin sevincinin hüdudu yoxdur... “KÖPƏYOĞLU YUSİF...” Atasi sevindiyindən oğluna hər həftə Ağdamdan pul yollayır, şirin məktublar yazır-- “Yusifcan”, “Gözümün işığı Yusif” kimi müraciətlərlə. Əvəzində savadlı, gözəl xətlə yazılmış məktublar yazmağını oğlundan tələb edir. Bir dəfə Yusifin çox yararsız bir kağızda yazdığını görən ata hirslənib məktubu geri göndərir: “Köpəyoğlu Yusif! Bu nə kağızdır yazmısan?” “26-LAR”DAN BİRİ - MİRHƏSƏN VƏZİROV YUSİFİN ƏMİSİOĞLUYDU Yusif elmə, maarifə qiymət verən bir mühitdə böyüyür. Atasının dostlarını -bizim indi adlarını qürurla çəkdiyimiz şəxsləri—Əhməd bəy Ağaoğlunu, Əbdürrəhim bəy Haqverdiyevi, Firudin bəy Köçərlini, əmisi Haşım bəy Vəzirovu görür, onlardan işıq alır...Uşaqlıqdan qardaşının zəngin kitabxanasında şərq, qərb, rus klassiklərini oxuyur. Hətta 17 yaşı olanda əmisioğlu Mirhəsən Vəzirovla birlikdə “Fokusnik” adlı yumorlu, karikaturalı ədəbi-bədii məcmuə

Page 5: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

hazırlayır. Jurnaldakı şəkilləri Yusif çəkir, mətnləri Mirhəsən yazır. Həmin jurnal indi ədibin Əlyazmalar İnstitutundakı arxivindədir.

Yusif Vəzir Bakı "Realnı Məktəbi"ndə (soldan birinci - ayaq üstə) Hə, bir şeyi unutdum. Bu həmin Mirhəsən Vəzirovdur ki, gələcəkdə 26 Bakı komissarlarından biri olacaq...1905-ci il inqilabında həmin bu əmioğlu Yusifə “Marseloza” da oxudur. AŞQABADDA 1905-ci ildə Yusif Aşqabada—xalasıgilə gedir. Orada yeni adamlarla tanış olur və ictimaiyyun-inqilabiyyun firqəsinə daxil olur. Dünyagörüşü genişlənir və qərara gəlir ki, “mənə bilgi, yenə bilgi lazımdır. Ya bilgi, ya ölüm!”. Amma bir il sonra atası dünyadan köçür və evin bütün ağırlığı Yusifin üstünə çökür. Atasının dükanını satmaq üçün Ağdama gedən gənc yatalağa tutulur və aylarla yorğan-döşəkdən qalxa bilmir. Əmisi Haşım bəy Vəzirovun tapdığı dava-dərman sayəsində sağalan Yusif ondan daha bir “hədiyyə” alır - əmisi ona “Molla Nəsrəddin” jurnalının ilk nömrəsini göstərir! SİZİ DEYİB GƏLMİŞƏM, EY MƏNİM MÜSƏLMAN QARDAŞLARIM! Jurnalı dönə-dönə oxuyan, ona vurulan Yusif sağalar-sağalmaz bir karikatura çəkib Tiflisə--redaksiyaya göndərir-- Müzəffərəddin şahın: “Ah, Avropa, bir də səni nə vaxt görəcəyəm?”—deyən karikaturasını. Amma... karikatura jurnalda Şmerlinqin (jurnalın rəssamı) imzasıyla çıxır?! Yusif bu işdən çox “dilgir” olur. Sonra “Şuşada erməni-türk vuruşmasını körüklədən çar generalı Qoloşanova bir karikatura” çəkir, o da senzura qurbanı olur... BAKI, CAN BAKI! 1906-cı ilin sentyabrında Yusif Bakıya gəlir. Şuşada qarışıqlıq idi. O, “Realni Məktəb”in beşinci sinfini bitirib və Bakıda təhsilini davam etdirmək istəyir. Amma gecikdiyi üçün onu və daha 18 nəfəri məktəbə götürmürlər. Nəhayət, bu işə Hacı Zeynalabdin Tağıyev əl qoyur. Tiflis canişininə teleqram vurur və 19 nəfərin oxumaq icazəsini alır. Yusifin həyatının bu illəri çox ehtiyacla keçir. Həm maddi, həm də mənəvi məhrumiyyətlər onu izləyir. Gündəliyində: “İyirmi il müddətində qəlb rahatlığı görmədim” yazır...

Page 6: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Bakı "Realnı Məktəbi" inqilabdan əvvəl indiki İstiqlaliyyət küçəsində, İqtisad Universitetinin binasında yerləşirdi MİRYUSİF VƏZİROV “MOLLA NƏSRƏDDİN”DƏ! 1907-ci ildə “Molla Nəsrəddin” jurnalında “Müdiri-möhtərəm” sərlövhəli məqaləsi də çıxır. Məqalədə Qarabağın pir və ocaqları kəskin tənqid edilirdi. Üstəlik, Şuşanın nüfuzlu şəxslərindən biri olan Mir Möhsün Nəvvab göz-nəzər, əcinnə duası yazmaqda günahlandırılırdı. Yusif bu yazıdan sonra adsız məktublar alır, onu ölümlə hədələyirlər. Qorxuya düşən gənc “Əlvida” adlı vəsiyyət də qələmə alır. Məktəbdən qovulacağından qorxub əmisinin məsləhəti ilə “Tazə həyat” qəzetində məqsədinin pirlərə sataşmaq deyil, ancaq və ancaq hiyləgərləri ifşa etməkdən ibarət olduğunu yazmağa məcbur olur. Təhlükə sovuşur... YUSİF HEKAYƏLƏR YAZMAĞA BAŞLAYIR Ilk hekayəsini Əbdürrəhim bəyə göstərir. Haqverdiyev hekayəni bəyənir. Çap olunmaq üçün “Molla Nəsrəddin” jurnalına vermək istədiyini deyir. Amma hekayədən xəbər çıxmır. Kamran Məmmədovun fikrincə, görünür Yusifin “Tazə həyat” qəzetində yazdığı izahat Mirzə Cəlilin xoşuna gəlməyibmiş. Düz 20 ildən sonra Yusif Vəzirin Mirzə Cəlillə Bakıda ilk görüşü olacaq və Yusif Vəzir Mirzə Cəlillə bağlı şok sözlər söyləyəcək. Bir az səbr edin. HÜQUQ FAKÜLTƏSİ Yusif 1909-cu ildə “Realni Məktəb”i bitirir. Bir il sonra Kiyev İmperator İnstitutunun hüquq fakültəsinə daxil olur. Bu bir il ərzində mətbuata özü demiş “hücuma keçir”. Saysız yazılar yazır. Burada daha nələr yoxdu? Qadın azadlığından tutmuş, dil-din məsələsinədək-- hər şey. Hekayələr qələmə alır. Universitetin Qafqaz Həmyerlilər Cəmiyyətinə üzv olur. Geniş ictimai həyata qoşulur. Kiyevdə təhsil alan tələbələrdən ibarət nəşriyyat heyəti yaradır. Araşdırıcılar bu

Page 7: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

dövrü (1910-13) onun yaradıcılığının ən məhsuldar dövrü sayırlar. Hekayələri kitabça şəklində də çıxır.

