baycan respublikas n t q elmi-metodiki monitorinqi -8 ... · sinifləriüçün biologiya...

42
Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil məktəblərində istifadədə olan “Biologiya-8dərslik komplektində verilmiş materiallara dair İLKİN RƏY

Upload: others

Post on 25-Sep-2019

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və

digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi

Azərbaycan Respublikasının

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

Ümumtəhsil məktəblərində istifadədə olan “Biologiya-8”

dərslik komplektində verilmiş materiallara dair

İLKİN RƏY

Müəlliflər: Nüşabə Məmmədova

Brilyant Həsənova

Leyla Fətiyeva

Bakı: Şərq-Qərb, 2015

RƏY

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin 8-ci

sinifləri üçün biologiya fənni üzrə təhsil proqramı

(kurikulumu)

Dərslikdəki materiallarda yeni təhsil proqramına əsasən

(kurikulum) aşağıdakı 4 məzmun xətti üzrə 6 əsas

və 20 alt standartın reallaşdırılması nəzərdə tutulmuşdur.

Məzmun xətləri:

1. Canlıların quruluşu və müxtəlifliyi

2. Bioloji proseslər

3. İnsan və onun sağlamlığı

4. Canlılar və ətraf mühit

Şagird: 1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu

nümayiş etdirir.

1.1.1. İnsanı öyrənən elm sahələrini (anatomiya, fiziologiya, gigiyena, psixologiya)

şərh edir və kiçik təqdimatlar hazırlayır.

1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.

1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah

edir.

1.1.4. Canlıların nəsil ağacını tərtib edir.

1. Canlıların quruluşu və müxtəlifliyi

2. Bioloji proseslərŞagird: 2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.

2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini izah edir.

2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazı

hesablamalar aparır və nəticələrini ümumiləşdirir.

Şagird:

3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1.İnsanın formalaşmasında əməyin rolunu izah edir.

3.1.2. İnstinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirir.

3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.

3.2.1.Sağlamlığın qorunması qaydalarını izah edir.

3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir.

Şagird:

4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və

bacarıqlar nümayiş etdirir.

4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izah edir.

4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.

4.2.1.Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.

4.2.2. Ətraf aləm və onun mühafizəsinə dair təqdimat hazırlayır.

3. İnsan və onun sağlamlığı

4. Canlılar və ətraf mühit

Parametrlər üzrə qiymətləndirmə meyarları:

