2
Respublikanın ümumtəhsil məktəblərinin
7-ci sinifləri üçün “Azərbaycan dili” dərslik komplekti
Müəlliflər: Rafiq İsmayılov
Aynur Rüstəmova
Hidayət Allahverdi
Sahibə Məmmədova
Dilrüba Cəfərova
Bakı: Altun kitab, 2014.
Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq
müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında
hazırlanmış
YEKUN RƏY
3
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından
2. Dil və yazı üslubu baxımından
3. Dizayn və bədii tərtibat baxımından
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
baxımından
1. Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik
komplektində verilmiş materiallar “Dinləyib-anlama və danışma”, “Oxu”, “Yazı”,
“Dil qaydaları” məzmun xətləri üzrə 6 əsas və 19 alt standartın reallaşdırılmasına
yönəlmişdir.
Dərslik 7 bölmə (“Fərd və cəmiyyət”, “Hər sözün bir taleyi var”, “Ana təbiət”,
“Kamilliyə doğru”, “Dəyərlərimiz”, “İxtiralar və kəşflər”, “Kitabın tarixi”)
olmaqla, 176 səhifədən ibarətdir. Həmçinin dərslik komplektində “Mündəricat”,
“Sözlük” hissələri, “Söz ehtiyatı”, “Düşün və cavab ver”, “Yazı”, “Dil qaydaları”,
“Yadda saxla!”, “Debat”, “Şifahi nitq”, “Ümumiləşdirici təkrar” rubrikaları
verilmişdir.
Komplektdə verilmiş təlim materiallarında faktların elmiliyi, dəqiqliyi, etibarlılığı,
əsasən, gözlənilmişdir. Materialların sadədən mürəkkəbə doğru ardıcıllıqla təqdim
olunması qənaətbəxşdir. Gender məsələlərində isə qüsurlar vardır. Davamlı inkişaf
konsepsiyasına müvafiq olaraq, ictimai dəyərlərin təbliğ olunması qənaətbəxş olsa da,
milli-mənəvi dəyərlərin təbliği zəifdir. İnteraktiv təlimə imkan yaradılması, inklüzivliyin
təmin olunması və diferensial təlim üçün materialların verilməsi amilləri qismən nəzərə
alınmışdır.
Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən dərslik
komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə
alınsa da, bəzi qüsurlar qalmışdır. Bunlar aşağıdakılardır:
4
İlk dərs üçün “Hərənin öz imzası” adlı mətn verilib. Tədris ilinin ilk günündə
şagirdlərin yeni dərs ilinə uyğunlaşmasını asanlaşdıran mətn təqdim edilməsi daha
məqsədəuyğundur.
Səhifə 10. Mətndə “müəllim” sözünün ümumi müraciət forması kimi verilməsi
məqsədəuyğun deyil, çünki “müəllim” konkret peşə sahibinin adıdır.
Səhifə 36. “Yadda saxla!” rubrikasında “idi”, “imiş” hissəciklərinin izahında
“Arzu məktəblidir”, “Ramin yazmalıdır” nümunələrinin verilməsi çaşqınlıq yaradır.
Buradakı “ –dır” xəbər şəkilçisidir, “idi” hissəciyinin ixtisar şəkli deyil.
Səhifə 37. 9-cu tapşırıqda (“Kontekstə uyğun olaraq feillərin qrammatik
formasını bərpa etməklə mətni köçürün”) “qrammatik forma” əvəzinə “morfoloji
əlamətləri” ifadəsi yazılsa, fikir daha konkret olar.
Səhifə 41. 8-ci tapşırıqda cümlədə düzgün söz sırasına əməl etməklə şeiri nəsrə
çevirmək tələb olunur. Lakin Azərbaycan dili fənni üzrə məzmun standartlarında
nəzərdə tutulmasına baxmayaraq (məsələn, 3-cü sinif, 4.1.6. Cümlədəki sözlərin düzgün
ardıcıllığını müəyyən edir), şagird “cümlədə söz sırası” haqqında nə aşağı siniflərdə, nə
də 7-ci sinif “Azərbaycan dili” dərsliyində məlumat alıb. Yalnız 6-cı sinif
“Azərbaycan dili” dərsliyində xəbərin adətən cümlənin sonunda işlənməsi haqqında
qısa məlumat verilir ki, bu da həmin tapşırığın icrası üçün yetərli deyil.