Yusif Vəzir Kiyevdə tələbədir (sağdan üçüncü), 1911 BAKIYA İKİNCİ GƏLİŞ... 1915-ci ildə 1 Dünya Müharibəsi səbəbindən Kiyev Universiteti Saratova köçürülür. Amma Yusif yazmaqda davam edir. Universiteti bitirib Saratov Şəhər Məhkəməsində işləməyə başlayır. 1918-ci ilə kimi Azərbaycandan kənarda yaşayır. 1919-cu ildə İstanbula, daha sonra Bakıya gəlir. Az keçməmiş Yusif Vəzir İstanbula - yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin səfiri kimi qayıdacaqdı. Qarşıda onu hansı sınaqların gözlədiyindən xəbərsiz gənc adam illərdir görmədiyi şəhərə tələsir... Düz 7 ildən sonra Bakıya üçüncü gəliş də olacaq. Amma o gəliş bu gəlişə heç bənzəməyəcək... “VƏTƏN NAMİNƏ ÇALIŞMAQDAN YORULMAYAN YUSİF VƏZİROV ƏFƏNDİ” 1917-ci il inqilabını Yusif Vəzir Kiyevdə qarşılayır: “Böylə bir halda Ukraynada biz özümüzü yalqız gördük. Heç bir hazırlığımız olmadığı halda Rusiya inqilabını qarşılamağa məcbur olduq. Siyasi təşkilata böyük ehtiyac hiss edilirdi”. Yusif Vəzir belə yazır. Belə bir vaxtda - 1917-ci ilin noyabrında Kiyevdə yaşayan azərbaycanlılar Y.V. Çəmənzəminlinin təşəbbüsü ilə Türk Ədəmi Mərkəziyyət Firqəsi “Müsavat”ın Kiyev şöbəsini yaradırlar. Cümhuriyyətin elanından sonra həmin şöbə Azərbaycanın Ukraynada siyasi nümayəndəliyini qurur və “Müsavat”ın Kiyev şöbəsi konsulluq kimi fəaliyyət göstərir. Yusif Vəzir həm konsulluq şöbəsinin sədri, həm də Cümhuriyyətin Ukrayna səfiri olur. Bu illərdə o, Azərbaycanı tanıtmaq sahəsində fəal iş aparır. Bakıda onun bu mövzuda iki kitabı çap olunur. Cümhuriyyətin orqanı olan “Azərbaycan” qəzetində məqalələr yazır. Qəzetin 1919-cu il 239-240-cı nömrələrində “Vətən mənafeyi uğrunda çalışmaqdan yorulmayan

Page 8: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Yusif bəy Vəzirov əfəndinin” Bakıya gələrək parlament binasında—“Müsavat”a məxsus otaqda məruzə etdiyi də bildirilir. İclası M.Ə. Rəsulzadə açır və Yusif Vəziri təqdim edir...Elə həmin yazıda Yusif Vəzirovun tezliklə İstanbul səfiri olacağı da xəbər verilir. RƏSULZADƏ İLƏ YUSİF VƏZİRİ NƏ BİRLƏŞDİRİRDİ? Yusif Vəzirin araşdırıcısı Tofiq Hüseynoğlunun yazdığına görə, Kiyev şöbəsinin rəhbərliyindən başqa 1917-ci ildə Çəmənzəminlinin ”Azərbaycan muxtariyyəti” kitabı çıxanda Rəsulzadənin “Açıq söz” qəzetində bu kitabla bağlı məlumat verilib. Onun ”Arvadlarımızın halı” kitabını müsəlman mətbuatının hücumlarından da qoruyan Rəsulzadə olub. Araşdırıcı bu fikrə gəlir ki, hər iki xadim bir-birinin ideya-siyasi və ədəbi fəaliyyətilə maraqlanıb və diqqətlə izləyib. Təsadüfi deyil ki, Çəmənzəminli “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabını Rəsulzadəyə ithaf edib: “Əziz yoldaşımız və böyük mürşidimiz Məhəmməd Əmin Rəsulzadəyə sevgi ilə ithaf edirəm”. Hətta kitabın Bakı ilə bağlı bölməsində bir cümləyə rastladım. Yusif Vəzir yazır: “Müsavat” firqəsinin lideri və istiqlalımız yolunda mühüm rollar oynamış Məhəmməd Əmin Rəsulzadə də bakılıdır”. Bəs bir-birinə hədsiz hörmət-izzətlə yanaşan bu iki şəxs sonradan niyə düşmənə çevrildi? Yusif Vəzir “böyük mürşidini” nədən tərk etdi? Niyə “şərəfsiz aqibət"lə üzləşdi? “SABİQ İSTANBUL ELÇİSİ” “MÜRŞİDİ”NDƏN NİYƏ ÜZ DÖNDƏRDİ? İndicə adını çəkdiyimiz kitab 1921-ci ildə İstanbulda çıxıb. Kitabın cildində “Yusif bəy Vəzirov, Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul elçisi” –sözləri yazılıb (Bu kitabın yeganə nüsxəsi Ceyhun bəy Hacıbəylinin arxivi ilə birgə Bakıya gətirilib və təzədən çap olunub). Demək, bu iki şəxsin 1921-ci ilə qədər hələ münasibətləri dəyişməyibmiş. Araşdırıcılar bu münasibətin dəyişməsinə Cümhuriyyətin Daxili İşlər Naziri, İstanbulda mühacirət həyatı sürən Xəlil bəy Xasməmmədlinin səbəb olduğunu yazırlar. Elə Yusif Vəzirin “Müsavatçıya məktub”unda da Xəlil bəy Xasməmmədli atəşə tutulur. Araşdırıcılar bu iki şəxs arasında ixtilafın kitab çıxan ildən (1921) başladığını deyirlər. 1923-cü ildə Parisdə Rəsulzadəylə görüşən Yusif Vəzir Xəlil bəydən şikayət edir. Rəsulzadə isə Xəlil bəyi “Müsavat”ın “rüknü”—dayağı hesab etdiyini deyir. Bu söz Yusif Vəziri şoka salır və o, “Müsavat”dan çıxır... NƏDƏN PARİS? Bir az əvvələ boylanaq. Kamran Məmmədovun kitabında bir məqama da toxunulur. Onun yazdığına görə, səfir postundan istefa verən Yusif Vəzir bu barədə Batumdakı sovet konsulluğunu da məlumatlandırır və nə etmək lazım olduğunu soruşur. Cavab almır. O vaxt Sovet Azərbaycanının Türkiyədəki xarici ticarət nümayəndəsi Cavanşirə (nədənsə "Cavanşir" yazır—amma bu, Behbud xan Cavanşirdir) üz tutur. Behbud xan onu işə düzəldəcəyinə söz verir. Amma Behbud xan İstanbulda “Daşnaksütyun” partiyasının üzvü Torlakyan tərəfindən öldürülür. İşə düzəlmək xəyalları boşa çıxır. Azərbaycana qayıdarsa başına nələr gələcəyini bilmir. Çarəsiz Yusif Vəzir 1923-cü ilin əvvəllərində qardaşının yanına--Parisə gedir. BİR NEÇƏ MİLYON FRANK?! Çəmənzəminli məktubunda Cümhuriyyətin süqutundan sonra 8 ay maaşsız—sıxıntı içində işlədiyini yazır. Və dediyinə görə, 1920-ci ilin sonlarında Parisdə olan Əlimərdan bəy Topçubaşovun əlinə bir neçə milyon frank pul düşür (?!). O üzdən də səfirliyə maraq artır. Və Xəlil bəyi ayda 15 min frank maaşla Yusif Vəzirin yerinə qoymaq istəyirlər...(Yusif Vəzir 3 min frank alırmış). Xəlil bəy yazıçının rəsmən səfirlikdən çəkilməsinə razı olmur. Əlimərdan bəyin də səlahiyyəti səfir təyin etməyə çatmır. Odur ki, Yusif Vəzir İstanbul səfiri olmaqda davam