1. Məzmun baxımından

1.1. Təhsil proqramı (kurikulum) standartlarına uyğunluğu

1.2. Materialların elmiliyi və müasir elmi baxışlara uyğunluğu

1.3. Materialların elmi-metodiki baxımdan mübahisə doğurmaması

1.4. Mövzular üzrə məqsədlərin dəqiqliyi, hər alt-standartın reallaşdıracağı

bacarığın məqsədə çevrilməsinin mümkünlüyü

1.5. Materialların verilişində sadədən-mürəkkəbə prinsipinin gözlənilməsi

1.6. 45 dəqiqə vaxt baxımından mövzunun dərsin məqsədinə nail olmağa

imkan verməsi

1.7. Materialların şagirdin müstəqil təliminə imkan verməsi

1.8. Verilən nəzəri materiallarla müstəqil təlimi inkişaf etdirən fəaliyyət

xətləri arasında mütənasibliyin gözlənilməsi

1.9. Fəndaxili və fənlərarası inteqrasiya

1.10. Materialların seçilməsində didaktik tələblərin (tətbiqyönümlük,

nəticəyönümlük, tərbiyəvilik) nəzərə alınması

1.11. Dərsliyin strukturu ilə məzmun standartları arasındakı uyğunluq

1.12. Pedaqoji və metodiki baxımdan mövzuların xronoloji və metodiki

baxımdan vaxtında verilməsi

1.13. Yeni termin və sözlərin göstəricisinin, lüğətlərin olması

1.14. Materiallarda milli ənənələrə, gender, irq, etnik və sosial inklüziya,

tolerantlıq prinsiplərinin təmin olunması

1.15. Digər xalqların adət-ənənələrinə, mədəniyyətinə və tarixinə hörmətin

gözlənilməsi

1.16. Ətraf mühiti qorumağın və təbii sərvətlərdən səmərəli istifadənin təbliğ

olunması

2.1. Materialların dilinin və üslubunun, mətnlərdəki fikirlərin , onların

ifadə tərzinin şagirdlərin yaş səviyyəsinə uyğunluğu

2.2. Yeni termin və sözlərin onların izahı ilə verilməsi. Bir dərs üçün

nəzərdə tutulmuş materialda yeni termin və sözlərin sayının

həddindən artıq olmaması

2.3. Qrammatik və orfoqrafik qaydalara əməl olunması

2.4. Materialların şagirdlərin dünyagörüşünün formalaşdırılmasına, söz

ehtiyatının və nitq mədəniyyətinin inkişafına təsir səviyyəsi

3.1. Üz qabığının tərtibatı, orada verilmiş illüstrasiyaların dərsliyin

məzmununa uyğunluğu

3.2. Səhifələrin tərtibatının məzmunun asanlıqla mənimsənilməsinə

köməkliyi

3.3. İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna uyğunluğu

3.4. İllüstrasiyalarla mətnin həcm nisbətinin məqsədəuyğunluğu

3.5. İllüstrasiyaların orijinallığı, rəngarəngliyi və onların reallığı əks

etdirməsi

3.6. İllüstrasiyaların ifadəli və dəqiq olması

3.7. Yeni anlayışların izahında illüstrasiyalardan istifadə olunması

3.8. Vahid dizaynın qorunması

4. Tapşırıqların elmi-metodiki uyğunluğu

4.1. Tapşırıqların mövzularla uyğunluğu

4.2. Biliklərin tətbiqini tələb edən, idrakı bacarıqların

formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük verilməsi

4.3. Şagirdin özünü müstəqil qiymətləndirə bilməsi üçün tapşırıqların

verilməsi

4.4. Qapalı, açıq və yarımaçıq tapşırıqların sayının mütənasibliyi

4.5. Tapşırıqlardakı nümunələrin reallığı əks etdirməsi, elmiliyi,

gündəlik həyatdan götürülməsi

4.4. Tapşırıqların şərtinin anlaşıqlı, lokanik, yığcam, konkret olması

4.5. Tapşırıqların çətinlik səviyyəsinə görə sadədən –mürəkkəbə doğru

yerləşdirilməsi

1. Giriş

Müəllim üçün metodik vəsait (MMV)

1.1. Dərslik və MMV-dən istifadə qaydaları, məzmun xəritəsi, tədris

vahidləri, bölmələr üzrə struktur, standartların şərhi, tövsiyə

olunan iş planı

1.2. Təlim texnologiyaları haqqında məlumat

1.3. Mövzular üzrə alt-standartların xəritəsi

2. Planlaşdırma

2.1. Hər bir dərsin təlim məqsədlərinin müəyyən olunması

2.2. Hər bir dərsdə yeni materiala keçərkən əvvəl öyrənilmiş materiallarla

əlaqənin təmin olunması

2.2 İstifadə olunan təlim texnologiyasının idrak taksonomiyasının

mərhələləri ilə əlaqələndirilməsi

2.3. Hər bir mövzu üzrə istifadə olunan fəaliyyət növlərinin koqnitiv,

psixomotor və sosial vərdişlərin inkişafına yönəlməsi

2.4. Dərs zamanı əlavə vəsaitlərdən ( elektron resurslar, xəritələr, sxemlər,

atlaslar və s.) istifadənin nəzərdə tutulması

2.5. İllik və gündəlik planlaşdırma nümunəsi

2.6. Məzmun standartlarının reallaşdırılması cədvəli

2.7. Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

3. Mövzuların tədrisi texnologiyası

4. Qiymətləndirmə

5. Əlavə materialların verilməsi

Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə olan dərslik, dərs

vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi meyarları

Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində

istifadədə olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin

elmi-metodiki monitorinqi 5 parametr üzrə həyata keçirilir:

1) Məzmunun işlənməsi

2) Dil və yazı üslubu

4) Tapşırıqların elmi-metodiki uyğunluğu

3) Dizayn və bədii tərtibat

5)Müəllim üçün metodik vəsaitin

(MMV-nin) məzmunu baxımından

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən

ibarətdir. Burada verilmiş materiallar “Canlıların quruluşu və

müxtəlifliyi”, “Bioloji proseslər”, “İnsan və onun sağlamlığı”,

“Canlılar və ətraf mühit” məzmun xətləri üzrə 6 əsas və 14 alt

standartın reallaşdırılmasına yönəlmişdir.