Səhifə 98. “Nəinki” bağlayıcısının mürəkkəb söz olması mübahisə doğurur.
Səhifə 123. Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasından Məşədi İbadın
monoloqundakı bəzi sözlərin mənası lüğətdə verilməyib: “cabəca”, “şəvə”, “həna”,
“şarlatan”, “nə tövr”, “abrazavonnı”.
Səhifə 125-146. 6-cı bölmə “İxtiralar və kəşflər”də müxtəlif sahələrə aid ixtira və
kəşfləri olan Azərbaycan alimləri haqqında da məlumat verilməsi təklif edilir.
Eyni zamanda, bölmədə qadın ixtiraçılardan söhbət açılmır. Bu, gender
bərabərliyinin pozulmasıdır. Ümumiyyətlə, mətnlərin (“Son yarpaq” səh.17-19,
“Polyanna” səh. 23-26) qadın qəhrəmanları əksər hallarda xəstə, tənha, əzilmiş şəkildə
təsvir edilirlər.
Səhifə 128. “Əsas və köməkçi nitq hissələrinin omonimliyi” başlığının
“Köməkçi nitq hissələrinin əsas nitq hissələri ilə omonimliyi” kimi verilməsi təklif
olunur.
5
Səhifə 132. “Köməkçi nitq hissələrinin omonimliyi” ifadəsini “Köməkçi nitq
hisslərinin öz aralarında omonimliyi” kimi vermək məqsədəuyğundur.
Səhifə 162. MMV-yə əsasən bu dərsdə 4.1.1. (Cümlələri quruluşuna görə
fərqləndirir) alt standartı (səh.167) reallaşdırılmalıdır. Dərsə aid tapşırıqların heç biri bu
alt standartın tələblərini ödəmir. Yalnız 16-cı tapşırıq dolayı şəkildə alt standartın
tələbinə yaxınlaşır, lakin tapşırığın şərti şagirdə bunun üçün lazımi istiqamət vermir.
Dərslikdə milli dəyərlər, tariximiz, azərbaycançılıq ideyası ilə bağlı mətnlərin sayı
çox azdır. Əksər mətnlər Qərb mədəniyyətinin, ədəbiyyatının, məişətinin, tarixinin
təsvirinə yönəlib. Həmin nümunələrdə millilik çox zəifdir. Hətta aforizm nümunələri də
xarici mənbələrdən gəlir. Tapşırıq mətnlərindəki cümlələrin içərisində də daha çox
əcnəbi mütəfəkkirlərdən misallar var. Azərbaycan müəlliflərinin əsərlərinə az sayda
müraciət olunub. Digər tərəfdən, dilin gözəlliyini, onun ifadə imkanlarının genişliyini,
məcaziliyini, çoxmənalılığını daha çox bədii mətnlər üzərində öyrənmək mümkündür,
nəinki ensiklopedik səciyyəli mətnlər üzərində.
2. Dil və yazı üslubu baxımından
Dərsliyin dil və üslub cəhətdən şagirdin yaş səviyyəsinə uyğunluğu qənaətbəxşdir.
Verilmiş materiallarda dil qaydalarına, əsasən, əməl edilmiş, şagirdlərin söz ehtiyatının
artırılması və nitq inkişafı nəzərə alınmışdır. Yeni söz və terminlərin izahının verilməsi
əksər hallarda təmin edilmişdir.
Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:
Səhifə 15. “Söz ehtiyatı” rubrikasında verilmiş “sinmək” sözünün izahı sözlükdə
verilsə, yaxşı olar.
Səhifə 30. 5-ci tapşırıqda verilmiş “altruizm” və s. kimi sözlərin mənası MMV-də
verilsə də, dərslikdəki sözlükdə də izahının verilməsi məqsədəuyğun hesab olunur.