Page 9: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

etməliymiş və pulları da Xəlil bəy almalıymış. Yusif Vəzir bu şərtə razılaşmır və istefa verir. Bu versiya “Müsavatçıya məktub”dandır. Daha sonra soyuqluğa səbəb olan bir sıra əməllər də sadalanır--Yusif Vəzirin İstanbula gələn mühacirləri yaxşı qarşılamaması, “Gəncə üsyanı” iştirakçıları ilə Cümhuriyyət qurucuları arasında yaranan ixtilafda birinciləri müdafiə etməsi və s... VƏRƏMLİ QARDAŞ VƏ BOŞ CİB... Parisə qardaşı Mirinin yanına gedən Yusif Vəzir böyük müsibətlərlə qarşılaşır. Təhsilini bitirib bankda işləyən qardaşı vərəmə tutulur. Özü zavod və fabriklərdə fəhləlik edir və aldığı maaşla qardaşına kömək edə bilmir. Qürbət eldə neyləməli? Yusif Vəzir Parisdə yaşayan Əlimərdan bəyə üz tutur. Topçubaşı ona kömək edə bilməyəcəyini söyləyir. Məktubunda Yusif Vəzir Əlimərdan bəyin kef içində, villada yaşadığını, əlinə “millət naminə” paralar keçdiyini, övladlarının kurortlarda dincəldiyini yazır. Qürbətdə ac-suzsuz qalan bir adam üçün Əlimərdan bəyin kirayə evi bəlkə də villa kimi görünə bilərdi...Amma axı, Əlimərdan bəyin təzəcə çap olunmuş məktublarında hər sətirdə necə maddi sıxıntı yaşadığı bildirilir. Tramvay puluna qənaət edib piyada dolaşdığı vurğulanır... Qardaşının istəyilə Yusif Vəzir İstanbula Rəsulzadəyə məktub yazır, “istiqbal və əfkari-ümumiyyə naminə xəstəyə yardım” istəyir. Amma yazdığına görə, o da cəmi 3 dollar pul göndərir. Üstəlik, bir məktub yazaraq onu “istiqraz” sövdasından əl çəkməyə çağırır: “Cavabında Məhəmməd Əmin istiqrazı «vəhy» deyə izah edir və məni də təhdidlə qorxudurdu”. Əmin bəyin İstanbulda necə maddi sıxıntı çəkdiyini elə bizim "İz" verilişimizdə Türkiyəli araşdırıcılar dönə-dönə vurğulamırdılarmı? Hər halda, mən kimi isə müdafiə etmək fikrindən uzaq olmağa çalışıram. Sadəcə, yadıma düşən faktları sadalayıram. Deyəsən, xəstəyə sonda Ceyhun bəy Hacıbəyli kömək edir. Amma artıq gec imiş. Xəstəlik bağırsağa keçibmiş...

Yusif Vəzir Bakıda tələbələri ilə birgə, 1926

Page 10: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

"ƏQİDƏM KOMMUNİST ƏQİDƏSİ İLƏ DÜZ GƏLİB" Yusif bəy bir müddət işsiz qalandan sonra Fransa KP-nin orqanı olan “Paris xəbərləri” qəzeti ilə əməkdaşlıq edir. “Şərq məktubları” adlı məqalələr yazır. Və bu qərara gəlir ki, “mənim əqidəm həmişə kommunist əqidəsi ilə düz gəlibdir”. Onun səfir postunu tərk edib Parisə getməsi, kommunist orqanında işləməsi, partiyadan çıxması, üstəlik, partiyadan çıxması ilə bağlı Bakıda çıxan “Kommunist” qəzetinə xəbər göndərməsi Parisdəki və İstanbuldakı mühacirlərin qəzəbinə səbəb olur. Rəsulzadə “Yeni Qafqasiyyə” qəzetində “Şərəfsiz aqibət” adlı məqalə yazır... YUPİTER, SERDİŞSYA—ZNAÇİT TI VİNOVAT “Şərəfsiz aqibət” yazısına Yusif Vəzir nifrət dolu cavab yazır—özü də, harada-harada—Azərbaycan KP-nin orqanı olan “Kommunist” qəzetində. Yuxarıda adını çəkdiyim “Müsavatçıya cavab” adıyla. Başlığa çıxardığım “Yupiter, hirslənirsən, demək, günahkarsan”—məsəli də həmin məktubdandır. Məktubda daha nələr yoxdur? “Zamanları keçmiş, söz və söhbətləri köhnəlmiş altun üftadəsi Topçubaşovlardan, Xəlilbəy Xasməhəmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə fayda gözlənməz. Yetər ki, mən qurban oldum. Nahaq yerə, yalançı propaqandalara uyulmasın. Əgər «mlli məfkurə» bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə. Əgər məfkurə dediyimiz ibtidai bir idarədə qovmi bir təşkilat isə, yox olsun o məfkurə”... "“MÜSAVAT” BAŞÇILARININ AĞALIĞI MÜVƏQQƏTİDİR” Yusif Vəzir Əlyazmalar Fondunda saxlanan bir yazısında qeyd edir ki, həyatının ən kədərli dövrü siyasətlə məşğul olduğu vaxtlardır. Özünü təbiətcə “maarif və mədəniyyət adamı” adlandıran yazıçı ədəbiyyatla yaşadığını və bu üzdən xaricə getdiyini deyir: “Müsavat dövründə mən Azərbaycanda cəmi-cümlətanı bir ay olmuşam və məndə belə bir inam olub ki, özlərini ölkənin yiyəsi kimi aparan Müsavat başçılarının ağalığı müvəqqətidir. Müsavat hakimiyyətinin nümayəndəsi olmağım da təsadüfi olub. Elə ona görə də, Sovet hökuməti gələn kimi vəzifədən istefa vermişəm...” BAKI! NİCAT SAHİLİ!