Dərslik 3 tədris vahidi üzrə (“Biologiya elmi və insan

orqanizmi”, “Nəzarətçi və nizamlayıcı sistemlər”, “Orqanlar

sistemlərimizi qoruyaq”), 8 bölmə (“Sinir sistemi”, “Dayaq-

hərəkət sistemi”, “Qan-damar sistemi”, “Tənəffüs sistemi”,

“Həzm sistemi”, “İfrazat sistemi”, “Cinsiyyət sistemi”, “Duyğu

orqanlarımız”), 49 mövzu və 176 səhifədən ibarətdir. Həmçinin,

burada “Mündəricat”, hər mövzu üzrə “Düşünün”, “Araşdırın”,

“Sual və tapşırıqlar” kimi bölmələr də verilmişdir.

Dərslikdə fənn kurikulumundakı bütün məzmun standartları

əsasən reallaşmışdır. Mövzularda didaktik tələblərə, tədris

vahidlərinin və materialların sadədən mürəkkəbə doğru ardıcıllığına,

fəndaxili və fənlərarası inteqrasiyaya əsasən əməl edilmişdir. Nəzəri

məlumatlarla praktik tapşırıqlar arasında mütənasiblik

gözlənilmişdir. Tapşırıq və çalışmaların verilməsində şagirdlərin yaş

səviyyəsi əsasən nəzərə alınmışdır. Nəzəri məlumatlarla praktik

tapşırıqlar arasında vəhdət və mütənasiblik gözlənilmişdir.

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə

əsasən dərslik komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə

Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış rəydə

göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə

alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və

dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilmişdir. Bunlar

aşağıdakılardır:

Səhifə 7. 2-ci abzasda “Heyvanlarda rast gəlinən 4 növ toxuma qrupu

insan orqanizmində də olur” cümləsinin “Ali heyvanlarda rast gəlinən 4

toxuma qrupu insan orqanizmində də olur” kimi yazılması

məqsədəuyğundur. Çünki süngərlərdə və bağırsaqboşluqlularda 4 toxuma

qrupu olmur.

Yenə həmin səhifədə 2-ci abzasda “Barmaqlar, dişlər, gözlər, ürək,

ağciyərlər, qaraciyər, dalaq, bağırsaqlar, mədə və s. orqanlardır”

cümləsində barmaqların orqan kimi göstərilməsi məqsədəuyğun deyil.

Çünki barmaqlar anatomik cəhətdən bədənin müəyyən hissəsidir.

Yenə həmin səhifədə 2-ci abzasda “Orqanlar xarici və daxili olmaqla

iki yerə ayrılır. Boşluqlarda yerləşən orqanlar daxili orqanlardır” fikri

düzgün deyil. Bu tərifdən elə başa düşülür ki, sümüklər, skelet əzələləri

xarici orqanlardır. Daha sonra dərslikdə daxili orqanlara misal çəkilir, xarici

orqan dedikdə nəyi nəzərdə tutduqları isə aydın olmur.

Yenə həmin səhifədə 4-cü abzasda “İnsan orqanizmində dayaq-

hərəkət aparatı, örtük, həzm, qan-damar, tənəffüs, ifrazat, cinsiyyət,

endokrin və sinir sistemləri mövcuddur” cümləsinin “İnsanın

orqanizmində sümük, əzələ, örtük, həzm, qan-damar, tənəffüs, ifrazat,

cinsiyyət, endokrin və sinir sistemləri mövcuddur” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 12. Sonuncu abzasda “ İnsan tarixi inkişafın ilk mərhələsində

digər canlılar kimi ancaq təkamülün bioloji hərəkətverici qüvvələrinin

təsirinə məruz qalmışdır” cümləsi düzgün deyil. Çünki insanın əcdadları

sürü halında yaşamış və ona görə də onların təkamülündə sosioloji amillərin

də rolu böyük olmuşdur.