Səhifə 75. 4-cü tapşırığın şərtində (“Dördündən biri qrammatik cəhətdən
fərqlidir”) “cəhətdən” sözünün əvəzinə “baxımdan” sözünü işlətmək daha
məqsədəuyğundur.
Səhifə 90. 13-cü tapşırığın birinci cümləsində (“Qorxaqlar taleyə təslim olur,
cəsurlar isə taleni təslim edir”) “taleni” deyil, “taleyi” yazılmalıdır.
6
3. Dizayn və bədii tərtibat baxımından
Dərslik komplekti dizayn və tərtibat baxımından qənaətbəxşdir. Vahid dizayn
üslubu, şəkillərin mətnə uyğun yerləşdirilməsi və həcm nisbəti, əsasən, gözlənilmişdir.
Bununla yanaşı, aşağıda verilmiş təkliflərin də nəzərə alınması tövsiyə edilir:
Dərsliyin üz qabığının dizaynı müəyyən qədər bəsitdir, rəng çalarları yararlı deyil.
Şəkil və illüstrasiyaların əksəriyyəti millilikdən uzaqdır, xarici geyim və ədaları,
saç düzümünü, bizə yad olan ailə-məişət davranışlarını əks etdirir. 1-ci bölmənin titul
səhifəsində mətnlərə çəkilmiş illüstrasiyalar iri və işıqlı fonda verildiyi halda,
M.İbrahimovun şəkli kiçik və qaranlıq fonda verilmişdir. Dərslikdəki əksər şəkillərin
rəngi sönükdür.
Səhifə 55. “Ana təbiət” bölməsindəki şəkillər solğundur. Burada gözəl bir təbiət
mənzərəsinin verilməsi yaxşı olardı.
Səhifə 99. Eynşteynin şəklinin bir az kiçik, attestatın şəklinin bir az böyük ölçüdə
verilməsi təklif edilir.
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Dərslikdəki tapşırıqların mövzularla uyğunluğu, idraki bacarıqların inkişafına
yönəlməsi, elmiliyi qənaətbəxşdir. Özünüqiymətləndirmə ilə bağlı tapşırıqlar isə, demək
olar ki, verilməmişdir.
Bəzi tapşırıqların məhz dərsliyin üzərində yerinə yetirilməsi nəzərdə tutulur ki, bu
da qüsurlu məqamlardandır. Növbəti dərs ilində bu dərslikdən istifadə edən şagirdlər
artıq həmin çalışmaları həll edilmiş görəcəklər. Məsələn: səh.22, çalışma 7; səh.31,
çalışma 7; səh.32, çalışma 1; səh.81, çalışma 8 və s.
Dərslikdə bəzi çalışmaların şərti və onların MMV-dəki izahı qüsurlu və yanlışdır.
VII bölmənin II dərsi olan “Kitabxanalar” dərsindəki çalışmalardan bir neçəsi
elmi baxımdan səhvdir. Dərslikdəki 4-cü çalışma (səh.154-155) ilə bağlı MMV-də
deyilir: ““Böyük şairin əsərində qeyd edilir ki, Gəncə kitabxanasında o zaman 10-
dan çox dildə kitab olmuşdur” cümləsində birinci cümlənin xəbəri şəxssiz növ feillə
ifadə olunub, ona görə də mübtədası yoxdur. Bu, şagirdləri çaşdıra bilər. Odur ki,
7
müəllim şəxssiz növ cümlələr haqqında da məlumat verə bilər” (səh.162). Əvvəla,
bu cümlənin birinci tərəfi şəxssiz növ feillə ifadə olunmayıb. Çünki bu cümlə
bütövlükdə mübtəda budaq cümləsidir, budaq cümləsi isə şəxssiz növ feillə ifadə oluna
bilməz. Qaydaya görə, mübtəda budaq cümləsi ya baş cümlədəki izah olunmayan
mübtədanı, ya da buraxılmış mübtədanı izah edir. Demək, baş cümlədə mübtəda ya
olmalıdır, ya da buraxıla bilər. Buraxılan mübtəda isə bərpa oluna bilər. Məsələn,
“Böyük şairin əsərində kitabxanada 10-dan artıq kitabın olduğu qeyd olunur”. Nə?