Yusif Vəzir Bakıda

Page 11: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Kamran Məmmədovun yazdığına görə, Yusif Vəzirin Bakıya qayıtmaq fikri çoxdan varmış. Qardaşı ölməmişdən əvvəl də o Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova ərizə yazıbmış. O, Musabəyovu Bakıda yaşadığı illərdən tanıyırdı. Kiyevdə də birlikdə oxumuşdular. Qəzənfər Musabəyov tibb fakültəsində təhsil alırmış. 1926-cı ilin əvvəllərində Yusif Vəzir ərizəsinə müsbət cavab alır. Aprelin 3-də Çəmənzəminli artıq Bakıda idi. O, üzüqoylu düşüb Vətən torpağını öpür və göz yaşları içində deyir: “...Vətən torpağı mənim üçün macəralı dənizdən sonra görünən nicat sahili idi...” Əziz oxucum! Etiraf edim ki, əvvəlcə Yusif Vəzir haqqında cəmi bir hissəlik yazı yazmaq fikrim vardı. Amma həyatı ilə yaxından tanış olduqca fikrim dəyişdi. Bu, min kitablıq ömür yoluydu! İkinci hissəni yazandan sonra da depressiyaya düşdüm. Sanki onun keçirdiyi sarsıntılar mənə ötürüldü. Yuxum qaçdı. Özümü günahkar sayırdım. Elə bil əziz bir adamım min cür qovğadan keçib, zülümlər çəkib, sürgündə ölüb, amma mən ondan xəbərsiz xoşbəxtcəsinə yaşamışam... Bir şeyin də fərqinə vardım. Çəmənzəminlinin simasında necə şəxsiyyət itirdiyimizin... Həm də vaxtsız! Fikrimcə, Azərbaycan ədəbiyyatında bu çəkidə, bu mədəni səviyyədə, bu qədər tolerant, həm də milli, Vətənininə bu qədər vurğun yazıçı olmayıb... Bu mənada o ancaq böyük Həsən bəy Zərdabi ilə müqayisə oluna bilər... MƏRKƏZDƏ 24 KV-LIQ İKİOTAQLI MƏNZİL! İl - 1926. Ay - 3 aprel. Yusif Vəzir 7 illik vətənsizlikdən sonra “nicat sahilinə” yan alır. İnanmıram ki, onu Bakı vağzalında kimsə gül-çiçəklə qarşılasın... Amma nə fərqi? Əsas olan illər həsrətlisi Vətənə qovuşmaq deyilmi? Onu elə Bakıya gəldiyi həmin ayda işə götürürlər. 1926-cı ilin aprelindən 1927-ci ilin martınadək “Bakı işçisi” kooperativ nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri olur. Elə həmin il ona mənzil də verilir! Bünyad Sərdarov küçəsindəki 20 nömrəli binada 24 kv-lıq ikiotaqlı mənzil - üçmərtəbəli binanın birinci qatında, amma işıqlı mənzil. Sovet adamına xoşbəxt olmaq üçün daha nə lazım idi ki?.. Kamran Məmmədov yazır ki, yazıçı səhəri elə yazı stolunda açırmış. Yay vaxtı küçənin səs-küyü artanda, üstəlik də Bakının cansıxıcı istisi hər yanı qasıb-qovuranda Yusif Vəzir küçəyə çıxar, sal daşın üstündə oturarmış. Qaşlarını çatıb fikrə dalarmış.

Page 12: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

"Azerbaijan international" jurnalının baş redaktoru Betti Bleyr Bakıda Çəmənzəminlinin Bünyad Sərdarov küçəsindəki evi önündə

Çöhrəsində bir məhzunluq olarmış. Öz aləmində, sanki bu dünyadan xəbərsiz görünərmiş... Görəsən, Yusif Vəzir əfəndi o vaxtlarda nə düşünərmiş? TURGENEV - “XAM TORPAQ” Yusif Vəzir həm də gözəl tərcüməçiydi. Gələn kimi ona Turgenevin “Xam torpaq” əsərinin Azərbaycan dilinə tərcüməsini tapşırırlar. O vaxtlar indiki kimi deyildi. Tərcüməyə yaxşı pul verirdilər. Yusif Vəzir düz 7 ay bu tərcümənin üzərində işləyir. Sonda əsəri bitirib nəşriyyata təqdim edir. Nəşriyyat redaktoru tərcümə üzərində işə başlayır və bir az keçəndən sonra yazıçıya bildirirlər ki, tərcümə yoxa çıxıb... O tərcümə əsərini bir daha görən olmur. MİRZƏ CƏLİLLƏ GÖRÜŞ - MƏNMİ YANILIRAM, MOLLAMI QOCALMIŞ? Bakıya gələndən bir ay sonra Yusif Vəzir sevimli “Molla Nəsrəddin”lə görüşmək qərarına gəlir. Fikrini telefonla bildirir. Mirzə Cəlil Yusif Vəzirin iş yerinə gələcəyinə söz verir və ertəsi gün vədinə əməl edir. “Ortaboylu, iri bığlı, çopur burnunun üzəri tüklü, iri əsalı” Mirzə gülə-gülə Yusif Vəzirə: ”sizi çox yaşlı zənn edirdim, cavanmışsınız”—deyir və ayaqüstü görüşdən sonra onu evinə çağırır. Yaxından tanış olurlar. Yusif Vəzir yazır: “Böyük ədəbi dövr yaradan, ictimai həyatımızda inqilablar törədən, 25 il populyar məcmuəyə rəhbərlik edən bu böyük sima mənə o qədər məhdud göründü ki, heyrətimdən çaşıb qaldım. Mənə onun söhbəti olduqca sıxıntılı, məlumatı çox az göründü: --Himm?.. hə... Deməli, belə... --Hə?.. Nə olar ki?.. Hə... Bütün axşam söylədikləri qırıq, məntiqsiz, rabitəsiz ifadələrdən ibarət oldu” Necə bilirsiniz, bəlkə Molla əmi Yusif Vəzirdən çəkindiyi üçün lal-dinməz qalıbmış? Axı,

Page 13: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Həmidə xanım xatirələrində onun təbiətcə çox ehtiyatlı adam olduğunu yazır. Qarşısında bir ay öncə Parisdən qayıtmış, həm də bütün körpüləri yandırıb gəlmiş bir cavan “Avropalı yazıçı”nın oturduğunu görən Mirzə Cəlil bəlkə çəkindiyindən onunla aranı açmayıb?

Hər halda bu təəssürat Yusif Vəzirin Mirzə Cəlil haqqında fikrini dəyişməyib: “Molla böyükdür və orijinaldır” - Çəmənzəminli Mirzə Cəlilin ölümündən sonra belə yazıb... EVLİLİK - ÜÇ UŞAQ ATASI 1927-ci il Yusif Vəzirin həyatında yaddaqalan olur. O, dekabrın 29-da Bilqeyis Əsəd qızı Acalova ilə evlənir və beş ilin içində iki oğul, bir qız atası olur. Böyük oğlu Orxan 1928-ci ildə, Fikrət 1929-da, qızı Gülara isə 1932-ci ildə doğulur. Bilqeyis xanımın ailəsi də eynən Yusif Vəzir kimi Şuşadan 1906-cı ildə erməni-müsəlman davası dövründə qaçqın düşmüşdü. Onlar Gürcüstana pənah aparmışdılar. Şuşa Realni Məktəbi ermənilər yaşayan səmtdə olduğundan, Yusif Vəzir təhsilini Bakı Realni Məktəbində davam etdirmişdi. Anası və bacıları isə Aşqabada Yusifin xalasının yanına köçmüşdülər. Bir şeyi də qeyd edim ki, Çəmənzəminlinin indi Əlyazmalar İnstitutunda saxlanan romanlarını, oçerklərini, gündəlikərini, sənədlərini qayınanası Kiçikxanım Acalova “Təzə Bəy” hamamının yuxarısında yerləşən birotaqlı mənzilindəki sandıqda qoruyub saxlayıb. Ruhu şad olsun o xanımın! Betti Bleyer yazır ki, kürəkəninin Stalin rejimi ilə problem yaşadığını görən bu müdrik xanım onu öz sandığında gizlətmək qərarı verib. O xanım olmasaydı... gerisini özünüz tapın... YAZIÇI HARA - PLAN KOMİTƏSİ HARA? Evlənən il onun iş yerini dəyişirlər. Üç il Dövlət Plan Komitəsində (?) ictimai-mədəni bölmənin əməkdaşı, həm də Dövlət Universitetinin aspirantı olur. Universitetdə folklordan mühazirələr oxuyur, tədqiqatlar aparır və bu sahədə saysız kitab çap etdirir. Ədəbi yaradıcılığından da qalmır. Yazdıqlarını sadalasam, bu hissə tamamlanar. Bəzi əsərlərini (“Studentlər”, “Qızlar bulağı”) yenidən işləyib nəşr etdirir. 1936-37-ci illərdə “İki od arasında” romanını yazır. Ancaq roman onun sağlığında yox, ölümündən çox sonra “Qan içində” adı ilə çap olunur. “İki od arasında” deyərkən yazıçının Rusiya və İranı nəzərdə tutduğu bu qədər aydınkən (Kamran Məmmədov bu ad dəyişimini “hansı mülahizəyə əsasən isə o “Qan içində” adı ilə çap olunmuşdur” kimi ifadə edir) Sovet hökuməti bu adı saxlayardımı? Bu illər onun xeyli hekayələr kitabı da nəşr olunur. İş yeri yenə dəyişirilir. 1930-35-ci illərdə Sənaye İnstitutunun dil və ədəbiyyat kafedrasında assisent-müəllim işləyir. “Yoldaş Vəzirov” təriflənir, mükafatlar alır. İctimai həyatda fəal iştirak edir. Tərcümə ilə məşğul olur. Tolstoyun “Dirilmə”, Qoqolun “Köhnə dünya mülkədarları” və s. əsərləri dilimizə çevirir. 1935-ci ildən “Azərnəşr”də tərcüməçi, redaktor, “Ədəbiyyat”qəzetində məsləhətçi işləyir. "YAŞADIĞIM MƏNZİL İŞİMƏ YARAMIR" Fasiləsiz iş Yusif Vəzirin səhhətini pozur. Artıq yaş da o yaş deyil: “Yaşadığım mənzil işim üçün qətiyyən yaramır, 24 kvadratda beş adam qalır, birinci mərtəbədir, küçənin gurultusu işimə mane olur. İndiyə qədər mənzil çətinliyini gecə sabahaqədər çalışmaqla həll edirdim, indisə bu