Səhifə 16. 1-ci abzasda “Çoxalma, qidalanma və qışlama ilə əlaqədar

olaraq həyata keçirilən miqrasiya nəticəsində bəzi növlərdə güclü nəsil

qayğısına qalma formalaşmışdır” cümləsi düzgün deyil. Çünki

miqrasiyadan asılı olmayaraq bütün quşlar, məməlilər və ictimai cücülər

nəsil qayğısına qalır. Bu cümlədən sonra verilmiş şəkil uyğun deyil. Çünki

dəniz ayğırları və apaqon balıqları miqrasiya etmir.

Səhifə 19. 4-cü abzasda “ İnsan orqanizminin bəzi orqanlarında daim

çox zəif elektrik cərəyanları əmələ gəlir” cümləsi dəqiq deyil. Çünki insan

orqanizminin bütün orqanlarında daim çox zəif elektrik cərəyanları əmələ

gəlir.

Səhifə 25. Sonuncu abzasda “İnsan orqanizmində sadə və mürəkkəb

reflekslər baş verir” cümləsi mürəkkəb reflekslərin tərifindən əvvəl verilməli,

sonra isə mövzuda izahı verilməyən sadə reflekslərin tərifi verilməlidir.

Yenə həmin səhifədə sonuncu abzasda “ İnsan orqanizmində sadə və

mürəkkəb reflekslər baş verir. Qıcıqlandırıcı maddələrin təsirindən

gözdən yaş axması, burun boşluğuna yad cisimlər düşdükdə baş verən

asqırma, ləzzətli qida qoxusundan ağız suyunun ifrazı, iti və isti əşyalara

toxunduqda əlin və ayağın tez kənara çəkilməsi belə reflekslərə aiddir”

fikrindən aydın deyil ki, bunlar sadə, yaxud mürəkkəb reflekslərə aiddir.

Səhifə 26. 1-ci abzasda 1-ci cümlədə verilmiş “belə reflekslərə

aiddir” ifadəsinin “mürəkkəb reflekslərə aiddir” kimi yazılması

məqsədəuyğundur. Daha sonra sadə reflekslərə aid misalların verilməsi

tövsiyə edilir.

Səhifə 28. 1-ci abzasda onurğa beyni haqqında verilmiş “Yuxarıdan

uzunsov beyinlə birləşir, aşağıdan isə onurğanın bel şöbəsinə qədər

uzanan ağ qaytan formasındadır” cümləsindən sonra “Onurğa beyni

bel şöbəsində qurtarsa da, beyin konusu büzdümə qədər uzanır”

cümləsinin əlavə edilməsi tövsiyə edilir.

Səhifə 29. “Baş beynin hissələri və onların funksiyaları”

mövzusunda beyinciyin funksiyalarında “hərəkətlərin düzgünlüyünü”

ifadəsinin “hərəkətlərin dəqiqliyini” kimi yazılması məqsədəuyğundur.

Səhifə 43. 1-ci abzasda verilmiş “Əmək aləti olan əl quruluşuna

görə fərqlidir” cümləsinin “Əmək aləti olan əl quruluşuna görə

heyvanların pəncəsindən fərqlidir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 47. Sonuncu abzasda “Dayaq-hərəkət sisteminin

əhəmiyyəti” əvəzinə “Dayaq-hərəkət aparatının əhəmiyyəti”

yazılmalıdır.

Səhifə 51. “Sınıq” yarımbaşlığına açıq sınıq zamanı hansı yardımın

göstərilməsinin qeyd edilməsi tövsiyə edilir.

Səhifə 60. “Düşünün” bölməsində “Cəmilin əli kəsilmişdi. Yaranı

bağlayan bacısı oradan çıxan qana baxaraq fikirləşdi: “Qanın içində

nə var? Onlar nəyə lazımdır?” əvəzinə “Poliklinikaya analiz üçün qan

verməyə gəlmiş Cəmil buradakı sınaq şüşələrində olan qana baxaraq

fikirləşdi: “Qanın içində nə var? Onlar nəyə lazımdır?” yazılması tövsiyə

edilir.

Səhifə 62. Axırıncı abzasda “Böyük qan dövranında ürəyin sol

mədəciyi yığılır və qanı bütün bədən üzvlərinə göndərir” cümləsinin

dəyişdirilməsi tövsiyə edilir. Çünki şagird belə nəticə çıxara bilər ki,

böyük qan dövranında qan ağciyərlərə də gedir.

Səhifə 66. 4-cü abzasda “Bir qisim insanların qanında bu amil

yoxdur” cümləsinin “Bir qisim insanların qanında bu zülallar yoxdur”

kimi verilməsi məqsədəuyğundur.