“Kitabxanada ondan artıq kitabın olduğu” – mübtəda. Bunu sadə bir yolla da sübut
etmək olar; qeyd edilir – nə? Şəxssiz növ fellər olan cümlələrdə isə mübtəda öz əksini
tapa bilmir. Digər tərəfdən, mətndən kiçik, həm də sadə quruluşlu bir cümlə seçməklə
problemi daha yaxşı, məhz 7-ci sinif şagirdinin təfəkkürünə uyğun bir şəkildə izah
etmək olar.
Mətndəki çalışmaların, demək olar ki, heç birində şərhə uyğun nümunə
göstərilmir. Bəzi çalışmalarda xüsusilə bu cür nümunələrin zəruriliyi hiss olunur.
Məsələn, səh.16-da 9-cu, səh.20-də 5-ci çalışmalar.
Bununla yanaşı, digər qüsurlar da var:
Səhifə 16. 11-ci tapşırığın şərtində “morfoloji əlaməti” ifadəsindən sonra
mötərizədə “(şəkilçini)” sözünü də əlavə etmək məqsədəuyğundur. Əks təqdirdə,
şagirdlərin başa düşməsi üçün çətinlik yaranır.
Səhifə 31. 12-ci çalışmada “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin”
misrasında feilin məlum, yoxsa icbar növə aid olduğunu müəyyənləşdirmək tapşırılır.
Lakin nümunədə 2 feil olduğundan hansı feildən söhbət getdiyi anlaşılmır.
Səhifə 41. 7-ci çalışmanın 4-cü cümləsində “eləyirəmsə” sözü “edirəmsə” şəklində
işlənsə, yaxşı olar.
Səhifə 49. Dil qaydalarına (“idi, imiş hissəcikləri”) aid tapşırıqların bəzisi “Ay
adları və onların mənşəyi” mətni əsasında hazırlansa, daha məqsədəuyğun olar.
Səhifə 63. 8-ci tapşırıqda “tezis” və “antitezis” ifadələri təqdim olunur. Lakin heç
birinin mənası nə lüğətdə, nə dərslikdə, nə də MMV-də izah edilir.
Səhifə 75-76. 3-cü bölmədə ümumiləşdirici təkrara aid sual və tapşırıqlar dil
qaydaları ilə bağlıdır. Digər məzmun xətlərinə aid tapşırıqlar, demək olar ki, tərtib
olunmayıb.
8
Səhifə 161. 10-cu tapşırıqda qeyd olunur: “Verilmiş mətnə annotasiya yazın”.
3.1.4. (Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır) alt standartında isə 7-ci sinif üzrə
yalnız “teleqram və izahat” yazmaq tələb olunur. Həm də verilmiş mətn üzrə
annotasiya yazmaq real deyil. Çünki bu mətn kitabdan bir parçadır. Mətn özü ayrıca
şəkildə annotasiyaya aid tələblərə malik deyil.
Səhifə 166. 5-ci tapşırıqda altından xətt çəkilmiş qoşmanı sinonimi ilə əvəz edib
yazmaq tapşırılır. Altından xətt çəkilmiş “doyunca” sözündə qoşma yoxdur, “-ca” feili
bağlama şəkilçisi “-ınca4”-nın tərkib hissəsidir.
Ev tapşırıqlarından az istifadə edilib. Verilmiş ev tapşırıqlarının nə zaman
yoxlanılacağı, necə qiymətləndiriləcəyi haqqında göstəriş yoxdur. Dil qaydaları mətnlə
çox zəif əlaqələndirilir.
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Müəllim üçün metodik vəsait 176 səhifədən ibarətdir. MMV-də “Dərslik
komplektinin ümumi prinsipləri”, “Ümumi illik planlaşdırma”, “Dərslərin
quruluşu”, “Məzmun standartları və təlim nəticələri”, “Təlim texnologiyaları”,
“Qiymətləndirmə”, “Kiçik summativ qiymətləndirmə nümunələri” öz əksini
tapmışdır.