Page 14: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

olmayır, ürəyim və gözlərim xəstələnmişdir...”. ONU ÇARLİ ÇAPLİNƏ OXŞADIRDILAR...

Çarli Çaplin Yusif Vəzir çox şən, deyib-gülən, zarafatcıl adammış. Avropasayaq geyinər, əlinə əsa alar, şlyapa qoyarmış. Bakıda Çarli Çaplinin filmlərinin gedən vaxtında uşaqlar onu Çaplinə oxşadıb arxasınca düşərmişlər. Bir dəfə küçədə anası ilə gedən bir oğlan uşağı diqqətlə yazıçını süzməyə başlayır. Yusif Vəzir də etmə tənbəllik, küçədə eynən Çaplinsayaq yeriməyə başlayır. Uşaq qorxudan ağlayır. Yusif Əfəndi uşağı sakitləşdirmək üçün onlara yanaşır, Çaplin kimi şlyapasını çıxarıb bığını oynadır. Oğlan daha bərk ağlayır. Anası qayıdır ki, oğlum, ağlama, əmi dəli deyil, yəqin bekardır, işi yoxdur, odur ki, özünü Çaplinə oxşadır. Yusif Vəzir bu əhvalatdan yaman həzz alır, xüsusən də uşağın anasının dediyi: “bekardır”—sözünü təkrarlayıb gülürmüş... “XOŞBƏXT XALQIN XOŞBƏXT MÜƏLLİMİ” Ailə kitabxanamızda Yusif Vəzirlə bağlı balaca bir kitabça da var. Bu, Hüseyn Şərifin “Xatirələr” kitabıdır. Yazıçı-tərcüməçi olan Hüseyn Şərif ötən əsrdə tanıdığı yazıçı və şairlər haqqında xatirələr yazıb. “Xalqına vurğun sənətkar” adlandırdığı xatirədə o, Yusif Vəzri çox sadə, bilikli, mədəni, nurlu ziyalı adlandırır. İş elə gətirir ki, bir kitabda fransızca mətn getməliymiş. Hüseyn Şərif bu dildə bilən adam axtarır və Yusif Vəziri ona nişan verirlər. O dövrdə Yusif əfəndi “Azərnəşr”də çalışırmış. Onun yanına gedən Hüseyn Şərif qəribə mənzərə ilə qarşılaşır. Əhməd Cavad Yusif Vəzirlə

Page 15: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

yanaşı oturubmuş. Yusif Vəzir nə isə danışır, Cavad qəhqəhə çəkib gülürmüş. Sən demə, Yusif əfəndi Molla Pənah Vaqifdən maraqlı əhvalatlar danışırmış. İki il sonra “İki od arasında” romanı yazılacaqdı. Yəqin ki, uşaqlığından Şuşada Vaqif haqqında gəzən söz-söhbətləri beynində saxlayan Yusif Vəzir onları romandan öncə Əhməd Cavadla bölüşürmüş... Yeri gəlmişkən, Hüseyn Şərif “Xatirələr”də Yusif Vəzirin fransızca bilgisindən də yazıb.

Çəmənzəminlinin oğlu Orxan Vəzirov (1928-2010) Moskvadan gələn bir mütəxəssisin Yusif Vəzirin fransız dilində olan mətn üzərində necə işlədiyini görüb təəccüblənməsindən, onunla görüşdən sonra: “O fransız dilinə yaxşı bələddir. Heyf onun əsərlərini orijinaldan oxuya bilmirəm. Belə müəllimi olan xalq xoşbəxtdir”—dediyini yazıb. ”Xoşbəxt xalqın xoşbəxt müəllimi” isə “Azərnəşr”də redaktor kimi çalışır, hətta hərdən tanınmamaq üçün başını ülgüclə qırxdırır da... Çəmənzəminlinin Bakı bağlarında çəkilmiş belə bir şəkli var. Oğlu Orxanın dediyinə görə, atası tanınmamaq üçün belə edirmiş... KQB-nin gözündən bu üsulla qaçmaq olardımı? YENİDƏN VƏKİLLİYƏ... "KƏRƏM DƏDƏ KİMİ YANIRAM!" 1937-ildə onu Yazıçılar Birliyindən çıxarırlar.Ondan əvvəl mətbuatda yazıçını qaralayan yazılar çıxır. Onun yazdıqlarını (“Studentlər”i) “kontrrevolyusyon sarsaqlama” adlandırırlar. Və... işdən “ixtisar” adı ilə azad edirlər! 1938-ci ildə Yusif Vəzir köhnə sənətinə - vəkilliyə qayıtmalı olur...Üç aydan sonra oradan da ixtisara düşür. Yazıçı yuxarı təşkilatlara üz tutur: “...Talesizliyimə Kərəm dədə kimi yanıram, yazıq körpələrim də mənimlə bərabər yanır. Bunların günahı nədir, bilmirəm...Mən maddi kömək istəyirəm, mən ancaq hər bir yazıçıya verilən şərait və imkan arzusundayam...” M.C.Bağırova, daha sonra İ.V.Stalinə məktub yazır. Heç yerdən cavab gəlmir. Ədib mütaliəyə girişir. Kamran Məmmədov yazır ki, onun 1937-38-ci illərdə oxuduğu kitabların siyahısına baxanda, adamı heyrət bürüyür...