Səhifə 80. Sondan 2-ci abzasda “Bir dəqiqədə orta yaşlı adamlarda

təqribən 16 tənəffüs hərəkəti baş verir” cümləsinin “Sakit vəziyyətdə

bir dəqiqədə orta yaşlı adamlarda təqribən 16 tənəffüs hərəkəti baş verir”kimi yazılması məqsədəuyğundur.

Səhifə 115. 3-cü abzasda “Sidik kisəsi qarın boşluğunun aşağı

tərəfində yerləşir” cümləsinin “Sidik kisəsi çanaq boşluğunun aşağı

hissəsində yerləşir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 140. “Eşitmə və müvazinət orqanı – qulaq” mövzusunda

verilmiş sxem yalnız səs dalğasının keçdiyi yolu deyil, bu zaman yaranan

sinir impulsunun da keçdiyi yolu göstərir. Ona görə də sxemin adının

“Səs dalğasının keçdiyi yol əvəzinə” deyil, “Səs dalğasının və onun

yaratdığı sinir impulsunun keçdiyi yol” kimi yazılması tövsiyə edilir.

Səhifə 157. 3-cü abzasda “Bu da dayaq – hərəkət sisteminə təsirsiz

qalmır” cümləsinin “Bu da sümük və əzələ sisteminə təsirsiz qalmır” kimi

yazılması məqsədəuyğundur.

2. Dil və yazı üslubu baxımından

Dərslik komplektində verilmiş materiallar dil və üslub

cəhətdən şagirdin yaş səviyyəsinə uyğundur. Dil qaydalarına

əməl olunmuşdur.Nitqin inkişafında önəmli olan söz

ehtiyatlarından daha səmərəli istifadə edilməsi dil qaydası üçün

əsas şərtdir. Dərslik komplektində bu qayda nəzərə alınmışdır.

Bununla yanaşı, aşağıdakı qüsura rast gəlinir:

Səhifə 145. 5-ci çərçivədə “Reseptorlar” əvəzinə

“Reseptorlarda” yazılmalıdır.

3. Dizayn və bədii tərtibat baxımından

Dərslik komplektində rəsm və illüstrasiyalar orijinal verilmiş, vahid dizayn

üslubu gözlənilmişdir. Üz qabığının tərtibatı dərsliyin məzmununa əsasən

uyğundur. Rəsm və illüstrasiyaların mətnə uyğunluğu, ifadəliliyi əsasən

nəzərə alınmışdır. Bununla yanaşı, müəyyən qüsurlara rast gəlinir. Bunlar

aşağıdakılardır:

Səhifə 7. Aşağıdakı şəkildə “Tənəffüs və ifrazat sistemi” əvəzinə

“Tənəffüs və ifrazat sistemləri” yazılmalıdır. 1-ci şəklin altında “Dayaq-

hərəkət aparatı” əvəzinə “Sümük və əzələ sistemi” yazılmalıdır. Çünki orada

sadalananların hamısı orqanlar sistemləridir. Burada digər orqanlar

sistemlərinin də şəkillərinin verilməsi tövsiyə edilir.

Səhifə 9. Motivasiyada verilmiş şəkildə qorilla daha sadə quruluşlu

heyvanla məsələn, cücülərdən hər hansı biri ilə əvəz edilməlidir. Çünki insan

və qorillanın quruluş səviyyəsi eynidir. İnsan şəkli isə burada artıq

verilmişdir.

Səhifə 25. Səhifənin sonunda verilmiş şəkildə “1” rəqəmi ilə şam

deyil, barmağın ucu, “2” rəqəmi ilə isə barmağın ucu deyil, barmaqdakı

sinirin ucu göstərilməlidir. Burada həmçinin “3 - əlin siniri” ifadəsinin “3

- hissi neyronun dendriti” kimi yazılması tövsiyə edilir. Çünki sinir 1

neyrondan ibarət ola bilməz. “4- hissi neyron” ifadəsinin “4- hissi

neyronun cismi” , “8 – hərəki neyron” ifadəsinin “8- hərəki neyronun

cismi”, “9 – hərəki sinir lifi” ifadəsinin “9- hərəki neyronun aksonu” kimi

yazılması tövsiyə edilir.