Təlim nəticələrinin standartlara uyğunluğu, tətbiq olunan metod və üsulların
məzmun standartlarının reallaşdırılmasında rolu, təlim nəticələrinin iyerarxiyası
(əlaqəlilik, mərhələlilik), şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla innovativ
metodların tətbiqi səviyyəsi gözlənilmişdir. Dərs zamanı əlavə vəsaitlərə (elektron
resurslar, əyani vasitələr və s.) istiqamətləndirmə də verilmişdir.
Dərsliyin hər paraqraf üzrə materialları xarakterinə görə qruplaşdırılmış və bu
materiallar üzrə tədris texnologiyasının şərhi verilmişdir. Təlim nəticələrinin
reallaşdırılması ilə bağlı daha çox diqqət yetirilməli məsələlərin qeyd olunması, mənbə
və resursların təqdimolunma səviyyəsi qənaətbəxşdir.
Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:
9
MMV-də cari planlaşdırma nümunələri verilməmişdir.
Yazı işlərinin (inşa, esse, hekayə, ifadə, layihə-təqdimatlar, araşdırmalar) həcmi,
onların hansı saatda icra olunacağı, nə vaxt və necə yoxlanılacağı, hansı üsulla
qiymətləndiriləcəyi haqqında heç bir tövsiyə verilmir.
Başlıqların altında bir neçə dərs birləşsə də, bir dərs kimi qeyd olunur. Həmçinin
“Gürzə”, “İşgüzar təklif”, “Təbiət mühəndisləri” və bu kimi başqa mövzuların
tədrisinə 3 saat ayrılsa da, hər bir saatda görüləcək işlərin sərhədi müəyyənləşdirilməyib,
müəllimə 3 saatlıq mövzularla bağlı əlavə tövsiyə verilməyib. Buna görə də nəzərdə
tutulan alt standartların icrası praktik baxımdan mümkünsüz görünür. İşin saatlar üzrə
bölgüsünü müəllimin öhdəsinə buraxmaq düzgün deyil, çünki müəllim bunu düzgün
hesablamaya bilər, buna öz görüşləri baxımından yanaşa bilər, nəticədə alt standartlar
arasında mənimsənilmə fərqi yarana bilər. Nümunə üçün bir neçə dərsin gedişinə diqqət
yetirmək olar.
Dərslikdə səhifə 42-45-də, MMV- də isə səhifə 54-58-də “Bunu kim deyib” (3
saat vaxt verilib) mövzusu üzrə dərslərdə 7 alt standartın reallaşdırılması nəzərdə
tutulub. MMV-də mövzunun tədrisi üçün dərslərin sərhədi müəyyənləşməmiş, buna görə
də hər dərsə aid motivasiya da verilməmişdir. Yalnız bir motivasiya təklif olunmuşdur
ki, onun hansı dərsə aid olması haqqında fikir söylənmir. Əgər motivasiya birinci dərsə
aiddirsə və digər bütün tövsiyələr də həmin dərsi əhatə edirsə, nəzərdə tutulmuş alt
standartların reallaşdırılması ilə bağlı işlərin icrası bir dərs saatında mümkün deyil.
Yaxud tövsiyələr mövzunu əhatə edən 3 dərs saatı üçün ümumi şəkildə
müəyyənləşdirilibsə, bunu nəzərdə tutan heç bir göstəriş verilməyib. Heç bir dərsdə
müəllimə kömək məqsədilə tədqiqat sualı da qoyulmamışdır. Dərsin sonrakı ardıcıllığı
belədir:
2.1.1. (Tanış olmadığı sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir) alt
standartı. Bu zaman müəllim fəndaxili şaquli inteqrasiyadan istifadə etməli, bunun üçün
2.2.1. ( Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır) alt standartına müraciət etməli, ziqzaq üsulu ilə mətnin oxusunu aparmalı,
hər bir hissə ilə bağlı xüsusi tapşırıqlar verməlidir. Sonra təqdimatlar edilməli və
təqdimatlar zamanı mətndaxili suallar yerinə yetirilməlidir.