Page 16: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

1938-ci ildə yazıçı “Kommunist” qəzetində bir elan görür. Özbəkistanın Ürgənc şəhərində Xarəzm Pedaqoji İnstitutunda rus dilindən dərs demək üçün müsabiqə elan olunub. Sənədlərini Ürgəncə göndərən Yusif əfəndi müsabiqədən keçir. Ailəsini Bakıda qoyub Ürgəncə gedir. Ürgəncdə “yüksək mədəniyyət sahibi”, “mükəmməl bilikli müəllim” kimi ad çıxarır. Oradan ailəsinə məktublar göndərir: Sanmayınız atanız Ürgəncdədir. Özüm hər yerdə mən, Könlüm sizdədir... Ancaq burada 1940-cı il yanvarın 25-dək çalışa bilir. Onu Ürgəncdə həbs edib Bakıya gətirirlər. Altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı il iyulun 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnoe (quraq ve susuz) stansıyasına sürgün edilir. Kamran Məmmədov hətta 1988-ci ildə çıxan kitabda belə ”sürgün” sözünü işlətmir (bəlkə də, işlətməyə qoymurlar), “sürgün”ü “köçürülür” sözü ilə əvəz edir... SUXOBEZVODNOE KƏNDİNDƏ KİM XOŞLUQLA YAŞAR Kİ? Ötən yazıda qeyd etdiyim kimi, əvvəlcə Yusif Vəziri Ürgəncdən Bakıya - Keşlə həbsxanasına gətirirlər. 6 aya yaxın burada saxlanılır. Ziya Bünyadov “Qırmızı terror” kitabında yazır ki, Yusif Vəzir Azərbaycanın repressiyaya məruz qalan bir qrup elm və mədəniyyət xadimlərinin verdiyi ifadə əsasında həbs olunub. Ziya müəllim onu da vurğulayır ki, başqa dustaqlardan fərqli olaraq işin içində Yusif Vəzirin repressiya qurbanlarının adət etdiyimiz qoşa şəkli yoxmuş, ancaq barmaq izləri varmış… (düzü, o şəkilləri görəndə həmişə qorxuram). Kamran Məmmədovsa Yusif Vəzirin 6 ay Bakıda həbsxana həyatı sürməsindən bir kəlmə də yazmır. Sovet senzurasının sayəsində araşdırıcı 1940-cı ilin yanvarından 1943-cü ilin yanvarınadək yazıçının Qorki vilayətinin Suxobezvodnoe kəndində “yaşadığı”nı deyir…Əslində 6 aylıq həbsdən, istintaqdan sonra onu sürgün etmişdilər.

Page 17: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Azərbaycan yazıçılarının I qurultayının iştirakçıları. Sağdan: Rəşid bəy Əfəndiyev, V.Vişnevski, A.Şirvanzadə, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, ayaq üstə (sağdan sola): Qurviç, M.Rəfili, C.Cabbarlı, Qantəmir (Əfəndiyev), M.S.Ordubadi, Əhməd Cavad, Səməd Vurğun, M.Hüseyn. 13 iyun 1934. İSTİNTAQ--“AĞ YALAN” 1940-cı il fevralın 26-da yazıçının ittiham edilməsi barədə çıxan qərarda deyilirdi: 1. 1919-cu ildə Müsavat hökumətinin konsulu vəzifəsində işləyərkən ingilis-fransız və Türkiyə təşkilatları ilə əlaqədə olmuşdur. 2. Fəal, peşəkar müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının rəhbər özəyinə məxsus olmuş və 1927-ci ildə müsavatçılarla milli təmayülçülərin yaratdıqları antisovet blokuna keçmişdir. 3.Öz həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi görüşləri təbliğ etmiş və 1931-ci ildə Azərbaycanın əksinqilabi-millətçi təşkilatının tərkibinə daxil olmuşdur. Ziya Bünyaov yazır ki, bu qərarla tanış olduqdan sonra Yusif Vəzirov aşağıda öz əli ilə yazıb, altında imza atıb: “Mənə verilən üç maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm” Martda keçirilən 4 istintaqda da Yusif Vəzir ittihamları qəti şəkildə rədd edib. SON MAAŞ… Ziya müəllim yazır ki, 1940-cı il aprelin 3-də Yusif Vəzirov ərizə ilə müstəntiqə müraciət edir: “Xahiş edirəm mənim əmanət kitabçamın həyat yoldaşıma çatdırılmasına icazə verəsiniz. Çünki ailəm iki aydan çoxdur ki, kənardan heç bir maddi yardım almır”.

Page 18: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Ürgəncli müəllimin əmanət kitabçasında 4 min manat pul varmış. Bu pul ailəsinə verilir… VƏZİROV YUSİF MİRBABA OĞLU… 1940-cı il aprelin 16-da ittiham qərarı çıxarılır. 3 gün sonra ittihamnamə SSRİ DİN yanında Xüsusi müşavirədə baxılmaq üçün göndərilir. İyunun 11-də Xüsusi müşavirə Vəzirov Yusif Mirbaba oğlunu antisovet fəaliyyətinə görə islah-əmək düşərgəsində 8 illik həbs cəzasına məhkum edir… Ziya müəllim yazır ki, Yusif Vəzirin istintaq işinə 13 şəxsə verilən hökmlər barədə arayışlar tikilibmiş - Hüseyn Cavid, Əhməd bəy Pepinov, İsmayılzadə Mikayıl Müşfiq, Ruhulla Axundov, Böyükağa Talıblı, Hacıkərim Sanılı və s. SÜRGÜN… BETLUQA ÇAYININ SAHİLİNDƏKİ MƏZAR Doğrudan da, bir kəndin ki, adı Suxobezvodnoe (quraq və susuz) olsun, orada necə «yaşamaq» olar ki? Üstəlik, həyatın ən böyük ağrı-acılarını görmüş, saysız itkilərdən keçmiş 56 yaşlı orqanizmlə? Yusif Vəzir hələ Bakıda olanda pis mənzil şəraiti üzündən ürəyinin və gözünün sıradan çıxdığını yazırdı. Amma deyilənə görə böyük ədib sürgündə də boş dayanmayıb. Quru və susuz yerdə də yazıb-yaradıb. Və yazdıqlarını düşərgə növbətçisinə ötürə bilib. Növbətçi də onu torpaqda basdırıb. Sonradan onun çürüdüyünü, siçovul yediyini görüb yandırıb. Əlyazmalar da yanırmış… Görəsən, Yusif Vəzir ömrünün son günlərində nə yazıb? Ağır şəraitdə, aclıqda, xəstəlikdə şuxluğunu, həyatsevərliyini saxlaya bilibmi? Heyhat! Bunu heç vaxt bilməyəcəyik.

Pellaqra xəstəliyi (Vikipedia)