Səhifə 27. “Düşünün” bölməsində verilmiş sxem dəqiq deyil. Çünki

somatik və ya vegetativ sinir sisteminin işində həm baş beyin, həm də

onurğa beyni iştirak edə bilər. Ona görə də bu terminlərin əvəzinə sinirlər və

sinir düyünləri yazılmalıdır.

Səhifə 42. “Sümüklərin növləri” adlı şəkil-sxemdə “bud sümüyü”

əvəzinə “bazu sümüyü” yazılmalıdır.

Səhifə 43. “İnsan skeleti” adlı şəkil-sxemdə mil sümüyü said,

qamış sümüyu baldır kimi göstərilmişdir.

Səhifə 46. Gövdə və ətrafların əzələlərinə aid şəkildə 10 rəqəmi ilə ikibaşlı

əzələ göstərildiyi halda, üçbaşlı əzələ yazılmışdır. Digər tərəfdən, bu açıcı

deyil, bükücü əzələdir.

Səhifə 58. Ürəyin şəklində aorta və ağciyər arteriyasının yeri düzgün

göstərilməmişdir. Aorta kimi göstərilən ağciyər arteriyasıdır, aorta isə

onun arxasındakı damardır.

Səhifə 108. “Bəzi ərzaqların verdiyi enerji:” cədvəlində bəzi

meyvələrin verdiyi enerjinin miqdarı dəqiq deyil. Çünki alma, pomidor,

portağal müxtəlif böyüklükdə ola bilər. Onların verdiyi kalori də buna

görə fərqli olacaq.

Səhifə 125. Aybaşı (menstruasiya) tsiklinin sxeminin verilməsi

tövsiyə edilir.

Səhifə 115. “Nefronun quruluşu” şəklinə qıvrım kanalcığın əlavə

olunması tövsiyə edilir.

Səhifə 136. Səhifənin yuxarısında verilmiş şəkildə göz axacağı

düzgün göstərilməlidir.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Tapşırıq və çalışmalarda şagirdlərin yaş səviyyəsinə uyğunluq, forma və

tipinə görə rəngarənglik gözlənilmişdir. Qapalı, açıq və yarımaçıq tipli

tapşırıqların sayında və nəzəri məlumatlarla praktik tapşırıqlar arasında

mütənasiblik nəzərə alınmışdır.

Bununla yanaşı, bəzi qüsurlara rast gəlinir. Bunlar aşağıdakılardır:

Səhifə 14. “Sual və tapşırıqlar” bölməsində 1-ci tapşırığın 4-cü

bəndində “Antropogenezdə sosial amillərin rolunu Darvin sübut

etmişdir” cümləsində “sübut etmişdir” ifadəsinin əvəzinə “qeyd etmişdir”

yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə 1-ci tapşırıqdan cavab variantlarının (A, B, C, D,

E) çıxarılması tövsiyə edilir. Həmin variantların araşdırılması həm çox vaxt

tələb edir, həm də çaşdırıcıdır. Onların əvəzinə uyğunluğu oxlarla göstərmək

daha əlverişlidir. Bu hal bütün dərslik boyu təkrarlanır.

Yenə həmin səhifədə “Sual və tapşırıqlar” bölməsində 3-cü tapşırıqda

“sosial amillər” əvəzinə “bioloji amillər” yazılması məqsədəuyğundur.

.Səhifə 23. “Sual və tapşırıqlar” bölməsində 2-ci tapşırığın 4-cü

bəndində “səpkili” əvəzinə “torşəkilli” yazılması məqsədəuyğundur.

Səhifə 25. “Sual və tapşırıqlar” bölməsində 2-ci tapşırığı şagird

həll edə bilməz. Çünki mövzuda yalnız mürəkkəb reflekslər haqqında

məlumat verilir.

Səhifə 26. “Sual və tapşırıqlar” bölməsində 2-ci tapşırıqda

reflekslərin nə üçün sadə və mürəkkəb olaraq qruplaşdırıldığının səbəbi

soruşulur, lakin mövzunun izahında bu barədə məlumat verilməmişdir.

Səhifə 116. “Sual və tapşırıqlar” bölməsində 4-cü tapşırıqda

krossvordun 1-ci qrafasına heç bir ifrazat orqanının adı uyğun gəlmir.