2.2.3. (Mətndəki fikrə münasibətini əlavə fakt və məlumatlarla əsaslandırır) alt
standartı. Bu zaman təqdimatı dolğunlaşdırmaq üçün 1-ci qrupa M.Qorkinin “Şahin
10
nəğməsi” əsərindən bir parça təqdim edir. Təqdimatlardan sonra lövhəyə çəkilən cədvəl
(qanadlı ifadələrlə bağlı) doldurulmalıdır.
2.2.2. (Mətnin tərkib hissələri arasındakı əlaqəni müəyyənləşdirir) alt standartı. Bu
zaman şagirdlər mətnin müvafiq yerlərinə əlaqələndirici cümlələr əlavə etməlidirlər.
Eyni zamanda, burada belə bir qeyd verilir: “Mətnin hissələri arasında keçid cümlələr
yazmaq üçün, ilk növbədə, mətni diqqətlə oxumaq, onun bitkin hissələrini, hər bir
hissənin məzmununu müəyyən etmək lazımdır”. Demək, hər bir şagird mətni
yenidən sonadək oxumalıdır. Burada artıq ziqzaq üsulu öz əhəmiyyətini itirmiş olur.
Şagirdlərin variantları dinlənilir və müzakirə olunur. 1 dərs saatı ərzində bu işlərin
aparılması mümkün deyil.
Evdə işləmək üçün layihə tapşırığı verilir, lakin bu tapşırığın növbəti dərsdə
yoxlanılıb-yoxlanılmayacağı haqda heç bir göstəriş verilmir.
1.1.1. (Dinlədiyi məlumatda ton, əhvali-ruhiyyə və emosiyanı müəyyən edir) və
1.2.3. (Nitqində müxtəlif səs çalarlarından istifadə edir) alt standartları. İrəli sürülən
tezis və antitezislə bağlı debat təşkil edilir. Yenə də debatın hansı vaxt daxilində
reallaşdırılacağı haqqında göstəriş verilməyib. 6, 7, 8, 9, 10 və 11-ci çalışmalarda dil
qaydaları üzrə iş təşkil edilir. Burada da tapşırıqların yoxlanılması və buna ayrılan vaxt
göstərilmir.
Dərsin sonunda rubriklər təşkil edərək şagirdləri qiymətləndirmək tövsiyə edilir.
“Zamanın idarə olunması” (dərslik, səh.78-82. MMV, səh.93-95) dərsi ilə bağlı 5
alt standart, 14 tapşırıq (biri esse yazmaqla, biri şifahi müzakirə ilə, digəri MMV-də
verilmiş hekayə ilə tanış olmaq və onu mətnin uyğun hissəsinə əlavə etməklə bağlıdır),
dil qaydaları ilə bağlı yeni bir mövzunun (qoşma) və s. icrası nəzərdə tutulub.
Dərsin MMV-də təklif olunan təhlilinə diqqət yetirmək olar:
Müəllim öncə motivasiya qurmalıdır (təqdim olunan mətnin həcmi, mövzusu və
dil-üslubu baxımından onunla bağlı motivasiya müxtəlif vaxt çərçivəsində aparılacaq).
2.2.3. (Mətndəki fikrə münasibətini əlavə fakt və məlumatlarla əsaslandırır) alt
standartı.
Burada nəzərdə tutulur:
1) Sinif 4 qrupa bölünür.
2) Mətn ziqzaq üsulu ilə oxunur.
3) Hər qrup mətnin bir hissəsini oxuyur.
11
4) Sonra “ekspertlər” öz doğma qruplarına qayıdır.
5) Mətn beş hissəyə bölündüyü üçün I qrup iki hissə üzərində iş aparır.
6) Hər qrup öz hissəsini məzmuna uyğun başlıqla adlandırır.
7) Qruplar mətndə əks olunan məlumatı vərəqdə qeyd edir.
8) Təqdimatlar hazırlanır və təqdim edilir (Hər qrup təqribən 3 bəndlik fikir bildirir
və mətndaxili suala cavab verir).