Page 19: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Bilinən ancaq budur ki, «Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı həbs düşərgəsində vəfat edib. Səhəri gün - 1943-cü il yanvarın 4-də Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə Yusif Vəzirə bəraət verilib». PELLAQRA? BU NƏ XƏSTƏLİKDİR? Təsadüfən bu suala da cavab tapdım. Kamran Məmmədov monoqrafiyasında Yusif Vəzirin pellaqra xəstəliyindən vəfat etdiyini yazır. Bu nə xəstəlikdir? Axtarış verdim. Bu, avitaminoz ailəsindən olan xəstəlikdir. Uzun müddət pis qidalanmaqdan yaranır. Sovet həbs düşərgələrində tez-tez rast gəlinirmiş. İndi də bəzi aclıq çəkən ölkələrdə bu xəstəlik var. Nə qədər ağır olsa da, bir az da irəli getdim. Xəstəliyin əlamətlərini bilmək istədim. Beləcə, ömrünün sonlarında böyük yazıçının hansı əzablardan keçdiyini öyrəndim - Oyanıqlıq, əsəbilik, dermatit, dərinin yara tökməsi, yuxusuzluq, zəiflik, ətrafların iflic olması və anlamadığım bəzi simptomlar… Müalicə olunmasa, xəstəlik 4-5 ilə ölümlə nəticələnir. Bu xəstəliyə tutulan Yusif Əfəndi daha az yaşaya bilib. Ən ürək göynədən cəhət odur ki, Yusif Vəzirin məzar yeri bilinmir… Amma bizim sevdiklərimizin məzarını tapıb Vətənə gətirmək təcrübəmiz var axı?.. SON MƏKTUB—TAMAM SƏNİN YUSİFİN… Bu məktub 1941-ci ilin 30 dekabrında yazılıb. Amma ailəsinə 1942-ci il 25 mayda çatıb. İnternet əsrində bu «sürət» ə gülməkdən başqa çarə var? Yusif Vəzir həyat yoldaşı Bilqeyis xanıma yazırdı: «Əziz Bulqi, mən sağ və salamatam. Yeganə nigarançılığım səndən və uşaqlardandır. Taleyin bizi birləşdirəcəyi günü gözləyirəm. Əgər imkanınız varsa, bağlama barədə ərizə yazıb xahiş edin, mənə böyük kömək olar, xüsusən tütün cəhətdən… Sizin məktubu aldım. Bizim günəşimiz hələ yayda parlayacaq. Uşaqların sağ-səlamətliyi və yaxşı oxumaları qaydasındadırsa, mən şad olaram. Sağlamlığınızı qoruyun. Qohum və tanışlara salam. Bərk-bərk öpürəm sizi. Tamam sənin Yusifin… » Hər halda, ac qalmağı barədə burada ipucu var…

ÇOX DA TƏRİFLƏMƏ MƏNƏ VƏTƏNİ!

Türkiyədə "Əli və Nino" Çəmənzəminlinin imzası ilə çap edilib.

Page 20: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

Bu, Çəmənzəminlinin Vətənə göndərdiyi son məktub idi…Vətən dedim, qeyri-ixtiyari ağlımdan «Vaqif» pyesində Qacarın söylədiyi söz keçdi : «Çox da tərifləmə mənə Vətəni, Bu qılınc olmasa, yeyərlər məni!» Yusif Vəzirin nə qılıncı, nə topu-tüfəngi vardı. Bir «Vətən» deyən ürəyi, bir də lap uşaqlıqdan Vətənin dərdlərini duyan və yazan iti qələmi vardı. Elə o üzdən də, onu «yedilər»… YUSİFİ QARA YELLƏR APARDI… Yazıçının kiçik bacısı Əzət xanım (Onun dörd bacısı olub, Ziya müəllimin ömür yoldaşı Tahirə xanım Yusif Əfəndinin bacısı qızıymış) yüz yaşadək yaşayıb. Kamran Məmmədov 95 yaşın tamamında onu ziyarət etdiyini yazıb. Əzət xanım Yusifin gülən çöhrəsini heç vaxt yadından çıxarmadığını söyləyib: “Yusif başqa qardaş idi, adamların naxşı idi. Yusifə çatan oğul görməmişəm, görmərəm də. Gözəl insan idi” . “Əgər qardaşım “qara yelə” düşməsəydi, lap indi də sağ olardı—deyib… Bu həmin Əzətdir ki, yazıçı Şuşada “Bir cavanın dəftəri” adlandırdığı gündəliyində onun haqqında yazırdı: “Əzət tərtəmiz qızdır, əliaçıqdır. Evdə qalmaqal salmaqdan xoşlanır. Avropa həyatı çox xoşuna gəlir. Savadlı olmaq istəyir. Buna görə də, Azərbaycan əlifbasını acgözlüklə öyrənir. Zəhmətsevəndir. Səadəti var-dövlətdə deyil, insanlıqda görür…”. DÜNYANIN ƏN GÖZƏL SEVGİ ROMANINI KİM YAZIB? 5-6 il əvvəl “Əli və Nino” barədə ilk verilişlər hazırlayanda, AzadlıqRadiosunun Praqa bürosundan bir faks aldım. Rövşən Qəmbərov göndərmişdi. Mustafa Türkəqul adlı bir azərbaycanlı mühacirin məqaləsiydi. 70-ci illərdə ABŞ-da yazılan məqalədə romanın Çəmənzəminliyə məxsus olduğu inamla sübuta yetirilirdi. Türkəqul romanın ilk dəfə 1937-ci ildə çap olunduğunu, araya Dünya Müharibəsi düşdüyü üçün unudulduğunu, Jenia Gramanın 1970-ci ildə onu ingilis dilinə tərcümə etdiyini və bundan sonra romanın çox məşhurlaşdığını yazırdı. Romanda Azərbaycanın çox həssas bir dövrü əhatə olunduğundan, o da “əsərin müəllifi sayılan Qurban Səid kimdir”—sualına cavab axtarmaq fikrinə düşür və cavabı tapır. “ƏLİ VƏ NİNO”NUN AZƏRİ TÜRKCƏSİ İLƏ YAZILDIĞI "MUHEKKEKDİR"! Onun yazdığına görə, əlində yazıçılıqdan başqa peşəsi olmayan (bir yabançının vəkillik etməsi qayət çətin bir məsələdir) Yusif Vəzir Avropada da yazıb-yaratmaqla məşğul olur. Bütün Avropa məmləkətlərini gəzir. Türkəqul “Əli və Nino”nun da həmin dövrdə yazıldığını bəyan edir. Və əlavə edir ki, bu əsərin mövcudluğunu Üzeyir Hacıbəylinin Fransada yaşayan qardaşı Ceyhun bəy Hacıbəyli də bizə söyləyib (!). Türkəqul “Əli və Nino”nun “Azeri türkcesi ile yazıldığı mühekkekdir”-- deyir. “Sonradan Yusif Vəzir bu əsəri bir alman dostunun köməyi ilə almanca yazır. Sonradan əsərin almancasını Avstriyanın mərkəzindəki bir nəşriyyat evinə təklif edir.Vyanadakı nəşriyyat şirkəti sahibi Toll ailəsindən indi yalnız cənab Toll-un arvadı Xanım Toll həyatdadır”. XANIM TOLLUN CAVAB MƏKTUBU Türkəqul (sonradan aydın oldu ki, Betti xanımın da bu məktubdan xəbəri var. Sən demə, bu prosesə Vaşinqtonda yaşayan Yusif Qəhrəman adlı mühacir də qoşulubmuş) Xanım Tolla

Page 21: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

məktub göndərir. Cavab məktubunda Xanım Toll yazır ki, “1920-ci illər idi. Cavan və gözəl bir kişi mətbəəyə gələrək ərimlə uzun-uzadı danışdıqdan sonra bir əlyazması buraxıb getdi. Gələn adamın ərimlə nə danışdığını bilmirəm. Amma sonra həmin gözəl kişini də, onun əlyazmasını da tamam unutduq…1937-ci ildə bazarımız çox kasad olduğundan, həmin əlyazmanı nəşr etdirmək qərarına gəldik. Əsər çox əski alman dilində yazıldığından, onun üzərində bəzi düzəlişlər apardıq və çap etdik”. Amma Betti xanım yazır ki, əsərin 1971-ci ildə türkcəsi çıxanda bu mülahizələr önsözdə (Semih Yazıçıoğlu yazıb) verilib və bundan bir il sonra xəbər tutan xanım Toll sözündən dönüb. Azərbaycanlılara belə bir söz demədiyini iddia edib…Bəs məktub? Görəsən, Türkəqulun arxivində o məktub dururmu?