Səhifə 122. “Sual və tapşırıqlar” bölməsində 4-cü tapşırığın

şərtinə “hamiləlik baş verməsə” qeydinin əlavə edilməsi tövsiyə edilir.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun

işlənməsi baxımından

“Müəllim üçün metodiki vəsait” 176 səhifədən ibarətdir. Burada, “Dərslik

komplekti haqqında”, “VIII sinif biologiya fənni üzrə məzmun

standartları”, “Fənn üzrə məzmun standartlarının reallaşdırılması

cədvəli”, “Biologiya fənninin tədrisində istifadə olunan təlim forma və

üsulları”, “Layihələrin hazırlanması”, “Biologiya fənninin tədrisində

praktik metodlardan istifadə”, “Şagirdlərin qruplara bölünməsi

üsulları”, “İllik planlaşdırmanın aparılmasına dair tövsiyələr”,

“Şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair tövsiyələr”,

“Şagirdlərin öyrənmə tərzi”, “Mövzuların gündəlik planlaşdırılmasına

dair nümunələr”, “Müəllimlərin peşəkarlığının artırılmasına dair

tövsiyələr”, “İstinad olunmuş mənbələr”, “Mündəricat” verilmişdir.

Bundan əlavə, hər bölmə üzrə “Kiçik summativ qiymətləndirmə

vasitələrinə dair nümunələr” verilmişdir.

Səhifə 27. Cədvəldə qiymətləndirmə üçün verilən faizlərdə “[40% - 60%]”

əvəzinə “(40% - 60%]”, “[ 60% - 80% ]” əvəzinə “( 60% - 80% ]” ,

“[ 80% - 100]” əvəzinə “( 80% - 100]” yazılmalıdır.

Səhifə 28. 1-ci abzasda “Lakin bəzən öyrənmə tərzinizə üstünlük

verməniz sinfinizdəki digər yollarla öyrənən şagirdləriniz üçün

məqsədəuyğun olmaya bilər” cümləsinin “Lakin bəzən müəyyən öyrənmə

tərzinə üstünlük verməniz sinfinizdəki digər yollarla öyrənən şagirdləriniz

üçün məqsədəuyğun olmaya bilər” kimi yazılması məqsədəuyğundur.

Səhifə 62. Verilmiş məsələnin həllinə aid tənasübdə “14 milyard”

əvəzinə “140 milyard” yazılmalıdır.

Fənn kurikulumunun tələblərinin reallaşma mexanizmlərinin şərhi verilmiş

və əsaslandırılmışdır. Vəsaitin hər paraqrafı üzrə materiallar xarakterinə

görə əsasən qruplaşdırılmış və qruplaşdırılmış təlim materialları üzrə işin

texnologiyası şərh edilmişdir. Bununla yanaşı, müəyyən qüsurlar da var.

Bunlar aşağıdakılardır:

Səhifə 72. 3-cü abzasda “Üzvi maddələr sümüyə elastiklik, qeyri –

üzvi maddələr isə sərtlik verir” cümləsinin “Üzvi maddələr sümüyə

elastiklik, mineral maddələr isə sərtlik verir” kimi yazılması tövsiyə

edilir. Çünki su da qeyri-üzvi maddə olub, sümüyün tərkibinə daxildir və

sümüyə sərtlik verə bilməz.

Səhifə 80. 1-ci abzasda “İnsanın qan – damar sistemi məməlilərə

oxşardır” cümləsinin “İnsanın qan – damar sistemi məməli heyvanların

qan – damar sisteminə oxşardır” kimi yazılması məqsədəuyğundur.

Səhifə 62 və 63. Hər iki səhifədə verilmiş sinir sisteminin

sxemlərində baş beynin şöbələrinə “beyin körpüsü” də əlavə edilməlidir.

Səhifə 69. “II Tədris vahidi. I bölmə üzrə qiymətləndirmə

vasitələrinə dair nümunələr”də 2-ci tapşırıqda verilmiş şəklin

hissələrinin işarə olunduğu hərflər çətinliklə seçilir. Bu hərflərin irişriftlə və aydın yazılması məqsədəuyğundur.

Səhifə 83. Səhifənin sonunda verilmiş cədvəldə “Qan hüceyrələri”

əvəzinə “Qanın formalı elementləri” yazılmalıdır. Çünki trombosit qan

hüceyrəsi deyil, qan lövhəciyidir. Bundan əlavə, burada “1mm3” əvəzinə

“1 mm3 qanda” yazılmalıdır.