9) Şagirdlərin təqdimatları ilə tanış olan müəllim onlara müxtəlif suallarla müraciət
edir və (MMV-də beş müxtəlif, həm də düşündürücü suallar verilib) onların verdiyi
cavabları dinləyir (mövzu 7-ci sinif şagirdinin yaş səviyyəsinə görə ağır və
düşündürücüdür). Bu cəhətdən müəllimin bunu necə planlaşdıracağı və hansı vaxt
çərçivəsində icra edəcəyi qaranlıq qalır. Çünki mətndaxili suallara cavab vermək və
mətnə münasibət bildirmək üçün mətn təkcə oxunmalı deyil, o həm də
mənimsənməlidir. MMV-də qeyd edildiyi kimi: “Mətnin qavranılması üzrə işə,
əlbəttə, çox vaxt ayrılmalıdır” (səh.7). Buna 1 dərs saatı bəs etmir.
2.2.2. (Mətnin tərkib hissələri arasındakı əlaqəni müəyyənləşdirir) alt standartı. Bu
alt standartın icrasında nəzərdə tutulur: “Təqdimat və müzakirələr bitəndən sonra
şagirdlər müəllim tərəfindən təklif olunan başlıqların mətnin hansı hissəsinə uyğun
gəldiyini müəyyən etməlidirlər”.
Müəllim MMV-də verilən hekayəni oxuyur, şagirdlər isə onun mətnin hansı
hissəsinə əlavə edilməli olduğunu müəyyənləşdirməlidirlər. Demək, bu dərslə bağlı
nəzərdə tutulan ziqzaq üsulu özünü doğrultmadı, çünki verilən tapşırığı yerinə yetirmək
üçün şagirdlərin hamısı mətni sonadək oxumalı və ciddi şəkildə mənimsəməlidir.
1.2.4. (Müzakirələrdə deyilmiş müxtəlif fikirlərə münasibət bildirir) alt standartı.
Bu standartın reallaşdırılması zamanı nəzərdə tutulur: “Şagirdlər müzakirə zamanı
aforizmlərdə verilən fikirləri açmalı, bu fikrə münasibət bildirilməlidir və öz
münasibətlərini əsaslandırmalıdırlar”. Bu şifahi nitqlə bağlı olduğu üçün müəllim
onların həm düzgün cümlə qurmalarını, həm tələffüz qaydalarına əməl etmələrini, həm
də məntiqi ardıcıllığı yoxlamalı, arqumentlərin əsaslı olub-olmadığına diqqət
yetirməlidir. Şübhəsiz ki, bu zaman müəllimin tez-tez şagirdlərin nitqinə müdaxiləsi baş
verəcək və bunun özü də müəyyən zaman aparacaq.
3.1.1. ( Verilmiş mövzunu müxtəlif yazı formalarında (ifadə, inşa, esse, hekayə)
ifadə edir) alt standartı. Şagirdlər 5-10 dəqiqə ərzində mövzu (“Bircə saatın qədrini
12
bilməyən adam həyatın da dəyərini bilməz”) əsasında esse yazmalıdır: Essenin nə
vaxt oxunacağı, yaxud yoxlanılacağı və necə qiymətləndiriləcəyi haqda heç bir qeyd
təqdim edilmir.
4.1.2. (Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir) alt standartı.
Burada 6, 7 saylı tapşırıqların (bu çalışmalar motivasiya xarakterli olduğu üçün xüsusi
diqqət tələb edir) həlli nəzərdə tutulur. Bu zaman şagirdlər həm də dəftərlərinə cədvəl
çəkməli və onu növlərinə uyğun qoşmalarla doldurmalıdırlar. Sonra isə 8, 9, 10, 11, 12
saylı tapşırıqları həll etməlidirlər (13 saylı tapşırıq haqqında heç nə deyilmir). Bu
tapşırıqların bir neçəsi irihəcmlidir.
Müəllim rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
Göründüyü kimi, tövsiyələr sanki bir dərs üçün planlaşdırılsa da, görüləcək işlərin,
həyata keçirilməli olan alt standartların çoxluğu baxımından, bunun icrası bir dərs
saatında mümkün görünmür. Buna görə də metodik tövsiyələrin mövzuya aid hər dərs
saatı üçün ayrılıqda verilməsi daha məqsədəuyğundur.