Betty Blair YUSİF QƏHRƏMAN EVİNDƏ DİRİ-DİRİ YANDI… Türkəqulun arxivini deyə bilmərəm, deyəsən Yusif Qəhrəmanın arxivində mühüm sənədlər, kitablar olub. Mən illlər öncə həmin azərbaycanlı Yusif Qəhrəman haqqında mərhum Mehdi Məmmədovdan eşitmişdim. Mehdi müəllim Vaşinqtinda onunla görüşmüşdü və sonra ölüm xəbərini almışdı. Onun faciəli həyat tarixçəsinə Mirzə Xəzərin iki il əvvəl “Mediaforum” saytına müsahibəsində də rast gəldim: ” “Amerikanın səsi” radiosunda Yusif Qəhrəman adlı jurnalist işləyirdi. O, Qazaxdan, Qəhrəmanovlardan idi, Vaşinqtonda yaşayırdı. Deyirdi ki, məndə “Əli və Nino”nun müəllifin imzası ilə olan nüsxəsi var. Onun çox böyük kitabxanası vardı. Amma sonradan onun evi yandı, həm özü o hadisədə həlak oldu, həm də dediyi o tarixi faktlar, kitabxana külə döndü. Mənə deyirdi ki, Azərbaycanın tarixi barədə çoxlu kitabları var, onlar da məhv oldu. Vaxtında insanlar öz tarixlərinə, öz keçmişlərinə sahib çıxmayanda nəticə belə olur”. “ƏLİ VƏ NİNO” AZADLIQRADİOSUNDA… Əsərin Çəmənzəminliyə məxsus olduğunu “yəqinləşdirən” Azərbaycan mühacirləri 1970-ci illərdə onu Azərbaycan türkcəsinə çevirib (tərcüməçi o vaxtlar Münhendə yerləşən radionun əməkdaşı Məcid Musazadə idi) AzadlıqRadiosunda səsləndirməyə başlayıblar. Yeri gəlmişkən, Türkəqul həmin məqaləsində romanın ingilis dilinə tərcüməsini bəyənib və yazıb ki, “bəzi adların yanlış verilməsinə, bəzi cümlələrin əslindən fərqli çevrilməsinə baxmayaraq, tərcüməni uğurlu saymaq olar. Ən mühümü odur ki, tərcüməçi Çəmənzəminliyə xas olan satirik və yumorlu təbir və istilaları ingilisdilli oxuculara çatdıra bilmişdir”.

Page 22: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

TƏŞƏKKÜRLƏR, BETTİ XANIM! Mustafa Türkəqul Azərbaycanın Əlyazmalar Fondunda bu əsəri Çəmənzəminlinin yazması haqqında “ipucu” ola biləcəyini də yazır. Həmin “ipuclarını” həm yazıçının araşdırıcıları, həm də uzun illər sonra daha cəsarətlə “Azerbaijan internasional” jurnalının baş redaktoru Betti Blair çözələdi və.. Türkəqulun gəldiyi nəticəni təsdiqlədi…O, Çəmənzəminlinin “Əli və Nino”nun müəllifi olmasına dair düz 101 dəlil sadaladı! Jurnalın bir nömrəsi bu mövzuya həsr olundu. Daha bir nömrədə ayrıca Çəmənzəminlidən bəhs olunacaq. Xanım Bettiyə bu əzablı işinə görə təşəkkürlər! XRİSTOFOR! MƏNİ TANIMADIN? 17 İL QABAQ BİR MƏKTƏBDƏ OXUMUŞUQ?! Yazıçının Fransa gündəliyində maraqlı bir qeyd də var. Paris yaxınlığındakı Klişi şəhərindəki zavoddan işdən qovulan (zavod fəhlələrinin tətilində iştirak etdiyi üçün) Yusif ac-susuz vaxtlarında şəhəri dolaşarkən Bakıda Realni Məktəbdə oxuduğu sinif yoldaşına rastlaşır. Xristofor onun vəziyyətini soruşanda deyir: “Burada bir rus mühərriri var, qaçqınlardandır. Onunla dostlaşmışam. Bir qəzetə şərq məktubları yazır. Onu tanıyırlar, məlumatın çoxunu məndən alır, əvəzinə qazandığının 25 faizini mənə verir. Birtəhər dolanıram. Bombeydən vurub Pekindən çıxır, Kəlküttədə olur, Sinqapuru gəzir. Indi Tehrandadır. Rza şahın adamları ilə danışıq aparmalıdır” Bu təsadüfi görüşün baş verdiyi il Lev Nissimbaumun 20 yaşı vardı. Görəsən, o 1925-ci illərdə Parisdə “mühərrirlik “ etməyib ki? Bioqrafiyasına baxıram—o zaman Berlin Universitetinin tələbəsiymiş və ədəbi fəaliyyətə təzə-təzə başlayırmış. Lap belə olmasa da, bu “təcrübəsinin” (biliklərini satmaq) olduğunu nəzərə alsaq, Çəmənzəminlinin “Əli və Nino”nu kiməsə vermədiyini hardan bilək? ALTUNBAŞ Lev Nissimbaumun bu adda əsəri var. Elə Çəmənzəminlinin də bu adda kinossenarisi var. Amma ssenari bəyənilsə də, çəkilməyib. Çünki artıq «Studentlər» romanı tənqid olunmuşdu. Kamran Məmmədov yazır ki, bu ssenari məzmun gözəlliyi və yüksək bədii səviyyəsi ilə fərqlənir. Mingəçevir Su Elektrik Stansiyasına həsr olunan ssenari «Altunsaç» adlı bir Azərbaycan əfsanəsindən qaynaqlanır. Bu nə qəribə təsadüfdür? Bu əsərlər arasında bir əlaqə varmı? VƏZİROVLAR Sən demə, Yusif Vəzirin ulu babası Mirzə Əliməmmədağa Qarabağ hökmdarı İbrahimxəlil xanın vəziri olub. Və daha bir maraqlı nüans. 1797-ci ildə Şuşanı tutanda Ağa Məhəmməd Şah Qacar İbrahimxəlil xan tərəfindən yenicə Türkiyəyə səfir təyin olunan Mirzə Əliməmmədağanı öldürtdürür... Tarix necə təkrar olunur. Yusif Vəzir də Türkiyədə səfir idi. Yeri gəlmişkən, Yusif Vəzirin nəvəsi və adaşı da (Orxan Çəmənzəminlinin oğlu) hazırda diplomatdır və inanırıq ki, babalarının aqibəti onu heç zaman izləməyəcək. ÖZÜNÜ MƏHV EDİB ADINA KÜÇƏ VERDİLƏR… Yazını bitirdim. Əvvəl-axır bitməliydi… Səbrini basıb 4 hissəni oxuyanlara, “bəyəndim” düyməsini basanlara və şərh yazanlara təşəkkürlər! Sizi bilmirəm, mən bu böyük yazıçını daha yaxından tanımaqdan məmnun oldum. Və yazını

Page 23: Sevda İsmayıllı BÖYÜK YAZIÇI HAQQINDA KİÇİK QEYDLƏR · Hər payız evimizdəki divarboyu kitab şkafını töküb təzədən yığmaq adətim var. Həm kitablar havalanır,

bitirəndən sonra xeyli yüngülləşdim. Bundan sonra onun əsərlərini ikinci dəfə başqa gözlə oxuyacağam. Bir şeyi deməyi unutdum. Mən 22 ildir ki, Bakıda Yusif Vəzir Çəmənzəminlinin adını daşıyan küçədə yaşayıram… Oxuzalı.az