Səhifə 92. “II Tədris vahidi. II və III bölmələr üzrə

qiymətləndirmə vasitələrinə dair nümunələr”də 2-ci tapşırığın 2-ci

bəndində “Onurğa sütununun fəqərələrinin” ifadəsinin “Əksər fəqərə

cisimlərinin” kimi yazılması məqsədəuyğundur. Çünki onurğada hər 3 cür

sümük birləşməsinə rast gəlinir.

Yenə həmin səhifədə 3-cü tapşırıqdakı şəkildə 2 çanaq sümüyü və

oma sümükləri təsvir edilmişdir. Bu şəklin əvəzinə yalnız çanaq

sümüyünün şəklinin verilməsi məqsədəuyğundur. Həmçinin eyni

tapşırıqda kəllənin şəklinin verilməsi düzgün deyil. Çünki kəllədə bir

neçə cür sümük var.

Səhifə 93. “II Tədris vahidi. II və III bölmələr üzrə

qiymətləndirmə vasitələrinə dair nümunələr”də 7-ci tapşırığın

şərtində “Ancaq arterial qan axan damarları seçin” cümləsinin “Ancaq

arterial qan axan strukturları seçin” kimi yazılması məqsədəuyğundur.

Çünki nümunədə qan damarları ilə yanaşı, ürəyin hissələri də sadalanır.

Yenə həmin səhifədə 10-cu tapşırığın şərtində 1 rəqəmi ilə

göstərilmiş xəstəlik (qızılca) cavabların arasında yoxdur.

Səhifə 102. 2-ci abzasda “İnsanın tənəffüs hərəkətləri zamanı

udduğu və xaric etdiyi havada nə qədər oksigen qazı olar?”

cümləsinin “İnsanın sakit vəziyyətdə 1 tənəffüs hərəkəti zamanı udduğu və

ya xaric etdiyi havada olan oksigenin həcmini hesablayın” kimi yazılması

tövsiyə edilir. Çünki burada insanın hansı vəziyyətdə olması

göstərilməmiş, tənəffüs hərəkətlərinin sayı verilməmiş, oksigenin

kütləsinin və ya həcminin soruşulduğu aydın deyil.

Səhifə 122. İfrazat prosesində iştirak edən orqanların sxemində

“öd” əvəzinə “öd kisəsi” yazılması məqsədəuyğundur.

Səhifə 138. “VI və VII bölmə üzrə qiymətləndirmə vasitələrinə

dair nümunələr”də 7-ci tapşırıqda “Bir sm3 spermada maksimum

iyirmi milyon / səksən milyon spermatozoid olur” cümləsində

“səksən milyon” əvəzinə dərslikdə olduğu kimi “altmış milyon”

yazılmalıdır.

Səhifə 151 . “VIII bölmə üzrə qiymətləndirmə vasitələrinə dair

nümunələr”də 3-cü tapşırığın şərtində “Aşağıdakı sxemi nəzərdən

keçirin və işıq şüalarının görmə mərkəzinə qədər keçdiyi yolun

düzgün ardıcıllığını müəyyənləşdirin” cümləsinin “Aşağıdakı sxemi

nəzərdən keçirin, işıq şüasının və onun yaratdığı sinir impulsunun görmə

mərkəzinə qədər keçdiyi yolun düzgün ardıcıllığını müəyyənləşdirin”

kimi verilməsi məqsədəuyğundur. Çünki görmə mərkəzinə gələn işıq

şüaları deyil, işığın təsirindən görmə reseptorlarında yaranan sinir

impulsudur.

Səhifə 152. “VIII bölmə üzrə qiymətləndirmə vasitələrinə dair

nümunələr”də 5-ci tapşırığın şərtində “Səs dalğalarının ötürülmə

ardıcıllığını düzgün sıralayın” cümləsinin “Səs dalğasının və onun

yaratdığı sinir impulsunun keçdiyi yolun ardıcıllığını düzgün sıralayın”

kimi yazılması məqsədəuyğundur. Həmçinin həmin nümunənin 5-ci

bəndində yazılan “Səs dalğaları ilbizin divarındakı reseptorlardan

oyanmanı qəbul edir” cümləsi aydın deyil.