Səhifə 68. II bölmə üzrə kiçik summativ qiymətləndirmə (KSQ), demək olar ki,
yalnız dil qaydaları ilə bağlı alt standartlara aiddir. II bölmədə reallaşdırılan digər
məzmun xətlərinə aid alt standartlar nəzərə alınmayıb.
Səhifə 70, 156. Böyük summativ qiymətləndirməyə 2 saat vaxt ayrılması
məqsədəuyğun deyil. MMV-də də bunun səbəbi barədə heç bir açıqlama və tövsiyə
verilməmişdir.
Səhifə 74. İzahata aid verilmiş nümunədən şagird o qədər də faydalana bilməz,
əməli yazıların tərtib olunması, onsuz da, şagirdlərin çətin nail olduqları
bacarıqlardandır. Hər bir standarta aid məlumat, tapşırıq dərslikdə də əks olunmalıdır.
Səhifə 89. “Yazı” hissəsində “təqdimat zamanı” ifadəsinin yerinə “təqdimatı”
sözü yazılmalıdır.
Səhifə 91. III bölmə üzrə KSQ-də 10-cu tapşırıqda dördündən biri fərqli olan sözü
seçmək tapşırılır. Lakin tapşırığın şərti konkret verilmədiyindən və təqdim olunmuş
sözlərin hər biri müəyyən cəhətinə görə fərqli olduğundan bütün bəndlər düzgün cavab
sayıla bilər. Məsələn, 1-ci sırada təsriflənmə baxımından C bəndi, yəni “qaçır” sözü
düzgün cavabdır, çünki təsriflənən feildir. Həmin sıradakı sözlərə feilin quruluşca növü
baxımından yanaşılsa, B bəndi, yəni “yazılası” feili düzgün cavabdır, çünki düzəltmə
feildir.
13
Səhifə 96-97. Dərslikdəki mətnin hissələrini göstərən nümunədə çox kiçik hərflər
verilib, oxumaq olmur.
Səhifə 106. Müəllimə kömək məqsədi ilə boş hissədə qiymətləndirmə nümunələri
vermək olardı.
Səhifə 113. IV bölmə üzrə KSQ-dəki 9-cu tapşırıqda “ki” bağlayıcısı işlənmiş
cümləni tapmaq tapşırılır. Şagirdin hələ ədat haqqında məlumatı olmadığı üçün belə
tapşırığı məqbul hesab etmək olmaz.
Yenə həmin səhifədə 10-cu tapşırıqda “Biz onun barəsində dostundan başqa
kimsə ilə danışmadıq” cümləsində qoşmaların məna növlərini müəyyənləşdirmək
tapşırılır. Tapşırıq qapalı test formasındadır, cümlədə aidlik, fərqləndirmə və birgəlik
bildirən qoşmalar var. Testdə A, B, C doğru cavab bəndləridir. Tapşırığın forması fərqli
verilməli idi.
Səhifə 134. V bölmə üzrə KSQ-də 4-cü sualda altından xətt çəkilmiş sözlərdən
hansının modal söz olmadığı soruşulur. Altından xətt çəkilmiş sözlərdən biri “əsasən”
modal sözüdür. Lakin dərslikdə bu modal söz nə qrammatik qaydalara dair rubrikalarda,
nə də çalışmalarda öz əksini tapıb. Bu modal sözün müstəqil, təfəkkürə əsaslanaraq
müəyyənləşdirilməsi də şagirdin yaş səviyyəsi baxımından çətindir. Eyni zamanda,
şagirdlərin şifahi və yazılı nitq bacarıqlarının, mədəni nitqinin formalaşmasında bu modal
söz əhəmiyyətli linqvistik vahiddir. Bunları nəzərə alaraq, “əsasən” modal sözünün
dərslikdə modal sözlərə dair “Yadda saxla!” (səh.114) rubrikasında verilməsi
məqsədəuyğun olardı.
Səhifə 169. “Taziyanə” sözünün leksik mənası göstərilərkən, mətndə bunun həm
məcazi, həm də ədəbiyyatşünaslıq termini kimi işlənməsindən danışılır. Lakin mətndə
yalnız termin kimi işlənmişdir. Termin kimi işlənən “taziyanə” sözü isə məcazi mənada
ola bilməz.